Bia.Az

Fəalın cəzası yarıda bitdi

Cəmiyyət
 16-12-2021, 12:58     273

İctimai-siyasi fəalların dekabrın 1-i Bakının Fəvvarələr meydanında məhbus Saleh Rüstəmova azadlıq tələbi ilə keçirdiyi aksiyaya görə tutulmuş tələbə Rüstəm İsmayılbəyli azadlığa çıxıb. Dekabrın 2-də Səbail Rayon Məhkəməsi fəala 30 sutkalıq inzibati həbs cəzası kəsmişdi. Bakı Apellyasiya Məhkəməsinin 15 dekabr qərarı ilə cəza 15 sutkaya endirilib.

2 dekabr qərarı İnzibati Xətalar Məcəlləsinin epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması maddəsinin tələblərinə əsaslanmışdı. 30 sutka həbs həmin maddədə maksimal cəzadır.

Vəkil Zibeydə Sadıqova dekabrın 3-də “Turan”a demişdi ki, Rüstəm İsmayılbəylini karantin rejiminin pozulmasında təqsirləndirən inzibati iş uydurmadır: “Rüstəm İsmayılbəyli Fəvvarələr meydanında Saleh Rüstəmovla bağlı aksiya başa çatdıqdan sonra tutulub. Polisin raportunda göstərilib ki, Rüstəm İsmayılbəyli saat 15:10-da saxlanıb. Ancaq Rüstəm İsmayılbəyli təhsil aldığı Bakı Dövlət Universitetindən 15:40-da çıxıb, şahidlər bunu təsdiqləyir, aksiya yerinə saat 17-də gəlib. Jurnalistlərdə fəal tutularkən çəkilmiş, real vaxtın göstərildiyi video da var.
Polis Rüstəm İsmayılbəylinin sosial məsafəni pozduğunu iddia edir. Lakin videoda görünür ki, onu 4-5 polis əməkdaşı tutub aparır. Sosial məsafə pozucusunu o şəkildə saxlamırlar. Əgər sosial məsafə pozulubsa, niyə məsafə pozuntusunun digər iştirakçıları da saxlanmayıb?”
Vəkil fəala maksimum cəzanın verilməsini belə şərh etmişdi: “Rüstəm İsmayılbəyli universitet təhsilinin son ayındadır. Fəalın yaxınları bunun Rüstəmin ali məktəbi bitirməsinə imkan verməmək üçün qəsdən edildiyini düşünür. 30 sutka həbs o deməkdir ki, Rüstəm imtahanları verə, diplom ala bilmir və hərbi xidməti ali təhsilli şəxs kimi bir il deyil, il yarım çəkməli olur. Onu ictimai fəaliyyətdən mümkün qədər daha çox təcrid etmək istəyirlər”.скачать dle 12.1