Bia.Az

“Qardaşının toyunda həm də Surxayı xatırlamaq üçün toplaşmışdıq...”

Cəmiyyət
 20-06-2022, 16:33     417

“Dayım oğlu Əfqan yaşca şəhid qardaşı Surxaydan kiçikdir. Onlar ailədə iki qardaşdırlar. Dünən Əfqanın toy məclisi idi, Allah xoşbəxt eləsin. Hamımız sevincli idik. Məclisdə iştirak edənlərin hər biri orda Surxayı da yad etdilər. Təbii ki, Surxay həmişə bizim ürəyimizdədir. Mən də özüm və ailəm adından Əfqana xoşbəxtlik arzulayıram. Əfqan həqiqətən də vətəninə, torpağına layiq bir övladdır”.
 
Bunu Moderator.az-a açıqlamasında Əməkdar artist Elnur Əhmədov deyib. Kamança ifaçısı şəhid dayısı oğlu Surxay Noçuyevin həyat yolundan da danışıb: 

 
“Bir neçə gün öncə Surxayın oğlu Uğurun da 6 yaşı tamam oldu. Dünən toy məclisində isə Uğurun da ad gününü təntənəli şəkildə qeyd etdik. Surxayın hərbçi dostu, polkovnik-leytenant Niyaməddin Quliyev isə komandanlıq adından Uğura Dəmir yumruq hədiyyə etdi və ürək sözlərini dedi. Deyərdim ki, həm toy idi, həm də Surxayı xatırlamaq üçün toplaşmışdıq. Surxay elə bir oğul idi ki, o nəinki bizim, xalqımızın ürəyindədir. Surxay hərbçi yoldaşlarının dilindən düşmür, o, Şuşa fatehidir, Şuşanı azad edən qəhrəman igidlərimizdən biridir. Allah ruhunu şad eləsin, Əfqan qardaşımızı xoşbəxt eləsin. 
 

 
Surxayın bir qızı Fidan isə Vətən müharibəsi başlayan gün, 27 sentyabr 2020-ci ildə dünyaya gəlib. Surxay qız balasının üzünü görməsə də, telefonla danışarkən qızının adını Fidan qoymuşdu”. 
 

 
Qeyd edək ki, kapitan Surxay Noçuyev “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb. O, 1988-ci il dekabrın 19-də Zəngilan rayonunun Məmmədbəyli kəndində anadan olub. Surxay 9 noyabr, 2020-ci ildə Şuşada gedən əməliyyatlar zamanı qəhrəmancasına şəhid olub. 
 
Ölümündən sonra “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medallarıyla təltif edilib. 
 
Allah cəmi şəhidlərimizə rəhmət eləsin!

Vasif Əlihüseynскачать dle 12.1