Bia.Az

Şəkər xəstələrinin "Bermud" üçbucağı - həkim, aptek, yerli idarə... "Pulsuz" dərman niyə "buxarlanıb"?

Cəmiyyət
 29-04-2024, 12:28     340

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycan-Macarıstan hökumətlərarası komissiyanın 10-cu iclasında çıxışı zamanı qeyd edib ki, növbəti ildən Macarıstanın iki əczaçılıq şirkəti Azərbaycanda fəaliyyətə başlayacaq. Nazir qeyd edib ki, bu müəssisələrdə 90 adda dərmanın istehsalı nəzərdə tutulub.

Mövzu daha çox Səhiyyə Nazirliyi və TƏBİB-i maraqlandırmalı olsa da, bu barədə əmək nazirininin açıqlama verməsi, "heç, yoxdan yaxşıdır" fəlsəfəsi ilə üst-üstə düşür. Ən azından, bu dərmanlar barədə danışan biri oldu.

Ümumiyyətlə, dərman preparatları sahəsində ölkədə çox ciddi çatışmazlıqlar mövcuddur. Məsələn, bəzi rayonlar üzrə qeydiyyatda olan şəkər xəstələri var ki, həkimlərin onlar üçün yazdıqları insulin dərmanlarını ala bilmirlər. Daha aydın desək, həmin iynə-dərmanlar sanki ərşə çəkilib.
Şəkər xəstələri üçün nəzərdə tutulan və onlara pulsuz verilməli olan "Novomix" adlı insulin iynəsininin yerinə bəzi rayonlarda "Mixtard" adlı əvəzedici insulin iynəsi verilir. Ancaq xəstənin həkimi bu əvəzedicini məsləhət bilmir və qeyd edir ki, həmin əvəzedici insulin iynəsi xəstəyə əlavə problemlər yarada bilər. Bu barədə bölgənin yerli idarəsindən Bizimyol.info xəbər portalına bildirilib ki, hal-hazırda ehtiyat "Novomix" insulin vasitələri tükəndiyindən, xəstələrə "mixtard" əvəzedici verilir və bu insulin iynəsinin digərindən heç bir fərqi yoxdur. Yerli idarədən belə açıqlama verilsə də, xəstə qeyd edib ki, həkimi ona bu əvəzedicini məsləhət bilmir.

Beləliklə, xəstə üç fərqli fikir arasında süründürməçiliyə düşür. Həkim deyir ki, əvəzedici istifadə etmə, imkanın varsa, "novomix" al, ondan istifadə et. Apteklər deyir ki, "Novomix" artıq tükənib. Yerli idarə də deyir ki, xəstənin əvəzedici istifadə etməsi zərərli deyil.

Çıxılmaz vəziyyətdə qalan xəstə indi həmin insulin iynəsini xarici ölkədən sifariş vermək məcburiyyətində qalıb. Çünki Azərbaycanda "Novomix" daha yoxdur, yaxud məqsədli şəkildə "buxarlandırılıb".

Heç şübhəsiz ki, dərman sektoru bütün dünyada ən gəlirli sahələrdən biridir, amma Azərbaycanda artıq bunun "şoru" çıxıb. Harda ən gərəkli dərman vasitələri varsa, ya od qiymətinədir, ya da ümumiyyətlə, yoxdur. Hansılar ki, onlar xəstələrə pulsuz verilməlidir. Ancaq elə şərait yaradılır ki, xəstə məcbur qalır, ya o dərmanı xaricdən sifariş versin, ya da apteklərdən "əlaltı" ucuz qiymətə alsın.скачать dle 12.1