Bia.Az

Sabiq rəis TTM-dən 9 milyon 369 min manat oğurlamaqda ittiham olunur - TƏFƏRRÜAT

Cəmiyyət
 18-04-2024, 12:01     185

Bakı Hərbi Məhkəməsində Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik-leytenant Rəşad Məlikzadənin cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Musavat.com xəbər verir ki, Rəşid Məlikzadə Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin rəisi Nizami Məmmədov və digər şəxslərin cinayət işi üzrə şahid qismində dindirilib.

Əməlində cinayət tərkibi müəyyən edildiyi üçün təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub. Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Rəşad Məlikzadə barəsində ayrıca icraatda araşdırma aparılıb. General-mayor Nizami Məmmədov Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvəllərinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadə ilə birlikdə mühakiməsi isə ayrı icraatda davam edir.

Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov, Hərbi Hava Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadə, Müdafiə Nazirlinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi, polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi, polkovnik Fikrət Mirzəyev, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin Maliyyə Xidmətinin sabiq rəisi Rəşad Məlikzadə Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs ediliblər. Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham edilirlər.

Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib.

Xatırladaq ki, cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır. İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyanın 40 milyon manatı ödənilib.

Təqsirləndirilən şəxslərin hər biri Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla mənimsəmə törətmək) maddəsi ilə ittiham irəli sürülüb.

Rəşad Məlikzadənin cinayət işi üzrə hakim Rafiq Abbasovun sədrliyi ilə keçirilən prosesdə şahidlərin dindirilməsi mərhələsi yekunlaşıb. Cinayət işinin materiallarına əlavə olunan sənədlər tədqiq edilib. Sənədlərin tədqiqi başa çatdıqdan sonra hakimlər məhkəmə istintaqının tamamlanması barədə tərəflərin fikirlərini öyrənib. Prokuror məhkəmə istintaqının tamamlanmasına etiraz etməyib. Proses mayın 8-də davam edəcək.

Rəşad Məlikzadəyə Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb. İttihama görə, Rəşad Məlikzadə 2017-2018-ci illərdə "N" saylı hərbi hissədə maliyyə xidmətinin rəisi, 2018-2022-ci ilin fevralın 10-dək olan müddətdə isə Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin Maliyyə Xidmətinin rəisi vəzifəsində işləyib. Rəşad Məlikzadə vəzifə saxtakarlığına yol verib. O, 9 milyon 369 min manat mənimsəyib. İstintaqın əvvəlində Rəşad Məlikzadəyə ziyanı ödəməsi üçün fürsət verilib, barəsində həbslə əlaqəli olmayan qəti imkan tədbiri seçilib. Lakin xüsusilə külli miqdar təşkil edən ziyan ödənmədiyi üçün barəsindəki tədbir həbslə əvəzlənib. Təqsirləndirilən şəxs istintaq dövründə 150 min manatı zərər ödəyib.
скачать dle 12.1