Bia.Az

“Poçt bombaları” ilə bağlı SİRLƏR ortaya çıxdı - Rusiya...

Dünya
 23-01-2023, 13:43     23

Ötən ilin noyabr-dekabr aylarında İspaniyada peyda olan “poçt bombaları”nın təşkilində Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş İdarəsi (keçmiş Baş Kəşfiyyat İdarəsi, QRU) şübhəli bilinir.

Musavat.com xəbər verir ki, bu barədə “The New York Times” qəzeti məlumat yayıb.

Qəzet bu informasiyanı ABŞ rəsmilərindən aldığını bildirir. Onların sözlərinə görə, ispan polisi ABŞ və Britaniya kəşfiyyatının koordinasiyalı fəaliyyəti sayəsində terrorçuların izinə düşə bilib. Əldə edilən məlumata əsasən, bomba paketlərini paylayanlar Sankt-Peterburqda yerləşən, Rusiya hərbi kəşfiyyatına bağlı olduğu sübuta yetirilən ifrat sağçı “Rusiya İmperator Hərəkatı”nın üzvləridir. İspaniya polisi onları yerli radikal sağ hərəkatlarla əlaqələri vasitəsilə müəyyən edib. Cinayətkarların fəaliyyətinə QRU-nun Moskvanın şərqində yerləşən 29155 saylı hərbi hissəsinin zabitləri tərəfindən nəzarət olunub. Bundan əvvəl Avropa ölkələrinin xüsusi xidmət orqanları məhz həmin bölmənin əməkdaşlarının 2014-cü ildə Çexiyada silah-sursat anbarlarını partlatmaqda, 2015-ci ildə Bolqarıstanda silah alverçisi Yemelyan Qebrevə sui-qəsd cəhdində, 2016-cı ildə Monteneqroda dövlət çevrilişinə cəhddə əli olduğunu təsbit edib. Rusiya hakimiyyəti bu hadisələrdə iştirakını inkar edir.
Təhqiqatın gəldiyi rəyə əsasən, “poçt bombaları” yollamaqda əsas məqsəd Ukraynaya hərbi yardım göstərən NATO-ya üzv ölkələrin paytaxtlarında terror aktları ola biləcəyi barədə xəbərdarlıq etmək olub. Təsadüfi deyil ki, bombalardan biri xüsusən də Ukrayna ordusuna verilən qumbaraatanları istehsal edən İspaniyanın “Instalaza” şirkətinin ofisinə göndərilib.
Xatırladaq ki, ötən ilin sonunda naməlum şəxslər İspaniyanın dövlət qurumlarının ünvanlarına və bir sıra strateji, mühafizə olunan obyektlərə içində partlayıcı qurğular olan bağlamalar göndəriblər. “Poçt bombaları” xüsusilə İspaniyanın baş naziri Pedro Sançesin ofisinə, Müdafiə Nazirliyinə, ABŞ və Ukrayna diplomatik nümayəndəliklərinə, Madrid yaxınlığındakı Torrexon de Ardoz aviabazasının peyk mərkəzinə ünvanlanıb. Bombaların əksəriyyəti zərərsizləşdirilib - yalnız Ukrayna səfiri Sergey Poqoreltsevə göndərilən bağlama partlayıb. Açılan zaman Ukrayna səfirliyinin təhlükəsizlik işçisi yaralanıb. Daha sonra Ukraynanın xaricdəki bir neçə diplomatik qurumuna ölmüş heyvanların gözləri olan qanlı bağlamalar daxil olub. Kiyevdən verilən məlumata görə, belə bağlamalar Macarıstan, Niderland, Polşa, Xorvatiya, İtaliya və Çexiyadakı səfirliklərə gəlib.скачать dle 12.1