“Onlara haqqımı halal etmirəm, heç biri gəlib mənimlə maraqlanmır, efirdə yalandan deyirlər”

“Mehriban Qənbərova oğlum Vüqar Biləcərinin şeirinin sözlərini dəyişərək mahnı oxuyub. Niyə dəyişirsən? Nə var onu oxu da. Özündən söz əlavə edirsən. Lazım deyil belə hərəkət! Mahnıya əlavə söz uydurmağa ehtiyac yoxdur. Mehriban xanım mahnını oxuyanda məndən icazə almayıb. Amma bəziləri var ki, oxuyanda zəng edib məndən icazə alırlar. Həmin mahnını eşidəndə özüm də istər-istəməz pis oldum. İstədim lap studiyaya gedib deyim ki, ayıbdır axı... Mən onlardan pul istəmirəm ki.. Allah etməsin. Biz acından ölmürük, amma insanın vicdanı olmalıdır”
Bunu Moderator.az-a açıqlamasında mərhum meyxanaçı Vüqar Biləcərinin atası Zakir Paşayev deyib. O daha sonra əlavə edib:
“Vüqarın mahnıları çoxdur. İndi çoxu yadımdan çıxıb. Ən yaxşı mahnılarından biri olan “O şirin xatirələr” mahnısını Nazənin xanım oxuyub. Həmişə də qeyd edib ki, mahnının sözlərini Vüqar yazıb. Haqqı danmır. Amma qeyd etməyənlər çoxdur. Elə bilirlər ki, yaxşı iş görürlər. Axı halallıq olmalıdır. Mən onlara halal etmirəm. Xeyrini görməzlər axı. Nə olsun ki, oxuyurlar. Heç bir dəfə Vüqarın məzarına bəlkə də gül aparmayıblar” deyə meyxanaçının atası bildirib.
Zakir Paşayev deyir ki, Vüqarın meyxanaçı dostlarından heç biri onun qapısını açmır:
“Heç biri gəlib-getmir. Vüqar rəhmətlik sağ idi hamısı gəlirdi. Onların gəlməklərinin də bir mənası yoxdur. Gələndə əksinə mən pis oluram. Amma efirdə yalandan deyirlər. Xalaxətri qalmasın deyə” o bildirib.
Zakir Paşayev səhhətindən də danışıb:
“Evin içində özüm-özümü idarə edirəm. 6 ayaq barmağım kəsilib. Bir ayağımdan 5 barmaq, o biri ayağımdan da bir barmağını kəsiblər. Ağır şəkər xəstəsiyəm” deyə meyxanaçının atası bildirib.