Bia.Az

Bu savadsız hakimi hardan tapmısınız, cənab nazir? - ETİRAZ

Cəmiyyət
 31-08-2022, 13:39     53

İnanılmazdır: bu ilin fevral ayında Yasamal Rayon Məhkəməsinə mülki qaydada, indeksasiya üçün verdiyim ərizə tam 6 ay Günel Əkbərli adında hakimin inhisarında qaldı.

2017-ci ildə Yasamal Rayon Məhkəməsində çıxarılan qərarda valideyndən məhrum edildiyi üçün uşaqların bəlli yaşa çatana qədər minimal tələbatının qarşılanması qarşı tərəfin üzərinə qoyulmuşdu və bunun üçün 2017-ci ildə Dövlət Statistika Komitəsinin rəsmi olaraq uşaqlar üçün minimal yaşayış məbləği – 136 manat tətbiq edilmişdi. Həmin qərarın şərh hissəsində də illik indeksasiya haqda bilgi verilirdi.

Bu simvolik məbləği 4 il ərzində indeksasiya etməsi üçün yalnız icra məmurlarına tələb irəli sürdük və bildirildi ki, mütləq məhkəmə özü indeksasiya etməlidir.

Beləliklə, 5 ilə yaxın zamandan sonra indeksasiya üçün müraciət etmək qərarına gəldik və Yasamal Rayon Məhkəməsinə ərizə verdik.

Hakim Günel Əkbərli elə ilk iclasdaca adi, sıradan bir qərarı təsdiqləmək əvəzinə cavabdehlərin borcunun olub-olmamasını yoxlamaq qərarına gəldi.

Hüquqşünas olmadığım halda qanunun məntiqi ilə Günel Əkbərlini başa salmağa çalışdım ki, indeksasiyanın cavabdehlərin indiyə qədərki öhdəliklərini icra edib-etməməsinə heç bir aidiyyəti yoxdur. İndeksasiya – ödəniləcək məbləğə aiddir və bu qərar bundan öncəki 3 ilə şamil olunarsa, onda icra məmurları fərqi özləri hesablayacaqlar. Yəni ödənilən məbləğ yeni təyin edilən məbləğdən çıxılacaq.

Lakin bu adi həqiqəti dərk etmək əvəzinə G.Əkbərli 7 iclasdan (!) sonra qərar verdi ki, indeksasiya tələbi rədd edilməlidir. Qərarını isə cavabdehlərin öhdəliklərini icra etməsi ilə əlaqələndirdi.

Doğrusu, onun 3 aydan sonra belə bir qərarına “sevindim”: ən azı canım bu qərəzli, savadsız və işin mahiyyətini bilməyən, qanunlardan baş çıxartmayan bir hakimdən qurtulmuşdu.

Apellyasiya şikayəti verdim və göstərdim ki, əvvəla, cavabdehlər öhdəliklərini heç də tam yerinə yetirməyiblər – cavabdehlərdən biri ümumiyyətlə indiyə qədər bir qəpik də ödəməyib, digər 3 nəfərin isə hələ də borcu qalır. İkincisi isə indeksasiyanın cavabdehlərin indiyə qədərki öhdəliklərini icra edib-etməməsinə heç bir aidiyyəti yoxdur!

Apellyasiya şikayətini verəndən sonra Günel Əkbərli özü öz qərarını ləğv edərək, işi yenidən icraata aldı və “araşdırmaya” başladı: yenidən qarşı tərəfin öhdəliklərinə əməl edib-etməməsini aydınlaşdırmağa girişdi.

Dəhşətli mənzərədir: əgər qarşı tərəf öhdəliklərini icra etməmişdisə, hansı əsasla birinci qərar çıxarılırdı? İlk qərarda hakim nəyə əsaslanmışdı və niyə bu qərarı çıxarmalı idi?

İkincisi, niyə öhdəliklərin icrası yenidən gündəmə gətirilir? Axı nə iddia ərizəsində, nə də iclasda biz bu barədə tələb qaldırmışdıq. Tələb – ödənilən məbləğin 2022-ci il statistikasına indekləşdirilməsidir.

Yəni: 2017-ci ildə bir uşağın minimal yaşayışı üçün tələb olunan rəsmi məbləğ 136 manat idi, hazırda isə 193 manatdır. 2017-ci ildə məhkəmə bu barədə qərar verərkən, valideyndən məhrum edilmiş uşağın minimal xərclərinin qarşılanmasını cavabdehlər arasında bölüşdürmüşdü. İndi isə minimal yaşayş məbləği dəyişibsə, eyni məntiqlə cavabdehlərin öhdəliyi də indeksləşdirilməlidir.

Öz qərarını ləğv edən Günel Əkbərlinin növbəti dəfə prosesə başladığı gün bir daha anladım ki, bu “hakim” qərəzlidir, cavabdehlərə vəkillik etməklə məşğuldur və nəyin bahasına olursa-olsun, iddianı təmin etməmək üçün əlləşir.

Elə də oldu: Günel Əkbərli 19 avqustdakı prosesdə məhkəmə icraçılarından cavabdehlərin borcunu ödəməsi və ona sənəd təqdim edilməsi tələbini qoydu. “Hakim” ilk çıxardığı qərara “haqq” qazandırmaq üçün belə bir yol seçmişdi.

Hakimdən imtina etdim, Yasamal Rayon Məhkəməsinin sədrinin adına da ərizə ilə müraciət etdim. Bu qədər ədalətsiz, haqqı-hüququ çeynəyən, qərəzli olduğu qədər də savadsız və qanunla yaxından-uzaqdan heç bir əlaqəsi olmayan qərarı ikinci dəfə verməyə cəhd göstərən bir hakimi təsəvvür etmək sadəcə mümkün deyil.

Sədr ərizməni təmin etmədi və Günel Əkbərli növbəti prosesdə təbii ki, arzuladığı, əvvəlcədən qarşısına məqsəd kimi qoyduğu qərarı çıxartdı: cavabdehlərin ikisinə 20 və 22 avqustda borclarını ödətdirdi, digərinin də ödəyəcəyi vədini aldı, 4-cünü “tapmağa” nail olmadığından – onu illərdir icraçılar da tapa bilmir – yalnız onu “istisna” etdi.

Dəhşətli mənzərədir: 6 ay müddətində bir indeksləşməni aparmağı bacarmayan və yaxud hansısa səbəbdən qarşı tərəfin vəkilliyi yolunu tutan Günel Əkbərli adında şəxs necə hakim ola bilib? Bir adam ki, indeksləşmənin nə olduğunu anlamır və yaxud hansısa səbəbdən bu qədər qərəzli qərarı “əsaslandırmaq” üçün savadsızcasına arqument gətirir, o, hakimlik imtahanlarından necə keçib?

Günel Əkbərli kimi hakim cəmiyyət üçün ciddi təhlükədir: bu insan məhkəmə sisteminə inamı yalnız sarsıtmır, həm də bu sistemin özünü dağıdır.

Bu, hələ adi bir indeksləşmədir: bəs, daha ciddi, doğrudan da araşdırma tələb edən proseslərdə güneləkbərlilər insanlara nələr yaşadırlar?

Biz araşdıracağıq – bu qədər qeyri-adekvat, savadsız bir şəxsin hakim adını necə qazanmasına mütləq aydınlıq gətirəcəyik.

Hörmətli nazir, çox arzulayardım ki, siz də bu sualın cavabını özünüz üçün müəyyən edəsiniz: 6 ay müddətində indekləşmədən əsassız yerə imtina etmək üçün gülünc səbəblər axtaran hakim cəmiyyətə hansı zərbələri vurur?
//axar.az//скачать dle 12.1