Bu halda Ərdoğan Nobel mükafatı alacaq
Rusiya-Ukrayna müharibəsinin başlamasından sonra İsveç və Finlandiyanın NATO-ya daxil olması qaçılmaz görünürdü. Amma Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın mövqeyinə görə bu məsələ hələ də reallaşmır. Türkiyə prezidenti skandinaviyalıların NATO-ya üzv olmasına nə vaxt icazə verəcək və ümumiyyətlə bu baş verəcəkmi? İsveç və Finlandiya Avropada hələ Şimali Atlantika Alyansının üzvü olmayan azsaylı ölkələr sırasındadır. Onların Rusiya ilə münasibətləri həmişə təmkinli olub. Lakin ötən ilin fevralın 24-dən sonra skandinaviyalılar Amerika hərbi “çətiri” altında dayanmaq istədilər. Qonşularının bu davranışı Rusiyanın xoşuna gəlmirdi, lakin Vladimir Putin bunda qlobal təhlükə görmədiyini bildirib. Türkiyə isə hələ də fin və isveçlilərin üzvlüklə bağlı istəklərinə razılığını vermir. Ankara sözügedən ölkələrin NATO-ya qoşulmasından əvvəl şərq vilayətlərinin Türkiyədən ayrılmasını istəyən Kürdüstan Fəhlə Partiyasının (PKK) üzvlərinin ekstradisiyasını tələb edir.
Axar.az xəbər verir ki, bu barədə “Vestnik Kavkaza” məlumat yayıb.
“2022-ci ilin iyununda tərəflər, deyəsən, razılığa gəliblər. Həm Finlandiya, həm də İsveç Türkiyənin terror təhlükəsi ilə bağlı narahatlığını ciddiyə almağa söz veriblər, lakin Skandinaviyada PKK və YPG döyüşçülərinin təhvil verilməsi tələbi hələ də soyuqqanlı olaraq qalır. Ərdoğan NATO-ya üzvlük ərizəsinin təsdiqlənməsi müqabilində İsveçdən vəd etdiyi 130 döyüşçünün ekstradisiyasını tələb edib. Türkiyə lideri Stokholmu PKK nümayişlərini qadağan etməməkdə ittiham edib. Orada təkcə aksiyalar keçirilmir, bu aksiyalar həm də təxribat xarakteri daşıyır. Bu aksiyaların birində PKK tərəfdarları Türkiyə liderini simvolizə edən, başıaşağı asılmış müqəvva qaldırıblar (İtaliyada asılmış diktator Mussolini ilə bənzətmə - red). “Tərəfdaşların” bu cür davranışından sonra Türkiyə İsveç parlamenti sədrinin səfərini ləğv etdi və Stokholm isə birmənalı olaraq NATO-dan uzaq düşdü. Amma bu ölkələr NATO-ya üzv ola bilər. Necə? Əgər ABŞ və NATO Ukrayna ilə bağlı mövqeyini yumşaltsa və Zelenskini Putinlə sülh danışıqlarına getməyə inandırsa, Ərdoğan İsveç və Finlandiyanı Alyansa qəbul etməyə icazə verə bilər. Ərdoğan bunu niyə edir? Çünki o, bununla Ukraynada döyüşləri dayandıracaq. Bu o deməkdir ki, o, sülhməramlı prezident kimi nəinki seçkidə qalib gələcək, həm də Nobel Sülh Mükafatını təmin edə biləcək”, - məlumatda deyilir.