Rayonları “zibilə salan” kimlərdir? – “İcra hakimiyyətləri məsuliyyət daşıyır”

Məişət tullantıları ekologiyanı təhdid edən əsas amillərdəndir. Bu, bütün dünyada belədir.
Azərbaycanda isə vəziyyət daha fərqlidir. Xüsusilə də rayonlar məişət tullantıları ilə aşıb-daşır. Göyçayda baş verən sel nəticəsində biz bunun bir daha şahidi olduq. Çay vadiləri bu cür tullantılarla “zəngindir”. Heç Bakı və digər şəhərlərdə də vəziyyət ürəkaçan deyil. Bəzi insanların zibillə düzgün davrana bilmirlər. Şəhərlərdə hələ də zibili hara gəldi atan şəxslərə rast gəlinir. Bəs bu məsələ necə həll edilməlidir?
Məişət tullantıları ilə bağlı konsepsiya, tədbirlər planı varmı?
Globalinfo.az Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri Adəm Məmmədov rayonlarda bir çox yerlərdə tullantıların düzgün idarə olunmadığını bildirib.
Onun sözlərinə görə, bu səbəbdən də zibil yığılır və antisanitariyaya səbəb olur:
Adəm Məmmədov
“Göyçayda çayın yaxınlığında poliqon yaradıblar, amma standartlara, normativlərə riayət etməyiblər. Poliqonun yaradılmasında ətraf mühitə təsirin qiymətləndirilməsi aparılıb. Qiymətləndirilməyə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekspertiza Agentliyi rəy verib. Həmin rəydə onlardan çay sahili ilə poliqon arasındakı məsafənin nəzərə alınması tələb olunub. Təssüf ki, yerli icra hakimiyyəti bunu nəzərə almayıb. Nəticədə də çayda su məcradan çıxaraq daşıb, o da poliqondakı tullantıları yuyub aparıb. Bakıda da müəyyən yerlər var ki, hələ də məişət tullantıları toplanır. Əslində, paytaxtdakı tullantıların hamısı Balaxanı poliqonuna aparılır. Onun bir hissəsi təkrar istifadəyə cəlb olunur, çox hissəsi isə zibilyandırma zavodunda yandırılır və enerji alınır. Amma əfsuslar olsun ki, Bakının bir çox nöqtələrində, xüsusilə də bağ massivləri olan yerlərdə qeyri-qanuni formalaşmış kiçik poliqonlar var. İnsanlar yay vaxtı pis qoxu olan zaman oranı yandırırlar. O da zəhərli tullantıların buraxılmasına səbəb olur”.
A.Məmmədov deyib ki, 2018-2022-ci illər üçün məişət tullantlarının idarə olunması strategiyası qəbul olunub:
“Həmin strategiyanın vaxtı bitdi. İndi hökumət yeni strategiya üzərində çalışır. Hansı ki, orada artıq işğaladan azad olunmuş ərazilərin də məişət tullantlarının idarə olunması daxil edilib. Bu səbəbdən də strategiyanın yenidən təsdiqlənməsi bir balaca gecikir. Məişət tullantlarının idarə olunmasının hansı quruma həvalə olunacağı və hansı qurumun buna cavabdeh olacağı müəyyən ediləcək. Hələ ki, Təmiz Şəhər Səhimdar Cəmiyyəti İqtisadiyyat Nazirliyinin tabeçiliyində fəaliyyət göstərir. Bakıda onlar idarə edir, Qarabağın da bir çox poliqonlarını onlar layihələndirirlər. Amma rayonlarla bağlı bu məsuliyyət daha çox yerli icra hakimiyyətlərinin üzərindədir. Təəssüf ki, icra hakimiyyətləri də o işi lazımi səviyyədə görmür. Ona görə də, Göyçaydakı kimi hadisələr baş verir”.
Ekoloji siyasət şöbəsinin mudiri Faiq Mütəllimov bərk məişət tullantılarının idarə edilməsi ilə bağlı son illərdə bir sıra tədbirlər görüldüyünü qeyd edib.
Faiq Mütəllimov
O deyib ki, xüsusilə də Bakıda “Təmiz Şəhər” ASC tərəfindən həyata keçirilən tədbirlər, Balaxanı tullantı poliqonunun yenidən bərpası, sanitar poliqon kimi istifadəyə verilməsi, bərk məişət tullantılarının yandırılması zavodunun tikilməsi və tullantıların çeşidlənmə zavodu qurulub ki, bu da paytaxtda tullantıların düzgün idarə olunması istiqamətində atılan mühüm adımlardan biridir:
“Son illər Bakının bir çox ərazilərində tullantıların çeşidlənmiş şəkildə toplanması üçün fərqli rənglərdə konteynerlər yerləşdirilib. Həm qida tullantıları, həm də təkrar emala yararlı tullantılar ayrıca ora atılır ki, sonradan çeşidləmə aparmaqla təkrar emalı üçün müvafiq müəssisələrə təqdim edilə bilsin. Bunun üçün də məhz “Balaxanı Sənaye Parkı” yaradılıb. Hazırda orada 25 rezident sırf tullantıların təkrar emalı istiqamətində fəaliyyət göstərirlər. Ümumilikdə, bərk məişət tullantılarının idarə olunmasının yaxşılaşdırılması, təkmilləşdirilməsi ilə bağlı milli strategiya qəbul olunub. 2018-2022-ci illəri əhatə edən bu strategiya çərçivəsində bir çox tədbirlər görülüb. Xüsusilə regionlarda tullantıların idarə olunması sisteminin daha da təkmilləşdirilməsinə, texniki bazanın və poliqonlarda nəzarətin gücləndirilməsinə, onların düzgün istifadə edilməsinə ehtiyac var. Məhz bu məqsədlə 2022-2026-cı illər üzrə Sosial İqtisadi İnkişaf Strategiyasında bir sıra tədbirlər nəzərdə tutulub”.
Balaxanı tullantı poliqonu
F.Mütəllimovun sözlərinə görə, hazırda ilk növbədə bu sahədə uçotun təkmilləşdirilməsi, elektronlaşdırılması istiqamətində işlər aparılır:
“Bu strategiyada regionlarda tullantıların daha düzgün idarə olunması, maddi texniki bazanın yaxşılaşdırılması ilə bağlı tədbirlər nəzərdə tutulub. Bütün bunlar mərhələli şəkildə icra olunacaq. Ümumiyyətlə, 2018-22-ci illər üzrə strategiyada tullantıların idarə olunmasına yanaşma müəyyən olunub. Artıq hər bir region və rayonda ayrıca bir tullantı poliqonu yerləşir və tullantılar bu polionlara daşınır. Hətta regional tullantı poliqonları müəyyən ediləcək ki, zibillər bir neçə regiondan vahid poliqona gətiriləcək. Bu istiqamətdə də qiymətləndirmə işlər aparılır. Qeyd edim ki, 2018-22-ci illər üzrə milli strategiyanın yekunlaşmasından sonra hazırda həm işğaldan azad olunmuş ərazilərdə, həm də regional strategiyanın hazırlanması işləri yekunlaşmaq üzrədir. Yəni Qarabağda tullantıların müasir standartlara uyğun olaraq qurulması ilə bağlı işlər aparılır. Şuşa şəhərində dörd çeşidlik yeraltı konteynerlər qurulub ki, bu da şəhərin bütün sisteminə tam uyğundur. Daha dəqiq desək, bu tullantılar yer altında olacaq və xüsusi nəqliyyat vasitələrilə daşınacaq. Eyni praktika digər işğaldan azad olunmuş ərazilərdə də tətbiq olunacaq”.
Faiq Mütəllimov regional strategiya ilə paralel 2018-22-ci illər üzrə Milli Strategiyanın da yenilənməsi məsələsinə baxıldığını deyib:
“Burada əlbəttə, rayon icra hakimiyyətlərinin üzərinə böyük məsuliyyət düşür. Tullantıların toplanması, daşınması və poliqonlarda düzgün zərərsizləşdirilməsi məhz icra hakimiyyəti orqanlarının üzərindədir. Mövcud imkanlar çərçivəsində onlar maksimum düzgün şəkildə idarə olunmalıdır. Bir sözlə, poliqonlara nəzarət aparılmalıdır. Bu istiqamətdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən dövlət nəzərəti təşkil edilir. Mütəmadi olaraq monitorinqlər aparılır, zəruri inzibati tədbirlər görülür”.
Mütəxəssizin fikirlərinə görə, ən vacib məsələlərdən biri də marifləndirmənin olmasıdır:
“Çünki tullantıların düzgün idarə olunması yanaşmadan da asılıdır. Hər il sahil boyu mövsüm üzrə təmizlik aksiyaları keçiririk. Artıq may ayının 11-dən etibarən təmizlik aksiyalarına başlamışıq. Nəzərə almaq lazımdır ki, insanlar sahilə istirahət üçün üz tuturlar. Ona görə də, daha əvvəl orada olan insanlar tullantılarını özləri ilə aparsalar, doğru olar. Hər dəfə təmizlik aksiyası keçirən zaman görürük ki, kifayət qədər tullantılar var ətrafda. Ümumiyyətlə, tullantların idarə olunması, təkimlləşdirilməsi, həm də qeyd olunan strategiya çərçivəsində işlər görülür. Eyni zamanda bu sahədə özəl sektorun rolunu gücləndirilməsi ilə bağlı müzakirələr aparılır. Düşünürəm, növbəti illərdə bu sahədə daha da müsbət nəticələr əldə etmək mümkün olacaq”.
Zaira Akifqızı
Globalinfo.az