Bia.Az

İctimai xadimlər Saleh Rüstəmova azadlıq istəyir

Cəmiyyət
 22-11-2021, 11:18     252

Bir qrup ictimai xadim hakimiyyəti Birinci Qarabağ müharibəsinin veteranı Saleh Rüstəmovu həbsdən buraxmağa, siyasi məhbuslar problemini həll etməyə və məhkəmə islahatı aparmağa çağırır.

“Turan”ın məlumatına görə, Nəsimi Məmmədli, Xalid Ağalıyev, Akif Qurbanlı, Azər Mehtiyev, Rövşən Ağayev, Mehman Əliyev, Ələsgər Məmmədli, Kamran Mahmudov, Seymur Kazımov, Ruslan İzzətli, Bəxtiyar Hacıyev, Bəşir Süleymanlı, Aslan İsmayilov və Xəqani Cəfərlinin imzaladığı müraciətdə deyilir: “Biz 2018-ci il mayın 8-də tutulan, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə azadlıqdan məhrum edilən Gədəbəy Rayon İcra Hakimiyyətinin keçmiş başçısı, Birinci Qarabağ müharibəsinin veteranı Saleh Rüstəmovun aclıq aksiyası keçirməsindən, onun səhhətindən narahatıq. Vəkillərinin və yaxınlarının bildirdiyinə görə, Saleh Rüstəmovun aclıq aksiyası keçirməsi onun səhhətində ağır fəsadlar yaradıb, məhbusun həyatına real təhlükə yaranıb”.
Azərbaycanın müstəqillik tarixində çoxlu amnistiya aktı və əfv sənədinin rəsmiləşdiyi vurğulanan müraciətdə qeyd olunur ki, bunlar məhkumların bir çoxu barəsində ədalətsiz məhkəmə qərarlarının nəticəsini aradan qaldırsa da, ədalətin qələbəsi anlamına gəlmir: “Əfv və amnistiya aktlarının tətbiq edildiyi işlərin əksəriyyətinin analizi göstərir ki, məhkəmə-hüquq sistemi ciddi problemlidir, belə işlərin çoxu həmin problemlərin məhsuludur. Bu sistemin problemlərinin nəticəsidir ki, hələ də ölkədə siyasi məzmunlu həbslər baş verir, vicdan məhbusları problemi qalmaqda davam edir. Ədalətsiz məhkəmə qərarları ilə çoxsaylı təqsirsiz insanların, eləcə də Saleh Rüstəmovun həbsdə saxlanması, onun aclıq aksiyası keçirməsi, sağlamlığına ciddi təhlükənin yaranması, habelə yeni təqib olaylarının baş verməsi bizləri ciddi narahat edir. Hesab edirik ki, bütün siyasi məhbusların və vicdan məhbuslarının, xüsusilə də Saleh Rüstəmovun tezliklə azad edilməsi, siyasi məhbus problemini doğuran səbəblərin ortadan qaldırılması, vətəndaş cəmiyyəti qurumlarına əlverişli qanuni mühitin yaradılması, ifadə azadlığının təmin edilməsi, məhkəmə-hüquq sahəsində islahatlara başlanması ölkəmizin firavan, mütərəqqi gələcəyi naminə ən başlıca addımlardan olardı”.
Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı postunu 1992-1993-cü illərdə – Azərbaycan Xalq Cəbhəsinin hakimiyyəti vaxtı tutmuş Saleh Rüstəmov noyabrın 6-dan aclıq aksiyası keçirir, noyabrın 8-də Bakıdakı 13 saylı Cəzaçəkmə Müəssisəsindən Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülüb.
Saleh Rüstəmov həbsdə qanunsuz saxlandığını bildirir, azadlığa buraxılmasını istəyir.
1997-ci ildə Rusiyada yaşayan Saleh Rüstəmov ticarət sahəsində fəaliyyət göstərib. 2018-ci il mayın 8-i Azərbaycanda tutulub, bir qrup şəxslə birgə qanunsuz sahibkarlıqda, pul vəsaitlərini qanunsuz leqallaşdırmaqda təqsirləndirilib. İttihama görə, Saleh Rüstəmov AXCP-ni qanunsuz maliyyələşdirib, tutulan digər şəxslər bu işdə ona yardımçı olublar.
2019-cu il fevralın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsi Saleh Rüstəmova 7 il 3 ay azadlıqdan məhrumetmə cəzası kəsib, ona və qohumlarına məxsus daşınmaz əmlakların müsadirə olunmasını hökm edib.
AXCP üzvü Aqil Məhərrəmov 4 il, Babək Həsənov 3 il azadlıqdan məhrumetmə cəzaları, Saleh Rüstəmovun qardaşı oğlu Vidadi Rüstəmli ilə Ruslan Nəsirov (o vaxt AXCP üzvü olub) 6 il 8 aylıq şərti cəzalar alıb.
2019-cu il sentyabrın 25-də Ali Məhkəmə həmçinin qanunsuz narkotik vasitə saxlamada ittiham olunan Saleh Rüstəmovun cəzasını 2 ay azaldıb.
2021-ci il martın 18-də Babək Həsənov prezident sərəncamı ilə əfv edilib.
Saleh Rüstəmov 1992-ci ildə Gədəbəyin Başkənd kəndinin erməni işğalından azad edilməsi əməliyyatının rəhbərlərindən olubскачать dle 12.1