Bia.Az

Atasına “olmaz” deyən bələdiyyə sədri Türkiyədə gündəm oldu – O, kiçik qəsəbəni zəlzələdən necə qoruyub?

Dünya
 10-02-2023, 17:44     144

Türkiyədə 17 avqust 1999-cu ildə baş vermiş zəlzələ zamanı qırılma xəttində yerləşməsinə baxmayaraq, bir kərpicinin belə düşmədiyi Tavşancıl rayonu yenidən gündəm olub.
 
Həmin zaman nə baş verib? Tavşancıl niyə güclü zəlzələyə rəğmən zərər görməyib?
 
Sfera.az bununla bağlı maraqlı faktları təqdim edir.
 
1999-cu il avqustun 17-də baş vermiş Mərmərə zəlzələsi İzmit körfəzinə böyük ziyan vurub. Rəsmi rəqəmlərə görə, Şimali Anadolu fay xəttində baş verən zəlzələdə 18 mindən çox vətəndaş həyatını itirib, 365 min iş yeri və yaşayış evi ziyan görüb. Ancaq bütün körfəzə təsir edən zəlzələ Tavşancılda heç bir dağıntıya səbəb olmayıb. Buna səbəb isə dövrün bələdiyyə başçısının zəlzələ riskinə qarşı elm adamlarının tövsiyələrinə uyğun olaraq rayonlaşdırma planını hazırlaması idi.
 
Tarixi məkan..
 
700 illik tarixi olan Tavşancıl 21 dekabr 1987-ci ildə verilən qərarla kənddən qəsəbəyə çevrilib. Bura 2008-ci ilin iyul ayına qədər Gebze mahalına bağlı idi. 2008-ci ilin fevralında isə Tavşancıl Dilovası ilə birləşdirilib. Mərmərə dənizinin sahilində yerləşən qəsəbənin sahəsi 12,14 kvadrat kilometrdir. Tavşancıl bağlı olduğu Dilovası şəhər mərkəzindən 3,3 kilometr məsafədədir. Qəsəbənin Kocaeli şəhər mərkəzinə olan məsafəsi təxminən 27 kilometrdir. Buradakı binalar alçaqdır və bir-birinə çox da yaxın deyil.
 

 
Tavşancılın taleyini kim, necə dəyişdi?
 
1989-cu ildə burada yerli seçkilərdə Salih Gün bələdiyyə başqanı seçilir. O, rayonlaşdırma planını hazırlayarkən elm adamlarına müraciət edib. Onlar bölgədəki zəlzələ riskinə diqqət çəkib. Alimlərin zəlzələ riski ilə bağlı xəbərdarlıqlarını nəzərə alan Salih Gün Bələdiyyə Məclisi üzvlərinin, dostlarının, hətta öz atasının tələb və reaksiyalarına əhəmiyyət verməyib. Məlumata görə, alimlərin təkliflərinə uyğun olaraq rayonlaşdırma planı hazırlandıqdan sonra heç bir güzəştə getməyən Salih Gün hətta bir çox yaxınları ilə də dalaşıb. Sözügedən plan ictimaiyyət arasında mübahisə yaradıb.
 
Atasına belə icazə vermədi…
 
Salih Günün qızı Nida Günmez həmin dövrü belə xatırlayır:
 
“Plan əks-səda doğurmuşdü. Atamın ən yaxın dostları da ondan incimişdilər. Hətta rəhmətlik babam evimizi bir mərtəbə artırmaq istədi, amma atam öz atasına belə icazə vermədi. O, “bura zəlzələ bölgəsidir, ata, qətiyyən olmaz!”, deyə söylədi. Atam həmişə deyirdi ki, insanları itirməkdənsə, səsləri itirməyi üstün tuturam”.
 
Beləliklə, Salih Günün bu addımı 1999-cu il zəlzələsi zamanı yaşadığı qəsəbədə bir mismarın belə yerindən tərpənməməsini təmin edib.
 
Qeyd edək ki, 1946-cı il təvəllüdlü Salih Gün Tavşancılda doğulub. Təhsil aldıqdan sonra o, Çimse-İş Birliyində müdir, Marşal Boya Fabrikində təhlükəsizlik məsələləri üzrə müdir müavini, Tavşancılspor Klubunun prezidenti, Tavşancıl Bələdiyyə Başçısı və Kocaeli millət vəkili vəzifələrində çalışıb. O, 2022-ci ildə koronavirus səbəbi ilə dünyasını dəyişib.скачать dle 12.1