Bia.Az

Beşinci dalğa gəlirmi? – “Time” jurnalı

Cəmiyyət
 17-11-2021, 11:31     254

ABŞ-ın “Time” həftəlik jurnalında koronavirus infeksiyasının ehtimal olunan növbəti dalğası haqda yazı olunub. “Beşinci dalğa gəlirmi?” başlıqlı məqalənin müəllifi jurnalın əməkdaşı Kris Uilsondur. Novator.az saytı məqaləni ingiliscədən çevirərək təqdim edir.

ABŞ-ın əksər bölgəsində COVİD-19 infeksiyasına yoluxma halları yenidən artmağa başlayıb. Bu, beşinci dalğanın əlaməti ola bilər. Milyonlarla amerikalının Şükranlıq bayramını qeyd etməyə hazırlaşdığı bir vaxtda yeni dalğanın baş qaldırması isə yaxşı heç nə vəd etmir.
Üsyankar virus hamıya birdən-birə yoluxmasa da, onun bayramlarda daha sürətlə yayıldığı bəllidir.
Yoluxmaların aşağı düşəndə bir həftə ərzində eyni tempdə qalması yaxşı əlamət deyil. İkinci, üçüncü və dördüncü dalğanın başlanğıcında da belə olmuşdu. Son günlər də oxşar vəziyyət müşahidə edilir. İki aydır yoluxmalarda enmələr gedirdi. Son günlər isə bu enmələr əvvəlki həftələrlə müqayisədə dalğavarı xüsusiyyətini itirərək sabit tempə keçmişdi.
Belə vəziyyət adətən qəfil yüksəlməyə gətirib çıxarır. Ötən il bu vaxt, yəni infeksiyanın üçüncü sərt dalğası baş qaldırana qədər də yoluxmaların sayı xeyli düşmüşdü. Biz həmin enmədən cəmi 16 gün sonra yoluxmaların necə artdığını gördük. Üstəlik, indi ölümlərin sayı 2020-ci ilin həmin dövrü ilə müqayisdə bir qədər yüksəkdir. Ölümlər isə, bildiyimiz kimi, adətən yoluxmadan iki həftə sonraya düşür.
Ümid edək ki, bu, yanlış həyəcan siqnalıdır. Yəni həmişəki kimi həyəcan siqnalı yox, beşinci dalğanın gəlişinin əlaməti yox, eləcə dördüncü dalğanın sonudur.
Yayda ABŞ-ın həm cənubunda, həm də şimal-qərbində yoluxmalar kəskin artmışdı. Bu cür sıçrayış infeksiyanın yayılmasını sürətləndirdi, yeni ölümlərə gətirib çıxardı. Nəticədə göstəricilər yanvar ayının statistikasını da aşdı.
Hazırda ABŞ-da yoluxmaların artdığı hər bir ştatda qeydə alınan göstəricilər ötən qışdakı rekord səviyyədən aşağıdır. Nyu-Hempşir və Vermont ştatlarında isə ötən həftə yoluxma səviyyəsi tarixi maksimuma yaxınlaşıb. COVİD-19 infeksiyası daima dalğavarı şəkildə Men ştatından Minnesota və Arizona ştatlarına qədər uzanıb. İndi isə avqust və sentyabr aylarında rekord göstəricilərin qeydə alındığı bölgələrdə aktivlik müşahidə olunmur.
Əslində bu il vəziyyət başqa cür olmalı idi. ABŞ-da ötən il dekabrın 14-də “Pfizer/BioNTech” peyvəndi ilk dəfə təqdim olunarkən vaksinasiyanın infeksiyaya son qoyacağı gözlənirdi. Delta variantı peyda olanadək bu ümid qüvvədə idi. Ancaq delta ilə bağlı da belə bir ehtimal irəli sürülürdü ki, yaşlı insanların çoxu tez bir zamanda peyvəndlənəcək və ondan sonra daha məhdudiyyətlərə ehtiyac qalmayacaq.
Yeni virusun sürətli mutasiyasının qarşısını almaq mümkün deyildi və peyvəndlənmə ilə bağlı əhali arasındakı tərəddüdlər də yəqin ki, qaçılmaz idi. Açılımın davam etməsinə, yenidən məhdidiyyətlərin tətbiqi yolundan imtinaya gəlincə, mən risk edib belə bir ehtimal irəli sürürəm ki, ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin peyvəndlənmiş insanları bir çox məkanda maska taxmaqdan tam azad edən 13 may qərarı tarix kitablarına düzgün qərar kimi düşməyəcək.
Həmin kitablar sonra yazılacaq – ABŞ və dünya indiki vəziyyətdən çıxandan sonra. Demək istəmirəm ki, iqtisadi fəallığa ehtiyac duyulduğu bir zamanda tam təcridə getmək gərəkdir. Yox. Sadəcə demək istəyirəm ki, göstəricilər bir il əvvəlki kimi pis, bəzən hətta ondan da acınacaqlıdırsa, onda pandemiyanın ilk günlərindəki təhlükəsizlik protokollarına qayıdılmalıdır.
Kris Uilson
Mənbə: Time.comскачать dle 12.1