Bia.Az

AYB-də Milli Qəhrəman Yuriy Kovalyovun 60 illik Yubileyi keçirildi/FOTOLAR

Cəmiyyət
 31-05-2025, 19:47     608

BİA.az xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyinin "Natəvan" zalında Azərbaycanın Milli Qəhrəmanı Yuriy Kovalyovun 60 illik Yubileyi təntənəli qeyd edildi. AYB sədrinin birinci müavini, Xalq yazıçısı Çingiz Abdullayev, Milli Məclisin deputatı Mixail Zabelin, Azərbaycan Rus icmasının sədr müavini Vitaliy Kovalyov, şəhidin qızı Regina Kovalyova, şəhid Dmitriy Solntsevin ailə üzvləri, Turk Ağsaqqalları Birliyi İdarə Heyətinin üzvü, şair-publisist Tapdıq Əlibəyli, Serqey Danilov, şairlər, yazıçılar, ictimaiyyət nümayəndələri tədbirdə iştirak etdilər. Şair Fikrət Kazımın şəhidlərin əziz xatirəsinə yazdığı Qələbənin 5 illiyinə həsr edilmiş şeirlər kitabı təqdim edildi.

Şəhidin qardaşı Vitaliy Kovalyov qonaqları salamladı və təqdim etdi. Çıxış edənlər polkovnik-leytenant İlham Rüstəmov, polkovnik Elmar Hüseynov Yiriy Kovalyovun qəhrəmanlığı haqqında  öz xatirələrini görüş iştirakçılarına çatdırdılar. Xalq yazıçısı Çingiz Abdullayev, Milli Məclisin deputatı Mixail Zabelin şəhidlər haqqında keçirilən tədbirləri yüksək qiymətləndirdilər.

Şair Tapdıq Əlibəylinin Yuriy Kovalyova həsr etdiyi şer tədbir iştirakçıları tərəfindən sürəkli alqışlarla qarşılandı.

Azərbaycan ruhu mərdlik göyərtdi,
El-oba sevgisi hünər öyrətdi,
Vətənin dar günü köksün göynətdi...
Yurda məhəbbətdir Yuriy Kovalyov!

Qarabağın bağrı qana dönəndə,
Neçə yağmalanmış ocaq sönəndə,
Qəhrəman oğullar savaşda öndə...
Cəsarət-cürətdir Yuriy Kovalyov!

Qiymət də qoymuşdu başına düşmən,
“Xüsusi təyinat” - bəxtinə düşən...
Ərlər əqidəsin deyil dəyişən!
Məslək, sədaqətdir Yuriy Kovalyov!

Şəhid məqamıyla ölümü yendi,
Qərar tutduğu yer ən uca yerdi.
Canı da, qanı da Vətən deyirdi...
Nur-əbədiyyətdir Yuriy Kovalyov!

Yurda məhəbbətdir Yuriy Kovalyov!
Cəsarət-cürətdir Yuriy Kovalyov!
Məslək, sədaqətdir Yuriy Kovalyov!
Nur-əbədiyyətdir Yuriy Kovalyov!






скачать dle 12.1