Bia.Az

Mirəli Seyidov küçəsi - 19A binasının sakinlərindən elektrik təchizatındakı problemlə bağlı müraciət

Cəmiyyət
 6-02-2024, 17:20     185

Bizimyol.info xəbər portalı Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi - 19A binasının sakinləri tərəfindən rəsmi qurumlara ünvanlanan müraciəti bölüşür


"Biz, Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 19A ünvanında yerləşən bir girişli, 17 mərtəbəli çoxmənzilli yaşayış binasının sakinləri 2 aydan artıqdır ki elektrik təchizatında baş verən davamlı problemlərdən əziyyət çəkirik. Soyuq qış aylarında mənzillərimizdə soyuğa məhkum və qaranlığa qərq oluruq. Belə ki, binamıza gələn Azərişığın yeraltı elektrik naqillərində müntəzəm olaraq qapanma, alovlanma, partlayışlar baş verir. Nəticədə, 17 mərtəbəli binanın 90-a yaxın ailəsi, 300-ə yaxın sakin uşaqlı, yaşlı günlərlə işıqsız qalır, liftlər çalışmır, su təchizatı, elektrikə bağlı olduğu üçün, dayanır, yaşlı, xəstə ailə üzvlərimiz günlərlə evlərinə qalxıb düşə bilmir ya da mənzillərində mahsur (qapalı) qalırlar. Mənzillərimizdə elektrikə yarı bağlı kombi sistemi çalışmır, ən kəskin şaxtalı qış günlərində istilikdən məhrum evlərimizdə soyuqdan carəsiz vəziyyətdə qalmışıq. Həmçinin, elektrik enerjisi təchizatında tez-tez baş verən kəsilmələr nəticəsində dəfələrlə bina sakinləri liftlərdə mərtəbələr arasında bir neçə saat təhlükəli və qapalı vəziyyətdə köməksiz qalıblar. Bütün ödəmələri vaxtında aparan nizamlı, binamızın qanunsevər sakinləri elektrik təchizatının tez-tez kəsildiyi belə bir şəraitsiz vəziyyətdə rahat yaşamaq hüququndan məhrumdular.
Ötən ilin sonu, 2023-cü il dekabr ayında bina sakinlərinin topladığı vəsait hesabına partlayış baş vermiş, yanmış yeraltı naqillər Azərişıq əməkdaşları tərəfindən sakinlərin vəsaiti hesabına dəyişdirildi. Bir ay yarım keçməmiş sakinlər eyni problemlə üzləşdilər – yenidən qapanma, partlayış, alovlanma və nəticədə yeraltı naqillər təmir və dəyişdirmədən sonra son 2 ayda 2-ci dəfə sıradan çıxdı, bu soyuq aylarda yenidən soyuq, susuz mənzillərimizdə qaranlığa qərq olduq.
Buradan Azərişıq ASC-yə müraciət edib, elektrik naqillərinin belə tezliklə sıradan çıxması səbəblərini tez bir zamanda araşdırmalarını və binamıza gələn yararsız vəziyyətə düşmüş yeraltı elektrik naqillərinin qısa müddətdə dəyişdirmələrini və elektrik təchizatının fasiləsiz bərpasını xahiş edirik".
Qeyd edək ki, mövzu ilə bağlı aidiyyatı quruma sorğu ünvanlanıb və cavab gəldikdə qurumun mövqeyinin işıqlandırılmasına hazırıq.скачать dle 12.1