DÖYÜŞ YOLDAŞLARIM... - Xatirə-oçerk
XATİRƏLƏRİN İŞIĞINDA YAŞAYAN DOSTLUQ
I Hissə
Bir telefon zənginin gətirdiyi sükut
İnsan ömründə elə anlar olur ki, illər keçsə də, o anın ağırlığı qəlbdən silinmir. Bəzən bir xəbər, bir cümlə, bir telefon danışığı insanı on illərlə geri aparır, yaddaşın ən dərin qatlarını oyadır.
Həmin gün rayona şəxsi işimlə gəlmişdim. Düzü, Ağacavad Cəfərova zəng etmək fikrim yox idi. Uzun illər idi ki, Ağsuya hər yolum düşəndə ilk xəbər verdiyim adam o olurdu. Onu narahat edirdim. Bu dəfə isə düşündüm ki, bu dəfə onun narahat etməyim. Bilirdim ki, səhhətində problemlər var, qoy dincəlsin düşündüm...
Vaxtilə tez-tez danışardıq. Saatlarla əsgərlik illərimizi xatırlayar, döyüş yoldaşlarımızdan söhbət açar, ömrümüzün ən ağır, amma ən şərəfli günlərini yada salardıq. Son illər isə zənglərimiz seyrəlmişdi. Daha çox bayramlarda bir-birimizi təbrik edir, ailələrimizə salam göndərirdik.
Rayonda olarkən təsadüfən onun kürəkəni ilə rastlaşdım. Görüşdük, hal-əhval tutduq, müxtəlif mövzularda söhbət etdik. Maraqlıdır ki, həmişə dilimdən düşməyən "Bəy necədir?" sualı bu dəfə nədənsə dilimə gəlmədi. O da Ağacavad haqqında bir kəlmə demədi.
İşimi başa vurmağa az qalmış ürəyim rahatlıq tapmadı. Özümə verdiyim sözə əməl edə bilmədim. Telefonumu çıxarıb onun hər iki nömrəsinə zəng etdim. Zəng çatmadı. Özümü ovutdum ki, yəqin işdədir, bəlkə də hansısa iclasdadır və yada ki, son vaxtlar zəng edəndə yatdığını deyərdi deyə, dedim bəlkə yatıb?Amma bir azdan zəng çatmaması narahatçılığı içimdəki nigarançılıqı artırdı. Yenidən kürəkəninə yaxınlaşıb soruşdum:
— Bəyə zəng çatmır...
Aldığım cavab isə məni sanki ildırım kimi vurdu.
— Bəy dünyasını dəyişib...
Bu sözləri eşidəndə zaman sanki dayandı. Bədənim titrədi. Ayaqlarımın altından torpaq çəkildi. Axı elə bu yaxınlarda danışmışdıq...
Yaddaşımı vərəqlədim. Son danışığımızın yanvar ayında, bayram günlərində olduğunu xatırladım. İndi isə fevralın son günləri idi.
Çətinliklə dilləndim:
— Nə vaxt?
— Yanvarın 6-da... Fevralın 18-də qırx mərasimini keçirdik...
Artıq deyilənləri eşitmirdim.
Qırx ildən artıq davam edən dostluğumuz bir film kimi gözlərimin önündən keçirdi.
1979-cu ilin yayı...
Hər şey gözlərimdə yenidən canlanmağa başladı...
ƏFQANISTANA GEDƏN YOL...
II hissə
1979-ci ilin iyul ayı idi. Ukrayna Sovet Sosialist Respublikasının Rava-Ruskaya şəhərində yerləşən hərbi hissəyə yeni əsgərlərin gətirilməsi davam edirdi. Əvvəlcə Ağsu Rayon Hərbi Komissarlığından qırxa yaxın gənc gəldi. Doğma rayonumun adını eşidən kimi ürəyim məni onların yanına apardı. Tanıdığım bir nəfər olmasa da, hamısı ilə tanış oldum. Elə bil doğma yurdun nəfəsi o uzaq diyarda adamın qəlbinə bir az istilik gətirmişdi.
Rava-Ruskayada ilk tanışlığımız elə ilk baxışdan o tərəfə keçmədi. Hərəmiz öz bölməmizdə xidmət edirdik, ciddi ünsiyyətimiz də yox idi. Ağacavadı da sadəcə Ağsudan gələn əsgərlərdən biri kimi tanıyırdım. Tale bizi sonradan, Əfqanıstan müharibəsində eyni batalyonda birləşdirdi. Bir rotada xidmət etməsək də, döyüş yolları bizi elə yaxınlaşdırdı ki, sonrakı qırx ildən artıq ömrümüz dostluqla keçdi.
Sonrakı günlərdə Şəmkir və Tovuz bölgəsindən, Naxçıvan Muxtar Respublikasından, Gəncə və Yevlax zonasından, eləcə də Sovet İttifaqının müxtəlif respublikalarından – qabardin, osetin, çeçen, gürcü, Pribaltika xalqlarının nümayəndələri bir-birinin ardınca hərbi hissəyə gətirilirdi. Beləcə, bizim hərbi hissədə 320 nəfər azərbaycanlı əsgər xidmət edirdi.
Yeni gələnlər yerləşdirildikcə bölüşdürülür, müxtəlif bölmələrə paylanırdı. Əsgərliyimizin ilk günləri isə olduqca ağır keçirdi. Yeməkxanaya sırayla aparılırdıq. Qarşımızda duran köhnə əsgərlər bəzən bizə istehza ilə yanaşır, biri papağı çıxarmağı, o biri taxmağı əmr edir, biri yerində addımlamağı, digəri dayanmağı tələb edirdi. Çaşqın vəziyyətdə qalan gənc əsgərlərdən kimsə komandanı səhv yerinə yetirəndə, üstümüzdə olan gizir onu vurur, itələyir, hətta təpikləyirdi.
Birinci həftə belə hadisələrdən biri gözlənilmədən böyük qarşıdurmaya çevrildi. Boy-buxunca zəif olan bir əsgər sırada addımı düzgün ata bilmədiyi üçün gizir onu arxadan elə vurdu ki, yazıq yerə sərildi. Bunu görən əsgərlər artıq dözə bilmədi. Sıra pozuldu, hamı serjantın üstünə yeridi.
Məlum oldu ki, həmin anları hərbi məktəbi yeni bitirmiş kursantlar da izləyirmiş. Onlar döyülən əsgəri yeməkxananın içinə apardılar. Bir qədər sonra əsgər qan içində bayıra çıxanda səbir kasası daşdı. Gəncədən olan Yusif adlı cüssəli əsgər yataqxanaya tərəf qaçdı. Onun ardınca isə demək olar ki, bütün rota hərəkətə gəldi. Kursantlar vəziyyətin ciddiliyini anlayıb pəncərələrdən düşərək qaçmağa başladılar.
Elə həmin an hərbi hissə komandirinin müavini qarşımıza çıxaraq tabel silahından havaya atəş açdı. Atəş səsi bizi dayandırdı. Əks halda hadisənin necə nəticələnəcəyini heç kim təsəvvür edə bilməzdi.
Bu hadisədən sonra həyatımız daha da ağırlaşdı. Bir həftə ərzində əsgər yataqxanasında gecə-gündüz silahlı postlar quruldu. Böyük yataqxana daim nəzarətdə saxlanılırdı. Hər gün saatlarla meydançada yeriş hazırlığı keçir, ayaqlarımız şişənə qədər təpik döyürdük. Baldırlarımız elə vəziyyətə düşmüşdü ki, qısa fasilələrdə heç kim oturmaq istəmirdi. Çünki oturandan sonra ayağa qalxmaq daha ağır əzaba çevrilirdi.
Hərbi and içəndən sonra bizi poliqonlara göndərdilər. Günlərlə təmir və bərpa işlərində çalışır, hərbi hissəyə qayıdanda isə yenidən yeməkxana növbələrinə çıxırdıq. Bu ağır həyat sentyabrın 24-nə qədər davam etdi.
Həmin gün atam öz yaxın dostu ilə məni görməyə gəldi. Komandanlıqdan mənə bir həftəlik məzuniyyət aldılar. Şəhərdə bir oteldə qaldıq. Atamın səmimiyyəti və müdrik davranışı komandirlərdə də xoş təəssürat yaratdı. Elə həmin görüşdən sonra onların bizə münasibətində müəyyən dəyişiklik hiss olunmağa başladı. Artıq bizə yalnız əmr alan əsgər kimi yox, insan kimi də baxmağa çalışırdılar.
Noyabr ayının sonlarında yenidən hamımızı sıraya düzdülər.
– Hazırlaşın, sizi başqa hərbi hissəyə göndərəcəyik, – dedilər.
Bir neçə gün sonra bizi hərbi maşınlarla dəmiryol vağzalına gətirdilər. Qatarla Mukaçev və Çöp şəhərlərinə yola düşdük. Artıq dekabr ayının ilk günləri idi. Bizi hərbi hissənin Lenin otağında yerləşdirdilər.
Bu dəfə yanımda ən yaxın dostlarım – Fazil Abışov, Hikmət Əliyev və Zaqatalanın Aşağı Tala kəndindən olan Aydın Bilalov vardı. Artıq biz dörd nəfər ayrılmaz dost olmuşduq.
Hələ bilmirdik ki, qarşıda bizi həyatımızın ən ağır sınaqları gözləyir...
III hissə
Naməlum səfər
1979-cu il dekabrın 13-də bizi vaqonlara mindirdilər. Hələ heç kim hara aparıldığımızı bilmirdi. Yalnız bir-birinin ardınca verilən sərt əmrlər vəziyyətin adi olmadığını göstərirdi.
Vaqonların bütün pəncərələri adyallarla örtüldü. Bizə ciddi şəkildə tapşırdılar ki, yol boyu heç bir halda pəncərə açılmayacaq, adyal qaldırılmayacaq, hətta vaqondan çölə zərrə qədər işıq düşməməlidir. Qatar hansısa stansiyada üç-beş dəqiqə dayansa belə, bu qayda pozulmamalı idi.
Komandirlər bunun səbəbini də gizlətmirdilər.
— Birdən kimsə məktub yazıb mülki adamlara verər, hara getdiyiniz bəlli olar. Buna yol vermək olmaz.
Qatar ilk dəfə dayananda marağımıza qalib gələ bilmədik. Adyalı ehmalca qaldırıb pəncərədən baxdıq. Gördük ki, vaqonun hər iki tərəfində avtomatlı əsgərlər keşik çəkirlər.
O an hamımız anladıq ki, artıq əvvəlki xidmət bitib. Qarşıda bizi tamam başqa bir həyat gözləyirdi.
Yol uzandıqca bəzi uşaqlar yenə də valideynlərinə bir neçə sətir yazmağa çalışırdılar. Qatar tərpənəndə, haradasa yol kənarında bir adam görünən kimi məktubu pəncərədən atırdılar. Kiminsə tapıb poçta verəcəyinə ümid edirdilər. O məktubların neçəsinin ünvanına çatdığını isə heç vaxt bilmədik.
Bir gün azərbaycanlı əsgərlərdən iki nəfər arasında ciddi dava düşdü. Sonradan eşitdik ki, hətta bıçaq da işlənib. Hadisədən sonra zabitlər növbə ilə bütün kupe vaqonlarını gəzərək söhbətlər aparır, nizam-intizamdan danışır, dava salanların ağır cəzalandırılacağını bildirirdilər.
Bu söhbətlər zamanı mən də uzun müddət susdum. Ancaq azərbaycanlılara qarşı işlədilən bəzi aşağılayıcı ifadələr artıq məni dözdürmürdü.
Birdən ağlıma bir fikir gəldi. Dedim ki, mən Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinin axşam şöbəsinin birinci kurs tələbəsiyəm. Əgər bu münasibət davam etsə, Azərbaycan rəhbəri Heydər Əliyevə məktub yazacağam.
Əlbəttə, bu həqiqət deyildi. Ancaq həmin an başqa çıxış yolu görmürdüm.
Təlim-tərbiyə işləri üzrə komandir müavini dediyim sözlə ciddi maraqlandı. Bir neçə dəqiqə sonra qoltuğunda bir dəstə qəzetlə kupemizə qayıtdı. Qəzetlərin hamısı fars dilində idi.
Onları mənə uzadıb oxumağımı istədi.
Dedim:
— Oxuyub yaza bilmirəm. Amma lazım gəlsə, fars dilində danışa bilirəm. Çünki həmişə yuxarı siniflərdə Seyid Əzim Şirvaninin qəzəllərin, şeirlərin əzbər öyrənib, sonda verilən fars dili lüğəti yaxşı əzbərlədiyimdən, bir çox fars sözündən nə isə başa düşürdüm.
Bu cavabdan sonra məsələ bağlandı. Daha heç kim bu söhbəti davam etdirmədi.
Kupedə olan uşaqlar isə məndən soruşurdular:
— Doğrudan universitetdə jurnalistikada oxuyursan?
Artıq deyilmiş sözdən geri çəkilmək olmazdı.
— Bəli, — dedim.
Beləcə, bəzən bir yalan insanı da, ətrafındakıları da lazımsız problemlərdən qoruyur.
Nəhayət, 1979-cu il dekabrın 20-də Özbəkistanın Termez şəhərinə çatdıq.
Bu günün bazar günü olduğunu vaqondan deyil, bazara mal aparan kənd adamlarından anladım. Yeddi gün qapalı vaqonda yol gələndən sonra artıq həftənin hansı günü, ayın neçəsi olduğunu belə unutmuşduq.
Termezdən bir qədər aralı, Əfqanıstan sərhədi istiqamətində yerləşdirildik. Çadırlar quruldu. Boz qumluq olan Özbəkistan ərazıslnda yovşan-yolğun yığıb palatada döəşk əvəzi sərib düzəltdik. Hər gün döyüş hazırlığı, düşmən hücumundan müdafiə və əlbəyaxa döyüş məşqləri keçirilirdi.
Bir neçə gün sonra ərzaq və hərbi sursat daşıyan karvanları müşayiət edərək Əfqanıstan istiqamətində hərəkət etdik. Biz piyada qoşunlarında xidmət etdiyimiz üçün zirehli texnika ilə hərbi karvanların təhlükəsizliyini təmin edirdik.
Bu cür iki gediş-gəlişdən sonra, dekabrın 27-də artıq Əfqanıstanın Kunduz şəhəri yaxınlığında, yüksəklikdə yerləşən düzənlikdə yeni mövqeyimizə çatdıq.
Artıq hiss edirdik ki, müharibə bizi gözləyir...
Elxas COMƏRD.
Şair-publisist.
BİA.az



