Bia.Az

Xalqın Orduya inamı və dəstəyi, həmçinin ölkəmizdə yaşanan milli və siyasi həmrəylik Qələbəmizin ideoloji əsasıdır

Cəmiyyət
 19-11-2020, 13:23     58

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına səfəri qalib Sərkərdənin işğaldan azad olunmuş torpaqlarda xalqla birlikdə qeyd etdiyi Zəfər bayramı idi. Dövlət başçısının səfərinin Milli Dirçəliş Günü ərəfəsində baş tutması həm siyasi, həm də tarixi aspektdən böyük önəm kəsb edir.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev işğaldan yenicə azad edilmiş, təhlükəsizliyi hələ tam təmin olunmamış, minalardan tam təmizlənməmiş rayonlara səfər etməklə bir daha xüsusi cəsarət və liderlik nümayiş etdirdi. Dövlətimizin başçısı bütün dünyaya göstərdi ki, bu torpaqlar vahid Azərbaycan dövlətinin ərazisidir. Siyasətdə, cəbhədə, diplomatiyada və hərbi strategiyada üstünlük qazanmış Prezident İlham Əliyev bu zəfərin müəllifidir. Xalqın dəstəyi dövlətin tükənməz gücünün mənbəyidir. Hər zaman Prezidentinin ətrafında sıx birləşən, həyata keçirdiyi siyasətə dəstək olan, irəli sürdüyü bütün təşəbbüsləri dəstəkləyən xalqımız 44 gündə daha möhkəm yumruq kimi birləşdi.

 Dövlət başçısı İlham Əliyevin mövqeyindən bir addım belə geri çəkilməməsi, 44 gündə xarici mediaya verdiyi 30-a yaxın müsahibəsində işğalçı dövlətə və onun havadarlarına ünvanladığı sərt mesajlar artıq ədalətin bərpa olunması zamanının çoxdan keçməsinə, amma hələ də dünyanın yalanları ilə münaqişənin həllini uzatması cəhdlərinin qəbuledilməzliyinə işarə idi.  Hamını birləşdirən Vətən müharibəsi milli birliyin səbəbidir. İşğaldan azad olunmuş bölgələrdə qəhrəman Prezidentini qarşılayan qalib xalq öz sevgi və etimadını nümayiş etdirdi. Azərbaycan xalqı Müzəffər Ali Baş Komandanını alqışlarla, tükənməz sevgi ilə qarşıladı. Qələbədən sonra bölgələrə ilk səfərini edən Prezident İlham Əliyev, əslində, sevinc hissini və həyəcanını öz xalqı ilə bölüşmüş oldu. Hər zaman xalqın dəstəyinə arxalanan dövlətimizin başçısı vətəndaşların sonsuz məhəbbətini qazanıb. Xalqın rəğbəti, məhəbbəti və dəstəyini qazanmaq hər bir ölkə başçısı üçün ən böyük mükafatdır.

 Prezident İlham Əliyevin cəbhə bölgəsinə səfəri zamanı Xudafərin körpüsünü ziyarət etməsinin xüsusi rəmzi məna daşıyır. Xudafərin körpüsünün ziyarəti öz rəmziliyi və mahiyyəti ilə qəlbimizə fərəh bəxş etdi. Azərbaycan vətəndaşları uzun illər qonşu İran dövlətinin ərazisindən qədim tarixə malik Xudafərin körpüsünü uzaqdan və həsrətlə seyr edirdilər. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazanılmış böyük Qələbə nəticəsində bu həsrət sona çatdı. Azərbaycan xalqı üçün Xudafərin körpüsü hər zaman birlik, həmrəylik rəmzi olub.

Bu səfərin tarixi əhəmiyyəti ilə yanaşı, digər mühüm cəhəti vaxtilə Azərbaycanın problemlərinə biganə qalan, Ermənistana isə havadarlıq edən dünya birliyinə ciddi mesajın verilməsidir: Azərbaycan işğalla barışmadı, bütün torpaqlarını azad etdi, öz tarixi torpaqlarına sahib çıxdı və sübuta yetirdi ki, Müzəffər Ali Baş Komandanımızın dediyi kimi, bu məsələnin başqa bir yolu – Vətən müharibəsi də mümkündür. Vətən müharibəsi başlayandan ölkəmiz xaricdən çox böyük təzyiqlərə məruz qaldı. Amma Prezident İlham Əliyev Azərbaycana qarşı hədə-qorxu dili ilə danışanları yerində oturtdu, informasiya müharibəsində Azərbaycanın haqq səsi oldu, əlbəttə ki, öz müdrikliyi və qətiyyəti ilə. Bütün təzyiqlərə sinə gərən dövlətimizin başçısı öz xalqı ilə vəhdətdə olan Lider kimi mübarizlik rəmzinə çevrildi. Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük!” şüarı Azərbaycan xalqının şüarına çevrilib. Xalqın Orduya inamı və dəstəyi, həmçinin ölkəmizdə yaşanan milli və siyasi həmrəylik Qələbəmizin ideoloji əsasıdır. Bu ideoloji əsası formalaşdıran isə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi, qətiyyəti və böyük liderliyidir.

Tural Hüseynli,
iqtisadcı, Nəsimi rayonu.

скачать dle 12.1