Bia.Az

Avropa Məhkəməsi Eldar Həsənovla bağlı daha bir qərar qəbul edib

Cəmiyyət
 22-11-2021, 11:15     253

Noyabrın 19-da Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycanda həbsdə olan dövlət xadimi Eldar Həsənovla bağlı qərar qəbul edib.

Novator.az saytı vəkil Cavad Cavadova istinadla bildirir ki, qərar məhkəmə proseduru qaydalarının 39-cu qaydası (müvəqqəti xarakterli tədbirlər) əsasında verilib.

Qərarda Avropa Məhkəməsi Azərbaycan hökumətindən Eldar Həsənova adekvat, yüksək ixtisaslı, o cümlədən stasionar qaydada tibbi yardım göstərilməsi üçün bütün zəruri tədbirlərin həyata keçirilməsini, Eldar Həsənov həbsdə qaldığı təqdirdə ona göstərilən tibbi yardım və onun sağlamlıq durumu haqda mütəmadi olaraq Avropa Məhkəməsinin məlumatlandırılmasını tələb edib.
Eldar Həsənov 2020-ci il avqustun 13-də Bakıda tutulub. Həbs olunduğu gündən Dövlət Təhlükəsizliyi Xidmətinin istintaq təcridxanasında saxlanır.
Bir çox xəstəlikdən əziyyət çəkən Eldar Həsənovun səhhəti həbsdə daha ciddi formada ağırlaşıb, həyatı təhlükə altına düşüb. Lakin vəkillərinin Eldar Həsənovun həbsdən buraxılması, müalicə olunması barədə vəsatət və müraciətləri təmin olunmayıb.
2021-ci il mayın 7-də və iyunun 23-də Avropa İnsan Hüquqları Məhkəməsi Eldar Həsənovun təcili olaraq Dövlət Təhlükəsizliyi Xidmətinin Bakıdakı Hərbi Hospitalına yerləşdirilməsi, zəruri müayinələrdən keçirilməsi, müalicə olunması, onunla bağlı tibbi əməliyyatlar aparılmasına şərait yaradılması barədə iki qərar çıxarıb.
Yalnız ikinci qərardan sonra – iyulun 2-də Eldar Həsənov Dövlət Təhlükəsizliyi Xidmətinin istintaq təcridxanasından qurumun Hərbi Hospitalına köçürülüb, bir neçə gün sonra orada bağırsağından əməliyyat olunub, sonra təcridxanaya qaytarılıb.
Lakin bir qədər sonra Eldar Həsənovun səhhəti yenidən pisləşib və o, avqustun 2-dən 17-dək yenə Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Hospitalında müalicə almalı olub.
Səhhəti ağır olaraq qalan Eldar Həsənov oktyabrın 15-də yenidən Hərbi Hospitala aparılıb, oktyabrın 17-də isə təkrarən istintaq təcridxanasına qaytarılıb.
2021-ci il sentyabrın 3-dən Eldar Həsənov Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunur. O, Baş Prokurorluğun Cinayət Məcəlləsinin 5 maddəsi ilə irəli sürdüyü ittihamların hamısını rədd edir.
Noyabrın 19-da Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmə prosesində Eldar Həsənov deyib ki, o, təqsirsizliyini faktlarla, sübutlarla ortaya qoya bilib. Məhkəmədən ədalətli qərar gözləməsə də, Eldar Həsənov gec-tez bəraət alacağına əminliyini ifadə edib.
Həmin məhkəmə iclasında Eldar Həsənov səhhətinin ağır olduğunu da vurğulayıb: “İlk gündən həkim nəzarəti, ağır dozalı dərmanların, ağrıkəsicilərin qəbulu, gün ərzində bir neçə dəfə təcili tibbi yardım həkiminin müdaxiləsi ilə keçirilən məhkəmə iclasları məni müşayiət edən Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşlarının, məhkəmədəki hər kəsin gözü qarşısında baş verir.
Səhhətimdən danışmaq mənim üçün ağır məsələdir. Bu, acizlik, kimdənsə imdad diləmək deyil. Əsla yox. Mən öz konstitusion haqqımı tələb edirəm. Konstitusiya komissiyasının üzvü, müstəqil Azərbaycanın Konstitusiyasının ilk müəlliflərindən biri kimi konstitusion haqqımı – yaşamaq hüququmu, tibbi yardım almaq haqqımı tələb edirəm.
Son üç gündə mənim sağ tərəfim 65-70 nisbəti ilə işləməyən vəziyyətə gəlib çıxıb. Məhkəməyə bununla bağlı tibbi sənədlər təqdim olunur, surətləri məndə də var. Son iki ayda nəbzim heç vaxt olmadığı həddədir – 110-125 arasında. Bu yaşda, xroniki ürək xəstəliyi olan bir adam üçün bunun nə demək olduğunu özünüz də bilirsiniz.
Ağır şəkər dərmanları qəbul edirəm. Şəkərimi indi ölçdülər, dərman qəbulundan sonra 7,5-10,5 arasındadır.
Mən istintaq təcridxanasına 18 dərmanla gəlmişəm, bu gün 31 dərman içirəm. Səhhətimin olduqca ağırlaşmasına baxmayaraq bir məmur mənə ixtisaslaşmış tibbi yardım göstərilməsinə, müayinə olunmağıma, müalicə aparılmasına qəti qadağa qoyub. Bir dəfə demişəm, “yiyəsinə görə dəyməzlər” prinsipinə əsaslanıb ad çəkmək istəmirəm. 21-ci əsrin 21-ci ilində belə qeyri-humanist, qeyri-insani davranışın, mənəvi-psixoloji işgəncənin, mənə qarşı amansız, qəddar münasibətin nəyə hesablandığını izah etməyə ehtiyac qalmır.
Haqq səsimi, sözümü, mənə qarşı ədalətsizlikləri müzəffər ali baş komandan İlham Əliyevə çatdıran, məruzə edən yoxdur. Olsaydı, 27 il yaxından tanıdığım cənab İlham Əliyev belə haqsızlıqlara, qanunsuzluqlara, mənəvi-psixoloji işgəncələrə, ayrı-seçkiliklərə imkan və icazə verməzdi.
Müstəqil Azərbaycan dövlətinin, Birinci Qarabağ müharibəsinin, bugünkü hakimiyyətimizin ən ağır dönəmlərində canı-qanı hesabına, əməli fəaliyyəti ilə xidmət etmiş birinə qarşı belə davranışı nə bəndə, nə tarix, nə də Tanrı götürər”.
Eldar Həsənov 1955-ci il oktyabrın 10-da Kəlbəcərin Laçın kəndində doğulub. Bakıda indiki Azərbaycan Texniki Universitetini elektronika mühəndisi ixtisası, Moskvada SSRİ Daxili İşlər Nazirliyinin Akademiyasını hüquqşünas ixtisası ilə bitirib.
1977-ci ildən Azərbaycanın Daxili İşlər Nazirliyi sistemində çalışıb, müfəttiş, baş müfəttiş, cinayət-axtarış şöbəsinin rəis müavini, rəisi postlarını tutub, Bakının Nizami rayonunun, Gəncə şəhərinin milis rəisi, İnterpolun Milli Mərkəzi Bürosunun rəisi, daxili işlər nazirinin birinci müavini olub.
1993-1995-ci illərdə baş prokurorun birinci müavini, 1995-2000-ci illərdə baş prokuror vəzifəsində xidmət edib. Ədliyyə general-leytenantıdır.
2001-ci il martın 28-dən Eldar Həsənov Azərbaycanın Rumıniyada fövqəladə və səlahiyyətli səfiri olub, 2009-cu il sentyabrın 14-dən ölkəni həmçinin Serbiyada, 2010-cu il iyulun 28-dən eyni zamanda Monteneqroda, həmin il avqustun 31-dən həmçinin Bosniya və Herseqovinada təmsil edib. 2013-cü il martın 28-də onun Rumıniyadakı, 2020-ci il avqustun 17-də isə Serbiya, Monteneqro və Bosniya və Herseqovinadakı təmsilçiliyinə xitam verilib.
Eldar Həsənov hüquq elmləri doktoru, professordur. Gəncə Pedaqoji Universitetinin müəllimi, Azərbaycan Pedaqoji Universitetinin dosenti olub.
Mütəşəkkil cinayətkarlıq, xüsusilə terrorizm və narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair və digər mövzularda Azərbaycan, Türkiyə, Rusiya, Gürcüstan, Almaniya, Rumıniya, Makedoniya, Ukrayna, Serbiya, Monteneqroda nəşr olunmuş kitabların, dərslik və dərs vəsaitlərinin, elmi və publisistik əsərlərin müəllifidir.
Eldar Həsənov həmçinin Narkotizm, Alkoqolizm və Digər Asılılıqlar üzrə Beynəlxalq Şuranın və BMT proqramlarının Türkiyə və MDB ölkələri üzrə əlaqələndiricisi olub, Beynəlxalq Hüquqşünaslar Assosiasiyasının (London), İnsan Hüquqları və Demokratiya üzrə Avropa Hüquqşünaslar Assosiasiyasının (Drezden), Beynəlxalq Kriminologiya Cəmiyyətinin (Paris) və bir çox başqa beynəlxalq təşkilatın üzvüdür, Davamlı Sülh və İnkişaf Naminə Beynəlxalq Fond (Sofiya), Beynəlxalq Hüquqşünaslar İttifaqı (Moskva), Cənub-Şərqi Avropada Əməkdaşlıq Təşəbbüsü Təşkilatı və başqa beynəlxalq qurumlarda rəhbər vəzifələr tutur.
Eldar Həsənov Rumıniyanın üç universitetinin fəxri doktorudur, Serbiya Kral Akademiyasında təmsil olunur.
Ailəlidir, iki qızı, bir oğlu, altı nəvəsi var.скачать dle 12.1