Aqil Abbas: AFFA-nın başı qarışıqdır, xaricdə küçədə qalanları dolduracaqlar futbola - MÜSAHİBƏ

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun anadan olmasından 79 il ötür. Futbol ictimaiyyəti onu “Qarabağ”ın futbolçusu və baş məşqçisi kimi də tanıyır.
Milli Qəhrəmanın yaxın dostu olmuş deputat Aqil Abbas Teleqraf-a müsahibəsində maraqlı faktlar açıqlayıb:
- “Dolu” romanını Allahverdi Bağırova həsr etmisiniz. Onunla bağlı hansı xatirələriniz var?
- Xatirələrim böyükdür. Bəli, mənim “Dolu” romanımın qəhrəmanıdır. “Dolu” filmində də onun obrazını yaratmışam. Komandir obrazı Allahverdi Bağırovu ifadə edir. Allahverdi Teymur kişinin oğlu olub. Qəssab Teminin. Qəssab hər adama yox, igidə deyirlər. Qalanlarını ətsatan adlandırırlar. 3 qardaşın hamısı igid idi. Eldarı Bakıda günün günorta çağı vurub öldürdülər, ona sui-qəsd etdilər. Əmir polis işləyirdi, o da müharibədə iştirak edirdi. Allahverdi isə Xalq Cəbhəsinin könüllülərini götürdü, I Qarabağ müharibəsində sonacan vuruşdu. İstəsəydi, getməyə bilərdi. Restoranları, dükanları, hər şeyi vardı. Amma o, hamısını atıb Vətəni, torpağı qorumağa getdi. Ən böyük qəhrəmanlığı da 1003 Xocalı əsirini ermənilərin əlindən xilas etməsi idi. Kimin bağrı yanırdısa, Allahverdinin yanında idi. Bu ruhda bir oğlan idi. O adamda qorxu hissi yox idi, heç nədən çəkinməzdi. Onun haqqında çox danışmaq olar.
- Bəs futbol fəaliyyəti barədə nə deyərdiniz?
- Allahverdi məndən 7 yaş böyük idi. Biz Ağdama köçəndən - 1960-cı ildən futbolu sevirdim. O isə artıq Ağdam komandasında oynayırdı. Sonradan kapitan, baş məşqçi oldu. Müharibə gedərkən Allahverdi komandanı dağılmağa qoymurdu. İmarət stadionuna gəlir, futbolçulara ürək-dirək verib döyüşə qayıdırdı. Digər qardaşı Eldar da “Qarabağ”da oynayırdı, sonra kapitan oldu, Allahverdi də baş məşqçi idi. Allahverdi futbolçuların hamısına öz balası, əzizi kimi baxırdı.
- Allahverdi Bağırov futbola hobbi kimi yanaşırdı, yoxsa peşəkarcasına?
- Peşəkar futbol indi var. Amma peşəkarlıq o vaxtlar idi. Mərkəzdə oynayırdı, qol vururdu, qapıya güclü zərbələri vardı. Həm də komandanlıq etməyi bacarırdı, sonra getdi müharibədə komandan oldu. Liderlik hər adamın bacaracağı iş deyil. Bir sözü vardı: “Ay səni çörək tutmasın”. Adətən, "tutsun" deyirlər, onun dilində əksinə idi. Yəni, "belə oynamazlar" və s. deyirdi. Düzü, futbolçuların çoxu ondan, onun xarizmasından qorxurdu. Qorxudan da yaxşı oynayırdılar (gülür - red).
- Onun barəsində bilmədiyimiz hansısa fakt varmı?
- Allahverdi ilə bir dəfə Moskvaya getmişdik. Kiminsə toyundan bir gün əvvəl - ciyəraxşamında görmüşdü ki, bir nəfər şikəst adamı döyür. Bağırov bu vaxt “Onu Allah vurub, sən niyə vurursan?” deyərək, həmin şəxsi əzişdirmiş, bir-iki dəfə də bıçaq zərbəsi vurmuşdu. Buna görə 3-4 il qaçaq düşdü, Moskvada-filan qaldı. Sonra isə özü gəldi təslim oldu, 3 il iş verdilər. Ağdamda Kamal Hacıyev adlı bir prokuror vardı. Allahverdini futbolçu kimi çox sevirdi. Ona görə az iş verdi. Haradasa 2 il həbsdə oldu, sonra çıxdı. Yenə həmin Allahverdi idi. Bu, təxminən 1975-1976-cı illərdə baş verib. Yəni, haqsızlığa dözməzdi. Əslində həmin epizodda keçib-gedə bilərdi. Amma gördü ki, əlil adamı döyürlər, onunla razılaşmazdı.
Allahverdi Bağırov Milli Qəhrəman kimi hər il yad edilir, amma futbolçu olmasından niyə geniş bəhs edilmir?
- Əvvəllər Allahverdi Bağırova həsr olunan futbol turnirləri keçirilirdi. Bir neçə il təşkil edildi. Müharibə dövrü olduğundan, baş qarışıq idi. Bundan başqa, Ağdamda tikilən yeni stadion Allahverdi Bağırovun adına olacaq. Onun heykəli stadionun qarşısında qoyulacaq. Heykəli deputat Ağalar Vəliyev hazırladıb.
- Əminsinizmi ki, stadiona Allahverdi Bağırovun adı veriləcək?
- Bəli, verəcəklər. Bunu bütün ağdamlılar bilir. Yeni tikilən stadiona Allahverdi Bağırovun adı veriləcək.
- Bəs AFFA niyə bu barədə nə isə etmir?
- AFFA-nın başı qarışıqdır. Limiti ləğv edib, bütün xariciləri, küçədə qalanları dolduracaqlar futbola. Amma yadına salmaq olar, AFFA da bundan qaçmaz, hansısa tədbir görər.
- Bəlkə AFFA UEFA-nın sanksiyasından qorxur?
- İnanmıram. Siyasət də ola bilər, onu bilmərəm. Hər halda, AFFA bir şey fikirləşə bilər. Yəqin ki, mümkündür.