Bia.Az

İki ölkə arasında gərginlik pik həddə çatdı

Dünya
 19-02-2023, 16:12     145

ABŞ müdafiə nazirinin müavini Maykl Çeysin Çinlə suverenlik münaqişəsində olan Tayvana səfər etdiyi iddia edilib.
Musavat.com xəbər verir ki, Financial Times-ın nazirlikdəki adı açıqlanmayan mənbələrə istinadən verdiyi məlumata görə, Çinlə bağlı məsələlər üzrə nazir müavini Çeyz Monqolustandakı təmaslarından sonra fevral 17-də axşam saatlarında adaya gəlib.
ABŞ və Tayvan rəsmiləri səfəri təsdiqləməkdən imtina etsələr də, çoxsaylı beynəlxalq və yerli media Çeysin Tayvanda olduğunu bildirib.
ABŞ Müdafiə Nazirliyinin sözçüsü, polkovnik-leytenant Martin Mayners səfərlə bağlı açıq şərh verməkdən yayınıb: "Birləşmiş Ştatların Çin təhdidinə qarşı Tayvana dəstəyi və müdafiə əlaqələri davam edəcək. Bizim Tayvana olan bağlılığımız möhkəmdir və sülhün qorunmasına töhfə verir. Bu, Tayvan boğazında və regionda sabitliyi təmin edir.”
Tayvanın müdafiə naziri Çiu Kuo-Çenq "Taiwan News" saytına deyib: "Biz hər bir (xarici) nümayəndə heyətinin Tayvanın xeyrinə olan səfərini görürük, bunlar bizim üçün yaxşı imkanlardır".
Nazir Çiu da mümkün səfərlə bağlı təfərrüatlar verməkdən imtina edib.

628.jpg (48 KB)
İddialar doğrudursa, Çeyz 2019-cu ildən bəri adaya ilk dəfə səfər edən nazirliyin yüksək səviyyəli rəsmisi hesab olunur. Yüksək səviyyəli səfərin adanı öz ərazisinin bir hissəsi kimi görən Çinin sərt reaksiyasını səbəb olacağı təxmin edilir.
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Vinbin dünən Pekində keçirilən növbəti mətbuat konfransında bildirib ki, Çin ABŞ ilə Tayvan arasında rəsmi təmasların və hərbi əlaqələrin qurulmasına qəti şəkildə qarşıdır. O, Vaşinqton administrasiyasını “vahid Çin” prinsipini dəstəkləməyə, həmçinin ABŞ-ı Çin və Birləşmiş Ştatlar arasında diplomatik münasibətlərin əsasını təşkil edən Üç Birgə Bəyannamədəki öhdəliklərinə əməl etməyə çağırıb.
Digər tərəfdən, Çin ordusunun səfər iddiasından sonra ada ətrafında hərbi fəallığının artdığı bildirilib. Tayvan Müdafiə Nazirliyi dünən axşamdan bu gün səhərə qədər adanın ətrafında Çinə məxsus 24 hərbi təyyarə və 4 döyüş gəmisinin aşkarlandığını açıqlayıb.
İddia olunan səfərin ABŞ-ın Çinə məxsus hava şarını vurması nəticəsində iki ölkə arasında münasibətlərin gərginlik və etibarsızlıq dövrünə təsadüf etməsi diqqət çəkir.
Qeyd edək ki, ABŞ prezidenti Co Bayden bir neçə gün əvvəl verdiyi açıqlamada problemi həll etmək üçün çinli həmkarı Xi Jinping ilə görüşmək istədiyini bildirib.
Bundan başqa, iddia edilir ki, ABŞ dövlət katibi Entoni Blinken Münhen Təhlükəsizlik Konfransında böhranını həll etmək üçün Çinin yüksək səviyyəli diplomatı, Çin Kommunist Partiyası Mərkəzi Xarici Əlaqələr Komissiyası Ofisinin direktoru Vanq Yi ilə üz-üzə görüşmək istəyib.скачать dle 12.1