Bia.Az

ŞUŞAYA SILDIRIM QAYALARLA DIRMAŞIB DÜŞMƏNİ ƏZƏN XÜSUSİ TƏYİNATLIMIZ... - "Yazmışdı ki, şəhid olarsa..."+ FOTOLAR

Cəmiyyət
 17-12-2020, 15:57     1 301

Əslən ağdamlı olan Tural Xudiyev Birinci Qarabağ müharibəsindən sonra - 1998-ci ildə Bakıda doğulsa da, İkinci Qarabağ müharibəsində öz qanı ilə qəhrəmanlıq salnaməsi yazıb. Sona qədər, qarış -qarış torpaqlarımızı azad edən minlərlə igidimizin biri olub. 22 yaşlı bu igid doğma yurdu, canından çox sevdiyi Qarabağ uğrundakı döyüşlərdə şücaət göstərib, gözünü qırpmadan torpaq uğrunda canını fəda edib, döyüşün son günündə şəhidilik zirvəsinə yüksəlib.

... 1993-cü ildə erməni qəsbkarları Ağdamı işğal edəndən sonra Qarabağda yaşayan digər soydaşlarımız kimi Turalın valideynlərinin də qismətinə didərginlik yazılıb. Xudiyevlər ailəsi paytaxtda məskunlaşıblar. Tural körpəlikdən erməni vəhşilikləri haqda bu hadisələrin canlı şahidi olan valideynlərindən eşidib. Əmisi Xudu Xudiyev Birinci Qarabağ müharibəsində şəhid olub.
Tural uşaqlıqdan düşmənə nifrət, Vətəninə, torpağına sevgi hissi ilə mübariz ruhda böyüyüb. Bakıda yaşamasına baxmayaraq hər zaman ruhən qarabağlı olaraq qalıb, Qarabağ mövzusu onun qısa ömrünün hər anına hopub. Hətta öz otağını Azərbaycan bayrağı, milli qəhrəmanlarımız - əslən ağdamlı Allahverdi Bağırovun və Fred Asifin (Asif Məhərrəmov), həmçinin yəhudi əsilli Albert Aqarunovun şəkilləri ilə bəzəyib. İllər boyu o qəhrəmanların şəkillərinə baxa- baxa özü də qəhrəman kimi yetişib.

Xətai rayonundakı 138 saylı orta məktəbi bitirən Tural Azərbaycan Texniki Universitetinə qəbul olub. Orta məktəb illərində də, universitetdə təhsil aldığı dövrdə də sinif yoldaşlarının, qrup yoldaşlarının, müəllimlərinin sevimlisinə çevrilib. Üçüncü kursda oxuyarkən universitetdən akademik məzuniyyət götürərək hərbi xidmət üçün müraciət edib. 
Ötən ilin aprelində hərbi xidmətə yollanıb. Andiçmə mərasiminə qədər Ağcabədidəki N saylı hərbi hissədə xidmət edib, daha sonrasa arzusunda olduğu Xüsusi Təyinatlı Qüvvələrin heyətinə seçilərək xidmətini Cəlilabaddakı N saylı hərbi hissədə davam etdirib. XTQ-yə yazıldığını böyük qürur hissi ilə valideynlərinə çatdıran Tural onlara ”sizə sürprizim var” deyib. Çünki illərlə otağında saxladığı xüsusi təyinatlı əsgərin papağını artıq başına qoymaq hüququ qazanıb.


Xüsusi Təyinatlı Qüvvələrin sıralarında xidmətə başlayan Tural qısa müddətdə əsgər yoldaşları arasında da sayılıb-seçilib. Natiqlik qabiliyyəti olduğuna görə hərbi hissədə keçirilən tədbirlərdə çıxış edib. Komandirləri tərəfindən dəfələrlə təşəkkürnamə alıb. Lakin Turalın məqsədi bu deyildi, məqsədi torpaqların işğaldan azad olunması uğrunda nə zamansa başlayacaq savaşa qatılıb qəhrəman olmaqdı.


Sanki şəhid olacağını da duymuşdu, hiss etmişdi. Hələ əsgərliyə getməzdən öncə bacısına zarafatla dediyi “bax dediyimi etməsən, şəhid olsam, peşman olarsan ha” sözlərini, bəlkə də oilahi qüvvə dedirirmiş Turala. Müharibə başlamazdan öncə - avqust ayında elə bil olacaqları göz önünə alaraq bir məktub da yazmışdı doğmalarına. Məktubunda əgər şəhid olarsa, dünyalar qədər sevdiyi dayısının (Turalın dayısı iki il öncə vəfat edib- red.) yanında dəfn olunmasını, bir də otağında heç bir əşyanın yerinin dəyişdirilməməsini istəyib.
Turalın hərbi xidmətinin bitməsinə dörd gün qalmış Vətən müharibəsi başlayıb. Əsgər yoldaşları ilə birgə ön cəbhəyə yollanıb. Müharibənin ilk günündən son gününə kimi ön sırada gedənlərdən olub, ən ağır çətinliklərə sinə gərib. Füzuli, Cəbrayıl, Ağdərə, Hadrut, Suqovuşan, Kəlbəcər və Şuşanın azad olunmasında qəhrəmanlıq göstərib. Cəbrayıl rayonunda önəmli yüksəkliklərdən birinə bayrağımızı öz əlləri ilə sancıb.

Döyüşlərdə göstərdiyi şücaətlə yanaşı, Daşaltıda yaralanan döyüşçü yoldaşlarına köməklik göstərib, hərbi maşınlara qədər onları çiynində daşıyıb. Döyüşlərin birində dostu ilə birgə həyatlarını təhlükəyə ataraq ermənilərin nəzarətində olan ərazidən əsgər yoldaşlarına ərzaq gətirib. Anası Rəna Xudiyevanın tibb bacısı olması da döyüşlərdə Turalın işinı yarayıb. Döyüşçü yoldaşlarının bir neçəsinin yarasını mərmi yağışı altında qorxmadan məhz özü sarıyıb. Neçə-neçə döyüş yoldaşları sağ qalmalarının səbəbkarının məhz Tural olduğunu deyiblər.
Şuşa şəhərinin azad olunmasında Tural misilsiz xidmət göstərib. Dünya hərb tarixində nümunə olacaq bu döyüşdə kəndirlə sıldırım qayalara dırmanaraq şəhərdəki düşmənin üzərinə qəfil hücum edənlərdən biri də məhz Tural olub. Amma 44 günlük ağır döyüşlərdən sağ çıxan Tural müharibənin son günü - 8 noyabrda minamyot qəlpəsindən ağır yaralanıb. Hərbi-tibbi xidmətin səylərinə baxmayaraq daxili qanaxmanı dayandırmaq mümkün olmayıb. Şuşada şəhidlik zirvəsinə ucalıb.


Tural çox mərd, igid, vətənpərvər uşaq idi. İki övladım var. Onları min bir əziyyətlə böyütmüşük. Tural bizimlə ya MAXE-lərin, ya da gizirlərdən kiminsə telefonu ilə əlaqə saxlayırdı. O nömrələrin hamısını kağıza yazıb saxlamışdım, arabir zəng vurub Turalla danışırdıq. Müşfiq adlı gizir vardı ona zəng vuranda dedi ki, mən yaralanmışdım, mənim də yaramı Tural sarıdı”- şəhidin anası Rəna Xudiyeva virtualaz.org-a açıqlamasında belə deyib.
R.Xudiyevanın sözlərinə görə, sonuncu dəfə oğlu ilə noyabrın 7-də əlaqə saxlayıblar. Noyabrın 11-də isə Xudiyevlər ailəsinə gecə yarısı zəng vurub övladlarının yaralı olduğunu deyiblər.
“Sonuncu dəfə zəng vuranda hamımızla çox yüksək əhval-ruhiyyə ilə danışdı. Müharibə başlanandan bəri ilk dəfə idi ki, belə sevinərək danışırdı. Hətta atasına qayıdıb dedi ki, ay ata, sənin heç Şuşada şəklin varmı? Yoldaşım da dedi, yox, mənim Şuşada şəklim yoxdur. Sən demə oğlum Şuşada şəkil çəkdiribmiş. Özü gətirəcəkdi, amma qismət olmadı. O şəkillər bizə hələ dünən gəlib çatıb. Şəkillərə baxıram, 44 gündə oğlum elə bil 44 il qocalıb. Gözlərindən yorğunluq tökülür balamın. Qisməti belə imiş. Heç belə gözləmirdim. Gözümüz yolda qalmışdı. Elə bilirdim sağ-salamat qayıdıb gələcək. Kaş yaralanaydı, bir qolu olmazdı, amma özü salamat olaydı. Böyrəyindən, bir də budundan qəlpə yarası alıb. Daxili qanaxmanı saxlamaq mümkün olmayıb. Balam son damla qanına kimi vuruşub”,-anası Tural barədə danışmaqla doymur.
Vətən uğrunda canından keçmək kimi çətin missiyanı şərəflə yerinə yetirdi 22 yaşlı Tural. Qarabağda şəhid oldu, Ağdamın Quzanlı kəndində torpağa tapşırıldı. Fotoları ilə otağını bəzədiyi, özünə ideal seçdiyi Qarabağ igidləri ilə indi eyni məkandadır.

Ən çox sevdiyi mahnı sanki əzizlərinə mesaj idi Turalın:
Diz çökərəm qarşında
Ölərəm mən yolunda
Qələbəylə dönəcəyik,
Məni gözlə, ay ana!
Tural öz sözünə əməl etdi və qələbə ilə döndü. Bircə dünyalar qədər sevdiyi, ən yaxın sirdaşı olan yeganə bacısına verdiyi sözü tuta bilmədi. Bacısına demişdi ki, qayıdanda evlərinin önündən üçrəngli Azərbaycan bayrağını özü asacaq. Amma bayrağı özü yox, başqaları asdı...
Şəhadətin mübarək, şəhidim! 
(Virtualaz.org)скачать dle 12.1