Bia.Az

Azərbaycanda koronavirus da dilə gəldi – AXI NİYƏ?!

Cəmiyyət
 31-08-2022, 14:23     55

Adından olmazın əfsanələr uydurulan və xoxanlaşdırılan virusdan məktub

Şərq əlbəyaxa döyüş növləri ilə məşğul olan bir şəxs Şaolin monastırına gəlir və getdiyi yolda ən yüksək pilləyə nail olmaq üçün oranın şagirdi olmaq istədiyini bildirir. Ona başa salırlar ki, bu monastrda qalmaq üçün müəyyən hazırlıq kursu keçməli, sonda iri bir səbətdən suallar yazılmış bükülülərdən birini götürərək imtahan verməlisən.

Gənc adam Şaolin fəlsəfəsinə yiyələnmək üçün hər şeyə hazır olduğunu bildirir, soruşur ki, bəs bu imtahanda düşən suallara cavab vermək üçün nə qədər vaxt ayrılır. İzah edirlər ki, suala hazırsansa, o dəqiqə cavab verə bilərsən, deyilsənsə, sakit bir hücrədə istədiyin qədər fikirləşə bilərsən. Dağlara çıxan sonuncu tələbənin nə qədər fikirləşdiyini soruşanda, “14 ildir oradadır, biletinə düşən suala cavab tapa bilmir”, - cavabını alır. Kağız bükülüdə bir sual var idi – “Axı niyə?!”

Yaşadığımız dünyanın bütün pozitiv və neqativ hadisələrinə qiymət verərkən, əksər hallarda beynimizdə bir sual açıq qalır – Axı niyə?! Bu sual istənilən sahə ilə bağlı, özümüz istəsək də, istəməsək də, telekanallardan, ağıllı telefonlardan, radiolardan, reklam elanları vasitəsi ilə beynimizə yeridilən informasiya axını zamanı ortaya çıxır. Bəzən cavabını bilə-bilə əsəbimizdən, bəzən isə baş verənləri başa düşə bilməməyimizdən yaranır bu sual.

AYNA-nın oxucularının diqqətini ara-sıra ölkəmizdə və dünyada baş verən bu və ya digər hadisələrdə gözəçarpan qəribəliklərə yönəltmək üçün “Axı niyə?!” rubrikasına davam edirik.

Əslində, bu yay günü oxucuları isti dənizdən, sərin pivə və qarpızdan ayırmamaqda qərarlı idim. Deyirdim ki, beş-on gün qalıb, qoy insanlar dincəlsin və beyinlərini yazdığım problemlərlə yükləməsinlər. Amma poçtuma gələn qəribə bir məktub məni yenidən oxucumun reaksiyasına ümid etməyə, onun marağını çəkən bir məsələyə münasibət bildirməsinə cəhd etməyə vadar etdi. Özü də bu dəfə “Axı niyə” sualını mən yox, O verirdi. Başınızı çox ağrıtmayaraq, məktubu olduğu kimi dərc edirəm.

“Salam, ey Nazirlər Kabineti yanında fəaliyyət göstər(MƏY)ən Operativ Qərargahın üzvləri və iki ildir ki, dünyanı cənginə götürmüş virusla bağlı ölkəmizdə qərar qəbul etmək səlahiyyətində olanlar. Mən sizə bir neçə sual vermək, verilən suallara öz cavab versiyamı sizinlə bölüşmək (düz olub-olmadığını hərə özü üçün müəyyən etsin) və bir məsələdə sizi tam məsuliyyətlə əmin etmək istəyirəm.

Əvvəlcə başlayaq suallardan:

1) Sizi Operativ Qərargaha (OQ) hansı prinsiplə seçiblər?

2) Seçəndə ali məktəbi bitirməyiniz haqqında diplomlarınızla, həmçinin bu diplomu hansısa Bakı metrostansiyasının keçidində almadığınızla maraqlanıblarmı?

3) Heç ömrünüzdə “Məntiq” kitabının üzünü açmısınızmı və açmısınızsa, niyə heç olmasa, giriş hissəsindən bir-iki vərəq oxumamısınız?

Əslində, bu sulların verilməsi və buna hansısa cavabların alınması zərurəti bu gün payızda qapalı yerlərdə, ictimai nəqliyyatda, metroda yenidən maska rejiminin tətbiq edilməsi barədə oxuduğum xəbərlə yarandı. Və bu zondaj-xəbəri oxuyandan sonra nə etmək istədiyinizi, hara eyham vurduğunuzu anladım.

Və mənim cavab versiyalarım:

1) Hesab edirəm ki, sizin əksəriyyətinizi bu Operativ Qəragaha ya tapşırıqla təyin ediblər, ya da özünüz istməsiniz ki, adı gurultulu olan bir yerdə vaxtınızı öldürəsiniz, maaş alasınız. Sonra da cəmiyyət içərisində söz yayılsın ki, onlar neyləsin, onsuz da qərarları özləri vermirlər. Bu versiya sizə xüsusi ilə sərf edir;

2) Sizi OQ-yə təyin edərkən hamınız hansısa yolla əldə etdiyiniz diplomları təqdim etmisiniz yəqin ki, amma heç kim onların kökünü axtarmayıb;

3) “Məntiq” kitabını isə heç televizorda da görməmisiniz, ya da ki, yaxşı oxumusunuz və özünüzə sərf edən şəkildə istifadə edirsiniz. Əks halda bəzi addımlarınızın absurdluğunun heç bir açması yoxdur.

Axı, deyin görüm, məsələn, sizə kim deyib ki, koronavurus ştamları Bakı-Qazax abtobuslarında - hansılarda ki, tam qapalı şəraitdə 40-45 nəfər iki-iki oturur – insandan-insana keçə bilməz, amma hələ də bağlı qalan və bununla da əhalini əməlli-başlı çətinə salan Bakı-Qazax qatarında - hansında ki, əksər vaqonlar kupedir və orada uzağı dörd insan oturur - mütləq yayılacaq?

Mən Bakı-Qazax qatarını misal kimi çəkdim. Eyni sualı bir az dəyişmək olar: Sizə kim deyib ki, koronavirus quru sərhədlərindən avtobus və ya maşınla keçərkən mütləq insanları yoluxduracaq, amma biletlərini AZAL-ın üçqat baha qiymətlə satdığı təyyarələrdə özünü yaxşı aparacaq? Axı niyə belə edirsiz?! Nəyə nail olmaq istəyirsiniz? Koronavirus adı altında hansı məqsdələrə və məbləğlərə çatmaq istəyirisiniz? Bir izahını verin, xalq da bilsin ki, nədir bu siçan-pişik oyununun arxasında dayanan.

Sonda sizə tam məsuliyyətimlə deyirəm, and içirəm: Vallah, Billah, əgər bu, mən tanıdığım virusdursa, onun üçün insandan-insana harada keçəcəyi önəmli deyil – avtobusda, ya qatarda, ya da AZAL-ın təyyarəsində. Onsuz da küləvi immunitet yaranıb artıq və payızda da, başa düşdüyümə görə, yenə əhaliyə kütləvi şəkildə maska sırımağa meyillisiniz. Maskaya-filana görə yox, əsasən elə bu kütləvi immunitetə görə çox zəifləyən, mövsümi qripdən fərqlənməyən koronavirusun adından pul qazanmaq üçün müxtəlif variasiyalar uydurmaqdan əl çəkin. Xətrimə dəyir axı!

Hörmətlə, indi nə qədər zəif də olsa, illərlə sizin yanınızda olmağa məhkum edilən, adından olmazın əfsanələr uydurulan və xoxan düzəldilən Koronavirus Omikronoviç Deltaştamm”.

Hə, əziz oxucu, bu cənab Deltaştamm onu da yazıb ki, qoy payız gəlsin, onda Ümumdünya Səhiyyə Təşkilatının yeni hoqqaları və onun Azərbaycana təsiri barədə yenə də yazacaq. İstəməsə belə, yazacaq. Məcburdur, adından çox sui-istifadə edirlər...

Müəllif: Yoldaş Mircəfər
//AYNA//скачать dle 12.1