Bia.Az

"Gözəl görünmək üçün qalıcı makiyaj prosedurlarına üstünlük verən xanımları "infeksiyalar" gözləyir"

Cəmiyyət
 22-01-2024, 15:50     229

Hər zaman gözəl və baxımlı görünmək istəyən bir çox qadın qalıcı dırnaq və makiyaj etdirməyə çalışır. Gözlərə qalıcı layner, dırnaqların hər zaman baxımlı görünməsini təmin edən qalıcı dırnaq boyası, dodaqların rənglənməsi və ya qaşların laminasiyası, qalıcı tonal kremlər və s. qadınlar daha çox üstünlük verdiyi prosedurlardandır.

Bəs qalıcı makiyajın, taxma dırnaqların qadın sağlamlığı üçün hansı təhlükələri var?

Kosmetoloq Nurlanə Əhmədova Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, steril olmayan vasitələrlə həyata keçirilən istənilən prosedur sağlamlıq üçün təhlükəli ola bilər. Bu prosedurlar zamanı müxtəlif yoluxucu xəstəliklər, o cümlədən AIDS və s. yoluxmaq mümkündür. Bu səbəbdən də hər hansı bir prosedurun əks tərəflərini düşünməmişdən əvvəl, həmin prosedurların hansı şəraitdə keçirildiyinə və hansı vasitələrdən istifadə edildiyini, vasitələrin steril olub-olmadığına diqqət yetirmək lazımdır. Steril olmayan vasitələrin istifadəsi göbələk, bakterial və viral infeksiyaların baş verməsinə səbəb ola bilər.
Kosmetoloq Nurlanə Əhmədova
 Nurlanə Əhmədova

“Hepatitlər, Herpes, müxtəlif ağır yoluxucu xəstəliklərə yoluxmaq mümkündür. Qalıcı makiyaj zamanı istifadə edilən vasitələr və boya çox önəmlidir. Çünki qalıcı makiyaj proseduru zamanı iynə vasitəsilə ilə dərinin altına boya yeridilir. Boya keyfiyyətsiz olduğu zaman və yaxud iynələr yeni açılmadığı zaman bu prosedurun fəsadları ola bilər”-deyən kosmetoloq qeyd edib ki, qalıcı qaş makiyajı və layner lazerlə müalicə edilə bilər, təmizlənə bilər. Amma qalıcı tonal krem makiyajı dəri üçün zərərlidir. İlk növbədə bu maddələr dərinin hava almasının qarşısını alır. Eyni zamanda üzdə olan tonal qalıcı makiyajı lazerlə təmizləmək mümkün deyil. Bu proses hansısa xüsusi fəsadla nəticələndiyi zaman artıq mütləq həkim müdaxiləsi olmalıdır.
Kosmetoloq bildirib ki, dəri xəstəliklərindən əziyyət çəkən qadınlar qalıcı makiyaja prosedurlarına üstünlük verməməlidirlər.
“Qalıcı makiyaj etdirmək niyyətiniz varsa, öncə getdiyiniz yeri ətraflı və xüsusi diqqətlə araşdırın. Daha sonra proseduru həyata keçirən kosmetoloqların peşəkarlığından əmin olun. İynələrin və üzüklərin gözünüz qarşısına açılmasını tələb edin. Çalışın ki, boyaların yüksək keyfiyyətli olduğundan əmin olasınız. Əks halda, boyalar allergik reaksiyalara da səbəb ola bilər. Bura üzün şişməsi, müxtəlif göbələk infeksiyaları, qabıqlanmalar, səpmələr və s. aid ola bilər.
Düzdür, hər bir qadın gözəl görünmək istəyir. Amma çalışın ki, gözəlliyinizi etibarlı əllərə əmanət edəsiniz”-deyə kosmetoloq vurğulayıb.скачать dle 12.1