Bia.Az

“Qazdan zəhərlənmə olur, partlayış baş verir, bir məsul şəxs cəzalandırılmır” – Hüquq müdafiəçisi

Cəmiyyət
 27-01-2024, 22:00     200

ADA-nın tələbəsi, 2002-ci il təvəllüdlü Sərxan Asif oğlu Həsənov və onun böyük qardaşı Əli Həsənovun yaşadıqları mənzildə dəm qazından zəhərlənərək vəfat etməsi hər kəsi kədərləndirdi. Artıq qış fəsli daxil olandan bir neçə tələbədir ki, məhz qazsızmadan zəhərlənərək dünyasını dəyişir. Təəssüf ki, bu say gündən-günə artmaqdadır.

Bəs “Mavi ölümün” qarşısını almaq üçün hansı addımlar atılmalıdır? Bundan başqa, belə hallarda ev sahibləri hüquqi məsuliyyət daşıyırlarmı?
Mövzunu Globalinfo.az-a şərh edən Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının (NHMT) rəhbəri Mirvari Qəhrəmanlı bu məsələdə ilk növbədə qazın tərkibinə diqqət çəkib.

O, keçmişdə hər kəsin evində “Ceyran peçi”inin olduğunu, lakin bir kimsənin də zəhərlənmədiyini bildirib:

“Çünki o zaman qaz təmiz olurdu. “Azəriqaz” insanları qazla təmin etməkdən əlavə, həm də məsuliyyət daşıdığını anlamalıdır. İki qardaşın ölüm xəbərini eşidəndən özümə gələ bilmirəm. Evlərdə yoxlama işləri aparılsa, bu qədər insan ölməz. Yalandan əhalini başına toplayıb görüş keçirmək lazım deyil, mənzillərdə yoxlamalar aparmaq lazımdır!”

Mirvari Qəhrəmanlı
M.Qəhrəmanlının sözlərinə görə, əhalinin təhlükəsizliyi təmin olunmur:

“Halbuki bunları etmək birbaşa “Azəriqaz”ın borcudur. Bu qədər zəhərlənmə olur, partlayışlar baş verir, amma bir məsul şəxs cəzalandırılmır. Kim deyə bilər ki, qaz boruları yoxlanılır? Heç kim! Hadisə baş verən evdə də borunun nə vaxtdan qaldığını bir Allah bilir. “Azəriqaz” Dövlət Neft Şirkətinin daxilindən ayrılmalıdır. Bunun üçün də Dövlət Komissiyası yaradılmalıdır. Həmin o komissiya insanların kimlər və hansı səbəbdən öldürüldüyünü araşdırsın. Bəli, məhz öldürülürlər. Pul yığmaq üçün fəhlə toplamaq əvəzinə, mütəxəssislərin sayını artırmaq lazımdır. Anaların qarğışını onlar dərk etsə idilər, məsuliyyəti də dərk edərdilər”.

Mehman Muradlı
Vəkil Mehman Muradlı deyib ki, baş verən hadisə ilə bağlı ev sahibi istənilən formada məsuliyyət daşıyır:

“Orada təhlükəsizlik məsələsi də rol oynayır. Ola bilər, qaz borusu yerinə yaxşı quraşdırılmayıb. İstintaq hər halda zəhərlənmənin hansı formada baş verdiyini müəyyən etdikdən sonra hər şey bəlli olacaq. Qazdan zəhərlənmə dedikdə insanlar elə düşünür ki, qaz açıq qalıb deyə zəhərlənmə baş verib. Amma bu, belə deyil, ölüm qazın tinindən olur. Adi kömürün qoxusu öldürücü gücə malikdirsə, görün, qaz tini necədir. Çox güman ki, qaz borusu düzgün quraşdırılmayıb. Əgər doğrudan da qaz düzgün quraşdırılmayıbsa, ev sahibi mütləq məsuliyyətə cəlb ediləcək”.скачать dle 12.1