Bia.Az

Ölkə turizmini "qəfəs"ə salan pandemiyadan bəri "turist"lər şəhərin mərkəzini "milli mətbəx"ə çevirib

Cəmiyyət
 23-01-2024, 14:24     165

Pandemiya bizim ölkəyə ayaq basmaqla həm də turizm sektoruna sarsıdıcı zərbə endirdi. 2020-ci ildən bəri bu sahə özünə gələ bilmir. Dövlət Statistika Komitəsi iddia edir ki, ölkəyə gələn əcnəbilərin sayı artıb. Son bir ildə təxminən 484 min nəfər artımdan danışılır. Amma Ukrayna müharibəsi amili qeyd edilmir. Sirr deyil ki, məlum müharibədən sonra Azərbaycana xeyli rusiyalı və ukraynalı pənah gətirib. Rusiya vətəndaşlarının kütləvi mühacirət yolu tutması hamıya məlumdur. Elə Dövlət Statistika Komitəsi özü deyir ki, son bir ildə Azərbaycana 625 min nəfərdən çox rusiyalı gəlib.

Bizimyol.info xəbər verir ki, Rusiya vətəndaşları Azərbaycanda mənzillər də alıblar. İndi onlara Ağ şəhərdə, Pirşağıda çox rast gəlmək mümkündür. Yəni turist sayının artmasında əsas rolu Ukrayna müharibəsi oynayıb. Gələn rusiyalıların, ukraynalıların məramı da səyahət olmayıb. Onlar özünə yeni yaşayış yeri seçiblər.


Keçən il Azərbaycana 2 milyon 86 min turistin ayaq basdığı bildirilir. Halbuki 2020-ci ildə rəqəm 3 milyon nəfəri aşmışdı. Pandemiyadan sonra turizm mənzərəsi pisliyə doğru xeyli dəyişib.


Ümumiyyətlə, ölkəyə gələnlərin əksəriyyəti heç də turist deyil. İndi paytaxtın taksi xidmətində nə qədər Pakistan vətəndaşının işlədiyini görmək mümkündür. Şəhərin mərkəz küçələrində müxtəlif dövlətlərdən işləmək üçün gələnlərin icmaları gözə dəyir. Onlar yerli mətbəxlərini bizim ölkədə göstərmək üçün xeyli obyekti kafe və restoran kimi icarəyə götürüblər. Bu mənada ölkəyə təşrif buyuran Hindistan vətəndaşlarının sayı da nəzərə çarpacaq dərəcədə çoxdur. Ümumiyyətlə, 2023-cü ildə əcnəbilərin 5,6 faizi buradan gəlib.


Azərbaycanda turizm çox çətinliklə nəfəs alır. Pandemiyadan əvvəlki canlanma yoxdur. Çünki xidmət səviyyəsi aşağı və bahadır. Üstəlik, aviabiletlərin qiymətləri əl yandırır. Dövlət Statistika Komitəsinin rəqəmləri hələ turizmin ayaqda dayanması anlamına gəlmir. Bizim ölkədə bu sahə bir tərəfi üstə qalıb.

скачать dle 12.1