Saleh Rüstəmov müraciəti: müddət tamamdır
Aclıq aksiyası keçirən məhbus Saleh Rüstəmovun vəkilləri Bəhruz Bayramov və Aqil Layıc dekabrın 6-da Bakının Nizami Rayon Məhkəməsinə müraciət təqdim ediblər. Müraciətdə Saleh Rüstəmovun müxtəlif xəstəliklərdən əziyyət çəkdiyi, aclıq aksiyası nəticəsində orqanizminin çox zəiflədiyi vurğulanır, səhhətinin nəzərə alınaraq həbsdən azad olunması istənir. Bu iş hakim Nəriman Mehdiyevin icraatına verilib.
Novator.az-ın məlumatına görə, Aqil Layıc yazır ki, Saleh Rüstəmovla bağlı ərizənin baxılma müddəti 10 gündür: “Ərizə 6 dekabr 2021-ci ildə təqdim olunub. Prosessual qanunvericiliyə əsasən, 16 dekabr 2021-ci ildə mütləq bu ərizəyə baxılmalıdır”.
1992-1993-cü illərdə – Azərbaycan Xalq Cəbhəsinin hakimiyyəti vaxtı Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı postunu tutmuş Saleh Rüstəmov noyabrın 6-dan aclıq aksiyasına başlayıb. O, həbsdən buraxılması tələbi qoyub. Noyabrın 8-də məhbus Bakıdakı 13 saylı Cəzaçəkmə Müəssisəsindən Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülüb. Dekabrın 13-də Saleh Rüstəmov su qəbulundan imtina edərək quru aclığa keçib.
Həmin gün Saleh Rüstəmovun yaxınları və bir qrup ictimai-siyasi fəal da aclıq aksiyasına başlayıb.
Saleh Rüstəmov Birinci Qarabağ müharibəsinin veteranıdır. 1992-ci ildə Gədəbəyin Başkənd kəndinin erməni işğalından azad edilməsi əməliyyatının rəhbərlərindən olub.
1997-ci ildən Rusiyada yaşayan Saleh Rüstəmov ticarət sahəsində fəaliyyət göstərib. 2018-ci il mayın 8-i Azərbaycanda tutulub, bir qrup şəxslə birgə qanunsuz sahibkarlıqda, pul vəsaitlərini qanunsuz leqallaşdırmaqda təqsirləndirilib. İttihama görə, Saleh Rüstəmov AXCP-ni qanunsuz maliyyələşdirib, tutulan digər şəxslər bu işdə ona yardımçı olublar.
2019-cu il fevralın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsi Saleh Rüstəmova 7 il 3 ay azadlıqdan məhrumetmə cəzası kəsib, ona və qohumlarına məxsus daşınmaz əmlakların müsadirə olunmasını hökm edib.
AXCP üzvü Aqil Məhərrəmov 4 il, Babək Həsənov 3 il azadlıqdan məhrumetmə cəzaları, Saleh Rüstəmovun qardaşı oğlu Vidadi Rüstəmli ilə Ruslan Nəsirov (o vaxt AXCP üzvü olub) 6 il 8 aylıq şərti cəzalar alıb.
2019-cu il sentyabrın 25-də Ali Məhkəmə həmçinin qanunsuz narkotik vasitə saxlamada ittiham olunan Saleh Rüstəmovun cəzasını 2 ay azaldıb.
2021-ci il martın 18-də Babək Həsənov prezident sərəncamı ilə əfv edilib.