Bia.Az

"Deputatlardan "Sənə nə qulluq edim?" deyənlər olub, amma..." - Qazidən SENSASİON MƏKTUB

Cəmiyyət
 2-03-2024, 16:33     308

Çox insan arzu edir amma Vətəni qorumaq hər kəsə nəsib olmur. Düşünürəm ki, bu da qismətdir.

Düşünürəm ki, ürəkləri, duaları bizimlə olan milyonlarla Azərbaycan xalqının secilmiş nəfərləriyik. Şanslıyıq!
Yeni işə başlayanda iş yoldaşlarımın bəziləri döyüşlərdə iştirak etdiyimi bilmirdilər. Demirdim.
Bir dəfəsində içlərindən biri təsadüfən internetdə videoma baxırdı. Mən olduğumu bilmirdi. Hətta baxdığı videonu mənə də göstərmişdi...
Həmin an o fərqində olmasa da, mən içdən gülümsəyirdim. Özümü elə xoşbəxt hiss etmişdimki...
Hardasa başqa yerlərdə, hətta iş yerimdə müharibədə iştirak etməyimi dilə gətirməyi, üstünlük saymağı, mövzu etməyi sevmirəm, heç etmərəm də!
Yeri gələndə hər kəsdən də artıq çalışmağa səy göstərirəm. İş işdir. Nəyisə gözə soxmaq kişilikdən deyil.
İndi isə çalışdığım qurumda, demək olar, hər kəs bilir. Rastlaşdığım generallardan, millət vəkillərimizdən belə "Sənə nə qulluq edə bilərəm?" deyənlər də olubdur. Etiraf edim ki, hərdən olub ürəyimdən nəsə demək keçib amma utanmışam, özümə sığışdırmamışam, ayıb bilmişəm. Sadəcə "Təşəkkür edirəm, var olasınız" deyib minnətdarlığımı bildirmişəm. Çevrəmdəki bəzi yaxınlarım bu xasiyyətimə görə məni "ağılsız" da adlandırıblar. Müharibədən öncəki İqbal eyni vəziyyətdə necə davranardı, bilmirəm!
Dövlətimizin iqtisadi və milli təhlükəsizliyinin qorunmasında güvənilib bizlərə də yer verilib. Fərqindəyəm.
Anlayıram ki, müharibə veteranı adını daşımaq çiyinlərimə əlavə bir məsuliyyət, əlavə bir fərqlilik qoyubdur. Çətin də olsa öhdəsindən gəlməyə çalışıram.
Amerikada, Kanadada günüm, həqiqətən, də xoş keçib. Daha lüks yaşamış və daha yaxşı qazanmışam. Nə yalan deyim olur ki, o günlərim üçün darıxıram da. Amma bura mənim Vətənimdir. Vətənimiz isə daha gözəldir. Bizim insanımız istiqanlıdır, mehribandır, cəsurdur. Dar gündə bir birinə dayaq durandır.
...Vətəni səmimi şəkildə qorumaq necə də anlamlı imiş.
Bu günə qədər bunun fərqində çox da olmamışdım.

Günlər öncəsində itirdiklərim arasına bacımın da adının yazılması mənə çox şeyi başa saldı.
Müharibədən öncəki halımla bu günümü qarşılaşdırdım.
Hər dəfə yazılarımda çıxışlarımda müharibəni pisləmişəm. Yenə də eyni fikirdəyəm.
Amma sən demə müharibə mənə nə qədər dəyərli insanlar qazandırıbmış.
Vətən uğrunda öz əziz canlarından keçən qəhrəmanlarımızın əmanətlərindən, sənət insanlarından, media nümayəndələrindən, generallardan tutmuş millət vəkilinə kimi axtaranlar, yazanlar, yanıma gəlib baş sağlığı verənləri oldu. Tanıdığım tanımadığım nə qədər insanımız acıma şərik olduqlarını bildirdilər.
İçdən və səmimi. Təmənnasız.
İnsanın tək olmadığını hiss etməsi, sevildiyini bilməsi o qədər xoşdur ki... Sözlərlə ifadə etmək çətindir.
Bunu dilə gətirmək istəməzdim amma bəli, Vətəni təmənnasız və səmimi şəkildə qorumağın ən gözəl mükafatını aldım. Sevgidən böyük mükafat ola bilərmi? Zənnimcə ola bilməz!
Mən kiməm ki?! Şəxsimə qoyulan hörmət mənə yox, bir Azərbaycan zabitinə, Vətənimizə qoyulan hörmətdən, sayqıdan başqa bir şey deyildi. Çox anlamlıdır, çox.
Acizanə qələmimlə hisslərimi ifadə etməyə çalışaraq hər birinizə ən içdən duyğularımla təşəkkür etməyi borc bildim.
WhatsApp Image 2024-03-02 at 16.05.58.jpeg (62 KB)
İqbal Səfərov,
Silahlı Qüvvələrin zabiti,
Dövlət Gömrük Komitəsinin əməkdaşı скачать dle 12.1