“Röya kinodakı hansı xidmətlərinə görə Kann festivalına gedib?” – Rasim Balayevdən ETİRAZ

“Xalq artisti Röya Ayxan 78-ci Kann Film Festivalına qatılıb. Niyə dəvət olunub? Röya hansı kinoda çəkilib? Kinomuzda hansı xidmətləri var? Hansı rolu oynayıb? Ora neçə ildir kinoya lazım olmayan adamlar gedir, qoy biri də Röya olsun. Mən özüm istəmirəm. Kann Film Festivalında olmuşam. Amma ora rejissor, operator, prodüser göndərilməlidir ki, baxsın, oradan nəsə götürsün. Röya oradan nə təcrübə götürəcək? Ora gedən müğənnilərin yanında o kimdir ki? Röyanın filmdə heç səsi də getməyib”
Bunu Medianews.az-a açıqlamasında xalq artisti Rasim Balayev deyib.
O daha sonra əlavə edib:
“Nədənsə xarici tədbirlərə biz kino işçilərini dəvət etmirlər. Canları sağ olsun. Mədəniyyət Nazirliyi bilmir ki, kimlər dəvət olunmalıdır? Əlbəttə bilirlər. Lazım bilmirlər, göndərmirlər. Biz onlara yalvaran deyilik. (Ironiya ilə) Bunun nəyi pisdir ki? Azərbaycan kinosunu orada Röya təmsil edəcək. Belə xəbərlər qanımı qaraldır. Heç oxumuram, maraqlanmıram da”.