Bia.Az

Bax, belə bir zehniyyətlə qonşuyuq, nə yazıq ki!.. - Bahəddin Həzi yazır...

Cəmiyyət
 19-08-2024, 14:57     406

Bizə yenə güllə atırlar. Torpağımızdan qovduğumuz keçmiş işğalçılar. Amma torpağımıza hələ də iddialılar. Ermənistan Şərqin diktaturalarına bağlı olsun, ya da Qərbin demokratiyalarına - fərqi yoxdur, mahiyyəti, məqsədi dəyişmir.

Tarixin ən dərinliklərinə enib, qul təfəkkürünü incələsən, görərsən: təkcə ağa ağalığı ilə qürrələnməyib, nökər də nökər olmağı ilə barışıb, öyrəşib. Çünki yüzillərlə lakeyliyə öyrəşib. İndi bir günün, bir ilin, lap elə bir əsrin içində dönüb öz taleyinə sahib çıxacaq?! Bir göz qırpımında dönüb öz torpağında ağa olacaq?!

Ağayana davrana bilmir, görürsünüz. Başqasının olana əl uzatmağı əslzadə özünə yaraşdırmaz. Şəninə kəsir sayar. Halalı olmayan bir şey təklif olunsa, bu təklifin özündən belə özünü aşağılanmış sayar.

Biz deyirik ha: "Başqasının torpağında gözümüz yoxdur, öz torpağımız özümüzə bəsdir". Bax, bu, öz taleyinin ağasına xas düşüncə tərzidir; ağayana davranışdır. Plebey təfəkkürü isə oğru, quldur, qatil, qarətçi yetişdirir. Sənin olanla yetərlənirsinsə, ağayanalıqdır. Sənin olmayana tamahlanırsansa, qul xislətidir. Ağa olmağın xülyasını qurar nökər. Ancaq günün sonunda əldə var sıfır...

Ermənistan siyasi isteblişmenti dünən birinin köləsiydi, bu gün isə boynunu başqasının boyunduruğuna salıb. Dünən rusun, farsın diqtəsilə qonşularına cırmaq atırdı, bu gün amerikalının, fransızın.

Öz taleyinə sahib çıxa bilməyən həmişə hardansa ənr gözləyər. Onun kitabında ləyaqət yazılmadığı üçün həmişə xəyanətə hazırdır. Haqlı olmadığı üçün haqlının deyil, güclünün yanında yer alar. Ağasının ayağı büdrəyən kimi, qaçıb sığınmağa qoltuq axtarar. Sonra da silahını təkcə ətrafındakı dinc qonşularına deyil, həm də elə keçmiş ağasına çevirər.

Ruslar da bu gün Ermənistanın keçmiş (ya da hələ tam keçməmiş) ağasıydı. Ayağı büdrəyən kimi, köləsi qaçdı. Folknerin "Qırmızı yarpaqlar" hekayəsindəki kimi. Üstəlik İssetebixxa ölən kimi qırmızı ayaqqabılarını Moketubbe geyindi.

Ağa öldü, qula təzə ağa gərək. Necə deyərlər, nökər nədir, bekar nədir. "Qırmızı yarpaqlar"dakı qullar da işləməyəndə özlərini ölü kimi hiss edirlər. Həm də ən ağır, qara, çirkli işləri görməyi sevirdilər...

Məncə, bura qədər bədii lirika bəs edər. İndi isə siyasi fizika! Nökər fiziki var olmaq üçün hər cür mənəvi baryerlərə arxa çevirib.

Bax, Zvartnosa silah dolu iki Amerika təyyarəsi enən kimi, ermənilər Rusiyanın onlara etdiyi yaxşılıqları bir andaca unutdular. Amerika bu gün bu qövmə bir hakimiyyət quraşdırıb, amma elə o "Ermənistan" deyilən dövlətin özünü axı Rusiya qurub bu qövmə vermişdi. İndi öz "əkdiyini biçir".

Dünənə qədər Amerikadan Bakıya yüksək səviyyəli qonaq gələndə Moskvanın əmri ilə ermənilər sərhədlərimizdə güllə atırdılar, bu gün Rusiyadan qonaq gəlib deyə, Vaşinqtonun əmri ilə atırlar. Yadınızdadırsa, ABŞ-ın dövlət katibi Hillari Klinton Bakıya gələndə o zaman Rusiyanın adamı Sarkisyan qərb rayonlarımızı atəşə tutmuşdu, bu gün Paşinyan Rusiya prezidenti Vladimir Putinə yenə də həmin istiqamətdən "atəşli salam" göndərir.

Nəymiş?! Əmr dəyişməyib, amir dəyişib. Maksim Qorki rus bolşevikizminin ədəbiyyat hadisəsi olsa da, çox gözəl söz deyib: "Sürünmək üçün doğulanlar heç vaxt uça bilməz".

Bizim də taleyimizə geosiyasi sürüngən bir qonşu düşüb; uçmağı təklif edirik, cavab yerinə dilini sürüyür. Biz "sülh" deyirik, o savaş düşüncəsindədir. Biz ona inkişaf üçün plan veririk, o isə revanş xülyasına qapılıb gedir. Bizə ona yol veririk, o isə araya çəpər çəkir. Bir sözlə, ona gül atana o dönüb güllə atır.

Niyə?!

Öz üstündə təzə birinin (birilərinin) - daha böyük sandığının kölgəsini görüb, daha güclü bildiyinin gücünü hiss eləyib. Arxasında yeni birinin varlığını düşünüb.

Arxasını heç düşünmədən...

Bax, belə bir zehniyyətlə qonşuyuq, nə yazıq ki!

Bahəddin Həzi, Bizimyol.info
скачать dle 12.1