Əri və oğlu evdə olmayan qadının otağına pəncərədən girən kişi: "Şeytana aldandım..." – TƏFƏRRÜAT

Zərdab rayonunda 1972-ci il təvəllüdlü Məmməd əri evdə olmayan həmkəndlisi Zöhrəyə (adlar şərti verilib – red.) qarşı seksual hərəkətlər edib.
Teleqraf-ın əldə etdiyi xəbərə görə, Zərdab rayon sakini Məmməd zorla cinsi əlaqədə olmaq niyyəti ilə qonşusu Zöhrənin evinə mətbəxin pəncərəsindən mənzilə daxil olub. Qonaq otağındakı divanda uzanan Zöhrəyə yüngül xəsarətlər yetirib. Fiziki zor tətbiq etməklə ona seksual hərəkətlər edib.
Qadının müqavimət göstərməsi və qışqıraraq kömək istəməsi nəticəsində iradəsindən asılı olmayan səbəblərdən əməlini başa çatdıra bilməyib.
“Şeytana aldandım”
İstintaq orqanı tərəfindən Məmmədin barəsində Cinayət Məcəlləsinin 29, 149.1 (zorlama, yəni zərərçəkmiş şəxsə və ya başqa şəxslərə qarşı zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olmaya cəhd) və 157.2-ci (mənzil toxunulmazlığını pozma - eyni əməllər zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə) maddələri ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Məmməd ittiham üzrə özünü təqsirli bilib. İfadəsində göstərib ki, küçədə olanda su dolduran Zöhrə qapının yanından əl hərəkəti ilə onu çağırıb: “Mən getmək istəmirdim. Çünki onun 53 yaşı var. Əvvəllər Zöhrə ilə münasibətim olub, birlikdə danışıb gülmüşük.
Məni əli ilə çağıranda şeytana aldandım və pəncərədən içəri daxil oldum. Zöhrə divanda uzanmışdı. Dedim ki, mənəm, Məmmədəm. Zöhrə ayağa qalxdı”.
Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra sözləri düz gəlmədiyi üçün mübahisə etməyə başlayıblar: “Otaqda stul olmayıb, Zöhrənin də başı stula dəyməyib. Onun ayağı ilişdi, yerə yıxıldı, üzündən xəsarət aldı. Sonra gəldiyim yerdən qayıdıb getdim. Hamamın üstündə isə dayanmamışam.
Evdən çıxıb yolda arxın üstündə dayanmışdım. Çünki Zöhrənin qayınıgilə gedəcəyini bilirdim. Elə orada dedim ki, özünü kənddə biabır etməsin, olan-olub, kiməsə heç nə deməsin, ikimiz də qana düşərik. Zöhrə dedi ki, hadisə barədə arvadına məlumat verəcəm. Sonra getdi”.
“Oğurluğa girməmişəm”
Təqsirləndirilən şəxsin sözlərinə görə, Zöhrə onu evə əl hərəkəti ilə çağırıb: "O, əl hərəkəti edəndə arxın üstündəydim. Əvvəl onun yanına getmədim. Axşam Zöhrənin evdə olduğunu bildim, evə daxil oldum.
Zöhrə məni şərləmək istəyir. Bizim davamız su borusu üstündə başlayıb. Zöhrənin ailəsi mənə məxsus su borusunu kəsib. Mən də demişəm ki, borunu alıb geri qaytarsınlar. Üç dəfə su borusu dəyişmişəm. Bizim söz-söhbətimiz məhz həmin vaxtdan başlayıb. Zöhrənin evinə nə üçün girdiyim barədə istintaq zamanı ifadə vermişəm. Zöhrə üzümü cırmaqlamışdı, ona görə üzüm qanamışdı. Zöhrəni öpməmişəm, onun evinə oğurluğa girməmişəm”.
“Oğlu bizdən şübhələndi”
Məmməd qeyd edib ki, Zöhrənin evinə girməkdə niyyəti onun özü ilə bağlı olub: “Məktəbdə oxuyan vaxt Zöhrəni sevmişəm. Hadisə günü məni əli ilə o özü çağırdı. Qapının arxasında it vardı. Ona görə evə pəncərədən daxil oldum. Zöhrənin evinə özünün dəvəti ilə getmişəm. Əvvəllər bulağın başında görüşmüşük. Zöhrənin oğlu məndən şübhələnirdi.
Onun evinə bel verməyə getmişdim, qapıda söhbət etdik. Ona görə oğlu bizdən şübhələndi. Zöhrə ilə qapıda sadəcə söhbət etmişdik, başqa heç nə olmamışdı”.
Məmmədin ifadəsinə görə, Zöhrə ilə bir-birlərini seviblər: “Mən ona məktub yazmışam, o da mənə yazıb. Evə girəndən sonra mübahisə etməyə başladıq. Sonra da evdən çıxıb getdim. Ona nə vaxtsa qızıl-zinət əşyası və ya başqa hədiyyə verməmişəm. Xalat alıb vermişəm. Onu da özü xahiş eləmişdi”.
“Özümü müdafiə edə bildim”
İş üzrə zərərçəkmiş qismində ifadə verən Zöhrənin sözlərinə görə, sentyabrın 3-də axşam saat 8-9 radələrində evdəymiş: “Həyat yoldaşım Qarabağ bölgəsində işlədiyi üçün evdə yox idi. Oğlum isə rayonda kirayədə qalır. Həmin gün evə gəlməli idi.
Evdə divanda uzanmışdım. İşıqlar yandırmadığım üçün içəri qaranlıq idi. Mətbəxdən səs gəldi, yerimdən durdum. Divandan qalxanda kiminsə mənə hücum etdiyini gördüm. Bərk qorxdum. Hücum edən şəxs dedi ki, qorxma mənəm, Məmməd. O məni divana atmaq istəyəndə özümə gəldim. Onun üzünü-gözünü cırmaqladım, yerə yıxaraq başına yumruq zərbələri vurdum. Özümü Məmməddən müdafiə edə bildim”.
“Polisə oğlum məlumat verdi”
Zöhrə qeyd edib ki, daha sonra əlbəyaxa olublar: “Artıq yorulub taqətdən düşmüşdüm. Ona görə qışqıraraq qaynımı çağırdım. Məmməd kimisə çağırmamağımı istədi, gedəcəyini bildirdi və getdi. Başım stola dəydiyindən özümü itirmişdim. Sonra özümü toplayaraq üstümü geyindim. Çünki evdə gecə köynəyində idim.
Evin qapısı bağlı olduğundan Məmməd pəncərədən içəri girmişdi. O gedəndən sonra mən də evdən çıxdım və gördüm ki, Məmməd hamamın üstündədir. Qaynımgilə tərəf getdim. Məmmədin mənə nəsə etməsindən qorxduğumdan ondan gizlənməyə çalışırdım. Gedə-gedə arxadan Məmmədin səsini eşitdim. Ona qulaq asmadım və dərhal qaynımgilin evinə daxil oldum.
Bundan sonra oğluma zəng edərək hadisə barədə məlumat verdim. Oğlum da polis şöbəsinə məlumat verdi”.
Bu cinayət işinə Şəki Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Məmməd 5 il 2 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.