SON DƏQİQƏ! Türkiyənin dəstəyinə ehtiyac duyan ölkəyə "SOYUQ DUŞ"
NATO-nun baş katibi Yens Stoltenberq NATO-nun Brüsseldəki mənzil-qərargahında keçirilən NATO Müdafiə Nazirləri Toplantısından əvvəl jurnalistlərin suallarını cavablandırıb.
Musavat.com xəbər verir ki, Stoltenberqə İsveçin Vilnüs Zirvəsinə qədər NATO-ya üzv olması ehtimalı ilə bağlı sual ünvanlanıb.
"Türkiyə, İsveç və Finlandiya arasında Daimi Müştərək Mexanizm toplantısı dünən Ankarada konstruktiv bir mühitdə keçirilib" - o deyib.
Stoltenberq İsveçin ötənilki Madrid Sammitində razılaşdırılmış Üçtərəfli Memorandum çərçivəsində öhdəliklərini yerinə yetirdiyini bildirib: "Türkiyənin qanuni təhlükəsizlik narahatlıqları var. Heç bir müttəfiqi terrordan Türkiyədən daha çox zərər görməmişdir".
Stoltenberq İsveçin alyansa üzvlüyü ilə bağlı deyib: "İsveçin üzvlüyü Vilnüs Sammitinə qədər mümkündür, lakin mən buna təminat verə bilmərəm. Biz İsveçin ən qısa zamanda alyansa qoşulmasını təmin etmək üçün çalışırıq. Bu münasibətlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla keçirdiyim görüşlərdən məmnunam. Bu həftə Daimi Müştərək Mexanizmin iclası keçiriləcək".
“İfadə azadlığı” adı altında İslami dəyərləri tapdalayan, faktiki olaraq PKK-ya dəstək verən İsveçin NATO xəyalları Türkiyənin vetosuna tuş gəlib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan qayıtdıqdan sonra jurnalistlərə verdiyi müsahibədə İsveçlə bağlı mövqeyini açıq şəkildə ortaya qoyub.
"NATO Sammiti Vilnüsdə keçiriləcək. Ümid edirəm ki, fövqəladə vəziyyət yaranmasa, mən də iştirak edəcəyəm. İsveçin gözləntiləri o demək deyil ki, biz bunu yerinə yetirəcəyik. Bu gözləntilərə əməl etməyimiz üçün ilk növbədə İsveç öz üzərinə düşən vəzifəni yerinə yetirməlidir. Bilirsiniz, bu yaxınlarda NATO-nun baş katibi Yens Stoltenberq İstanbulda Dolmabahçada mənim qonağım oldu. Ona dediklərim belə oldu: Əgər İsveçin gözləntilərinə cavab verməyimizi gözləyirsinizsə, ilk növbədə İsveç bu terror təşkilatının (PKK) etdiklərinə son qoymalıdır. Stoltenberq gözləntiləri bizə ifadə edərkən, təəssüf ki, həmin vaxt İsveçdə terrorçular küçələrdə nümayiş keçirdilər. Sonradan bizim İbrahim bəy (MİT rəhbəri İbrahim Kalın - red) həmin görüntüləri mənə göndərdi. Axı bu nə konstitusiya məsələsi, nə də qanunla bağlı məsələdir. Hüquq-mühafizə orqanları nə edir? Hüquq-mühafizə orqanlarının əməkdaşlarının işi onların qarşısını almaqdır. Artıq qanunlarda, konstitusiyalarda asayiş keşikçilərinə verilən hüquqlar var. Bu hüquqlardan istifadə edin. Siz bu hüquqlardan istifadə etmirsiniz, amma bizə “gəlin İsveçi NATO-ya qəbul edin” deyirsiniz".
Xatırladaq ki, yanvar ayında İsveçdə terror təşkilatı PKK/YPG tərəfdarları paytaxt Stokholmda bələdiyyə binası qarşısında Türkiyə prezidenti Tayyib Ərdoğana bənzədilmiş manekeni ayaqlarından asıblar. Görüntülər Türkiyədə və dünyada böyük reaksiyalara səbəb olub. Bundan sonra isə İsveç polisi Türkiyə səfirliyi qarşısında "Quran"ın yandırılacağı aksiyaya icazə verib və Rasmus Paludan müsəlmanların müqəddəs kitabı olan Qurani-Kərimi yandırıb.
NATO-ya üzv olmaq istəyən İsveç yaranan gərginlikdən sonra terrorizmin bütün forma və təzahürləri ilə mübarizədə Türkiyə ilə tam həmrəylik və əməkdaşlıq edəcəklərinə, terror təşkilatı PKK başda olmaqla, milli təhlükəsizliyinə qarşı bütün təhdidlərə qarşı Türkiyəyə hərtərəfli dəstək verəcəyinə, o cümlədən PYD/YPG və FETÖ-nü dəstəkləməyəcəyinə söz verib.
İyulun 11-12-də Litvanın paytaxtı Vilnüsdə keçiriləcək NATO Sammitində tamhüquqlu üzv kimi masa arxasında oturmağa ümid edən İsveçə hələ də yaşıl işıq yandırmayan Ankara terrorla mübarizəni gücləndirən qanun kontekstində İsveçdən konkret addımlar görmək istəyir. Bu kontekstdə Stokholm administrasiyası yeni terror qanunu imzalayaraq ilə Ankaranı "hə" cavabı verməyə razı salmağı planlaşdır.
Həmin qanun çərçivəsində İsveç PKK tərəfdarının Türkiyəyə ekstradisiyasına razılıq verib. Adı açıqlanmayan 35 yaşlı PKK tərəfdarı 2014-cü ildə narkotik cinayətlərinə görə Türkiyədə 4 il 7 ay həbs cəzası almış, lakin şərti olaraq azadlığa buraxıldıqdan sonra İsveçə getmişdi. O, Türkiyə məhkəmə orqanlarının tələbi ilə cəzasının qalan hissəsini Türkiyədə çəkmək üçün ötən il İsveçdə həbs edilmişdi.
Ötən həftə İsveç Ali Məhkəməsi PKK-ya dəstək verən, narkotik qaçaqmalçılığına görə məhkum olunmuş şəxsin ekstradisiyası barədə qərar qəbul edib. İsveç Ədliyyə Nazirliyinin rəsmisi Əşrəf Əhməd AFP-yə hökumətin 35 yaşlı Türkiyə vətəndaşının ekstradisiyasına dair sərəncam verdiyini təsdiqləyib.