Abdullah Öcalanın qərarını tanımadılar: İrana qarşı mübarizə aparacağıq

PKK terror təşkilatının İran qanadı olan PJAK tərksilah olmayacağını açıqlayıb.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.
PJAK lideri Əmir Kərimi PKK lideri Abdullah Öcalanın çağırışını “Yaxın Şərqdə kürd probleminin həlli üçün mühüm və müsbət addım” olaraq gördüklərini və Tehrana qarşı silahlı mübarizəni davam etdirəcəklərini bildirib.
“PJAK olaraq nə silahımızı yerə qoyacağıq, nə də özümüzü ləğv edəcəyik. PKK-nın buraxılma qərarı bizim yox, onlar üçün məcburidir. PJAK-ın bu məsələ ilə bağlı qərarı fərqlidir”, - Kərimi bildirib.
Xatırladaq ki, Abdullah Öcalan fevralın 27-də PKK-nı tərksilah olmağa və özünü buraxmağa çağırmışdı. Mayın 12-də toplanan PKK rəhbərliyi təşkilatın ləğv olunduğunu bəyan etmişdi.