Bia.Az

FHN-nin koronavirus xəstəxanasında nə baş verib? - Nazirlikdən partlayış, insan ölümü barədə xəbərlərə reaksiya

Cəmiyyət
 17-12-2020, 16:02     851

Bu gün bəzi media orqanlarında Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Mərkəzinə məxsus, koronaviruslu xəstələr üçün nəzərdə tutulmuş modul tipli xəstəxanada oksigen stansiyasının sıradan çıxması nəticəsində bir neçə xəstənin oksigensiz qalaraq vəfat etməsi barədə xəbərlər yayılıb.

Xəbərdə iddia olunur ki, dünyasını dəyişən şəxslərin meyitləri gecə ilə xəstəxanadan çıxarılıb: "Çoxunun yaxınlarını aldatdılar ki, başqa xəstəxanalara köçürülür. Əslində ehtimal var ki, meyitləri morqlara apardılar, yəqin ki, bir neçə gündən sonra yaxınlarına öldüyü deyiləcək. Xəstəxananın 3 korpusunda reanimasiyada olan xəstələr daha çox ziyan çəkib", - afn.az saytı öz mənbəsindən sitat gətirir. 
Fövqaladə Hallar Nazirliyi isə xəbəri təkzib edib. Nazirlikdən APA-ya verilən məlumatda bildirilir ki, bu məlumatlar tamamilə əsassızdır:

 “Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinə məxsus, koronaviruslu xəstələr üçün nəzərdə tutulmuş, Zığ qəsəbəsində yerləşən modul tipli xəstəxanada hər hansı hadisə baş verməyib. Təəssüf edirik ki, bəzi media orqanları heç bir dəqiqləşdirmə aparmadan, burada müalicə olunan şəxslərin ailə üzvlərini və yaxınlarını belə nəzərə almadan, bu cür yalan və böhtan xarakterli məlumatlar yayır. Bir daha qeyd edirik ki, xəstəxanada ölümlə nəticələnən hər hansı qəza və ya partlayış hadisəsi baş verməyib. FHN media nümayəndələrini bu cür xəbərləri yayarkən həssaslıq nümayiş etdirməyə, cəmiyyətdə çaşqınlıq və təşviş yaratmamağa, məlumatları nazirliklə dəqiqləşdirməyə çağırır”.скачать dle 12.1