Bia.Az

Şagirdlər tətil müddətində çox yüklənir - AÇIQLAMA

Cəmiyyət
 21-01-2024, 21:58     190

Ona görə aşağı əhval-ruhiyyə, tükənmiş enerji ilə məktəbə qayıdırlar

“Şagirdləri test və tapşırıqlarla yükləmək yerinə onları milli oyunlar oynamağa cəlb etmək, istedadlarının üzə çıxarılması üçün müxtəlif dərnəklər təşkil etmək lazımdır”


  Türkiyə milli təhsil naziri Yusuf Tekinin imzası ilə 2023-2024-cü tədris ili semestr tətili ilə bağlı bölgələrə məktub göndərilib. Məktubda bildirilib ki, semestr tətilində şagirdlərə test həlli, tələbəni tək bir sahəyə yönəldən ev tapşırıqları verilməməlidir. Bunun əvəzinə şagirdlər bədii, mədəni, idman və elmi fəaliyyətlərə diqqət yetirməlidirlər. Onları bu iştiraka həvəsləndirmək, ailə fəaliyyətləri ilə keyfiyyətli vaxt keçirmək, istedad və maraqlarına uyğun fəaliyyətlərə cəlb etmək, kitab oxumaq, filmlərə baxmaq, teatr, muzeyləri və tarixi yerləri gəzərək, sosial əməkdaşlıq və həmrəyliyə dəstək verən fəaliyyətlər həyata keçirmək, semestr tətilini məhsuldar keçirmək və yeni dövr üçün gümrah hiss etmək əsas şərtlərdəndir. Qeyd edək ki, Azərbaycanın ümumtəhsil məktəblərində yanvarın 27-dən ümumi təhsil müəssisələrində 2023-2024-cü tədris ili üzrə qış tətili başlayacaq. Məktəblilərin qış tətili 27-31 yanvar tarixlərini (5 gün) əhatə edir.  Bu mənada tətil günlərində uşaqların asudə vaxtının təşkili bizim üçün də aktual məsələdir. Məsələ bir neçə dəfə mediada müzakirə predmetinə çevrilsə də, birmənalı rəy yoxdur. Uşaqlar tətil günlərində zehni əməkdən uzaq qalmaq, valideynlər isə uşaqlardan fəqli olaraq uşaqlarının tətildə belə dərslərlə məşğul olmasını istəyir.

  Klinik-psixoloq Narınc Rüstəmovanın fikrincə, tətil, istirahət günlərindən sonra uşaqlar bağçaya və ya məktəbə qayıtdıqda daha gümrah və enerjili olmaları üçün tətil günlərində yaxşıca istirahət etməlidirlər. Lakin öyrənməkdən də geri qalmamalıdırlar.  Uşaqların asudə vaxtlarının səmərəli təşkil olunmasının vacib nüanslardan biri olduğunu vurğulayan psixoloq valideynlərə övladlarını onlar üçün əyləncəli, həm də, öyrədici olacaq oyunlara, təlimlərə yönəltmələrini tövsiyə edib: "Uşaqlar bir müddətlik tətillərdən, bayram günlərindən sonra yenidən bağçaya, məktəbə qayıtdıqda onlarda adaptasiya prosesi müəyyən mənada çətin olur. Xüsusən də bu hal istirahət, bayram günləri uzun olanda daha çox baş verir. Çünki rahatlığa, evdə istirahət etməyə öyrəşdikdən sonra yenidən məktəbə və ya bağçaya qayıtmaq, adaptasiya olmaqda çətinlik şəkirlər. Bu hallar həftə sonlarından sonra yeni bir həftəyə başladıqda da ola bilir.
Ona görə də istirahət və tətil günləri uşaqların istirahəti ilə yanaşı intellektual inkişafı üçün də yaxşı bir fürsət kimi dəyərləndirilə bilər. Hər bir valideyn xüsusən bu günlərdə övladını texnologiyadan, telefon və kompüterdən uzaq tutmağa çalışmalı, daha çox açıq havada gəzməyə, onlarla birlikdə vaxt keçirməyə üstünlük verməlidirlər. Eyni zamanda birlikdə rəsm çəkmək, idman etmək, kitab oxumaq və s. kimi məşğuliyyətlər də nəinki uşaqların inkişafına fayda verir, həm də onların zövqünü formalaşdırır”.

  Psixoloq hesab edir ki, valideynlər uşağın yuxu rejiminin pozulmamasına, gecə-gendüz yuxusunun qarışmamasına, tətil günlərinə xüsusi diqqət yetirməlidir: “Tətil günləri sona çatdıqda rejimsiz uşaqlarda səhər erkən oyananmaq, məktəbə getmək prosesi çətinləşir. Hətta bu hallar davamlı baş verdikdə irəli dönəmlərdə belə uşaqlarda məktəbə qarşı aqressiya yaranır. Çünki doğru yuxu rejimi uşağın böyüməsi, inkişafı ilə bərabər sinir sisteminin, əsəblərinin də normada olmasına gətirib çıxarır. Günlük rejimi saatlarla telefon, televizor və kompüterlə məşğul olmaq və ya günün çox hissəsini ancaq kitab oxumaq yerinə gününü planlayıb, hissələrə bölüb hər hissədə bir məşğuliyyəti yerinə yetirmək olar. Daha dəqiq şəkildə izah etsəm, yaxşı olar ki, uşaqlar valideynlərinin köməyi ilə tətil günlərində özlərinə günlük hədəflərindən ibarət bir cədvəl qursunlar. Beləcə, onların bayram günləri, tətil günləri həm səmərəli, həm öyrədici, həm də maraqlı keçmiş olar”.  Təhsil eksperti Kamran Əsədov isə “Sherg.az"a açıqlamasında qısamüddətli tətil günlərində şagirdlərin tapşırıqla yüklənməsinin yolverilməz olduğunu deyib.



Onun sözlərinə görə, tətil günlərində asudə vaxtın təşkili məktəblilərin fiziki və psixi sağlamlığı üçün çox mühüm əhəmiyyət kəsb edir.Şagirdlərin sağlam həyat tərzinin təlim-tərbiyə sisteminin prioritet istiqamətlərindən biri olduğunu vurğulayan ekspert hesab edir ki, hər bir məktəb və ailə uşaqların tətil və istirahət günlərinin səmərəli olmasına şərait yaratmalıdır: “Uşaqların əxlaqi və estetik tərbiyəsinin inkişafında istirahətin özünəməxsus yeri var. Tətilin müxtəlif yerlərdə keçirilməsi uşaqlarda xoş təəssürat, gözəl əhval-ruhiyyə yaradır. Uşaqlar bir-biri ilə fikir mübadiləsi edir, təəssüratlarını bölüşür, yeni məlumatlar əldə edirlər. Təəssüf ki, bir çox ailə uşaqların istirahət və asudə vaxtlarının təşkil olunmasına bir o qədər də əhəmiyyət vermirlər.Bir neçə aylıq tədris müddəti boyunca dərs oxuyan, imtahan və digər sınaqlardan keçən şagirdlərin psixoloji və zehni yoğunluqdan qurtarması üçün dincəlməsi, istirahət etməsi vacibdir. Tətil müddətində vaxtın səmərəli keçirilməsi vasitələrindən biri də idmanla məşğul olmaqdır. Boş vaxtlarında idmanla məşğul olan uşaqlarda aktiv həyat tərzi formalaşır, böyümə və inkişaf daha yaxşı olur, xəstəliklərlə mübarizədə immun sistemi daha da güclənir, artıq çəki problemi olmur, sümüklər, bədənin sinir sistemi inkişaf edir. Düşünürəm ki, tətil müddətində şagirdləri test və tapşırıqlarla yükləmək yerinə onları milli oyunlar oynamağa cəlb etmək, olan istedadlarının üzə çıxarılması üçün müxtəlif dərnəklər təşkil etmək, maraq dairələrinə uyğun asudə vaxtlarını təşkil etmək lazımdır. Əgər diqqət edilərsə, növbəti dərs ilində tətili yaxşı təşkil olunmuş şagirdlərin uğurları, təhsilə olan maraqları da artmış olacaq. Çünki onlar tətil və yaxşı istirahət sayəsində daxili komfort hissi əldə edirlər. Amma biz onları tətil müddətində yükləsək, aşağı əhval-ruhiyyə, tükənmiş enerji ilə məktəbə qayıdacaqlar".

BİA.az
скачать dle 12.1