Bia.Az

İŞIQSIZ, SUSUZ, İSTİLİKSİZ, İNTERNETSİZ... - Ukrayna silkələnir, amma dözür və dayanır

Dünya
 24-11-2022, 12:30     9

“AzPolitika.info” xəbər verir ki, bunu Ukrayna paytaxtının meri Vitali Kliçko Rusiyanın dünən həyata keçirdiyi növbəti raket hücumundan sonra yaranan vəziyyəti şərh edərkən deyib.

Kliçko bildirib ki, mütəxəssislər elektrik enerjisinin tezliklə bərpa edilməsi üçün əllərindən gələni edirlər. Lakin bunun üçün Ukraynanın ümumi enerji təminatında balansın bərpa edilməsinə ehtiyac var.

Bununla yanaşı, paytaxtın su təminatı da dayanıb. Kliçko deyib ki, yalnız bu gün səhər Kiyevin Dneprin sol sahilindəki hissəsində qismən su verilişini bərpa etmək mümkün olub. Bununla yanaşı, mer bildirib ki, gün ərzində bütövlükdə Kiyevin su təminatını bərpa etməyə çalışacaqlar. Son məlumata görə, Kiyevdə artıq Dneprin sağ sahilində də qismən elektrik və su verilməsi bərpa edilib. İstilik isə hələ ki, ümumiyyətlə yoxdur. Bununla yanaşı, şəhərdə internet, mobil rabitə olduqca zəifdir, bir çox yerlərdə isə ümumiyyətlə yoxdur.
Eyni vəziyyət demək olar, bütün Ukraynaya aiddir. Qışın öz sərt üzünü göstərməyə başladığı indiki dönəmdə Ukraynanın dinc şəhərləri, qocalı, qadınlı, uşaqlı mülki əhalisi soyuqla, su ilə, işıqla sınağa çəkilir və bunu edən “biz ukraynılarla eyni xalqıq” deyən Rusiya və onun rəhbərliyidir...


Məlum olduğu kimi, Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynaya qarşı həyata keçirilən növbəti raket terroru səbəbilə BMT Təhlükəsizlik Şurasının növbəti iclasının çağırılmasını tələb edib. Lakin məlum məsələdir ki, iclas çağırılsa da, Rusiya öz veto hüququndan istifadə edərək, hansısa qərarın qəbulunu bloklayacaq.
Buna baxmayaraq, ümumilikdə Rusiyaya qarşı beynəlxalq təzyiq genişlənməkdə və güclənməkdə davam edir. Əvvəlcə NATO Parlament Assambleyası, noyabrın 23-də isə Avropa Parlamenti Rusiyanı terroru dəstəkləyən dövlət elan etdi. Bu qərar Kremlin və onun silahlı qüvvələrinin terrorçu elan edilməsinə bərabər bir sənəd hesab oluna bilər. Kreml isə öz hərəkətləri ilə Qərbin ona verdiyi “terrorçu” adını doğrultmaq üçün sanki əlindən gələni edir. Son raket zərbələrinin məhz Avropa Parlamentində keçirilən səsvermə zamanı vurulması, bundan öncə isə noyabrın 15-də “G20” Sammiti gedə-gedə Ukraynanın dinc şəhərlərinin bombalanması bunun əyani sübutudur...


Bütün bunlara baxmayaraq, Ukrayna xalqı və dövləti misli görünməmiş dəyanət və dözüm göstərməkdə davam edir. Son raket hücumundan sonra bütün ölkə üzrə “yenilməzlik məntəqələri” yaradılıb. Bu məntəqələrdə generatorların vasitəsilə elektrik enerjisi, istilik təmin edilir ki, burada da vətəndaşlar soyuqdan qorunmaq, eləcə də öz telefon və digər elektron avadanlıqlarını elektrik mənbəyinə qoşmaq imkanı qazanırlar.
Yeri gəlmişkən, sosial şəbəkələrdə yayılan məlumatlara görə, “SOCAR”-ın Ukraynadakı yanacaqdoldurma məntəqələri də bu məsələdə yerli əhaliyə əlindən gələn yardımı göstərir. Belə ki, bu məntəqələrdəki elektrik generatorları vasitəsilə ukraynalıların elektrikə olan fövqəladə tələbatlarının, eləcə də isti yemək, su ilə təminatının həyata keçirilməsi üçün mümkün olan şərait yaradılır.
Ukrayna Prezident Ofisinin müşaviri Aleksey Arestoviç son raket hücumundan sonra bildirib ki, Ukraynanı bu yolla danışıqlara məcbur etmək heç vaxt mümkün olmayacaq: “Bizi bu yolla “sındıraraq” danışıqlara məcbur etmək istəyənlər həmişəki kimi bizim, ukraynalıların psixologiyasını, ruhunu anlaya bilmirlər”.
Eyni mövqe Ukrayna Prezidentindən tutmuş sıravi vətəndaşlara qədər bütün ukraynalılar tərəfindən səsləndirilir. Son rəy sorğuları göstərir ki, ukraynalıların 97 faizi ölkənin enerji strukturuna, dinc əhaliyə qarşı raket terroruna baxmayaraq, Rusiyanın şərtləri çərçivəsində danışıqlara getməyin əleyhinədir və son rus əsgəri Ukraynadan qovulana qədər döyüşməyin tərəfdarıdır.
Lakin reallıqda Ukraynaya böyük zərbələr vurulmaqda davam edir. Hər gün istər döyüş bölgələrində, istərsə də dinc şəhərlərdə yüzlərlə ukraynalı həlak olur, ölkənin bütün infrastrukturu, iqtisadiyyatı, kommunikasiyaları, bütöv yaşayış məntəqələri dağıdılır. Buna baxmayaraq, ölkə, xalq dirəniş göstərir.
Lakin bunun sonu hələ ki, görünmür və belə qənaət yaranır ki, ABŞ və Qərb öz riyakar siyasətinə son qoyana, Ukraynaya işğalçının başını əzmək üçün lazım olan miqdarda silah-sursat, onun hava məkanını qoruyan və raket terroruna cavab olaraq Rusiyadakı anoloji nöqtələri, obyektləri, enerji infrastrukturunu vura biləcək silahlar, raketlər verməyənə qədər bu vəziyyət davam edəcək.../“AzPolitika.info” /скачать dle 12.1