“Azəricard”ın çökməsi bank sektorunu necə iflic etdi - Məsuliyyətsizliyin "cəza"sını vətəndaş çəkdi...
Yanvarın 6-da ölkə bank sektoru ənənəvi olmayan problemlə üzləşdi. Azərbaycanın ilk və ən böyük prosessinq mərkəzi olan “Azəricard” çökdü, bank əməliyyatları mümkünsüzə çevrildi. İaşə obyektləri çox çətin vəziyyətdə qaldı. Həm müştərilər, həm də sahibkarlar ciddi narahatlıq yaşadı.
Bizimyol.info xəbər verir ki, şənbə günü mobil tətbiqlər işləməməyə başladı. Bank müştəriləri öz maliyyə göstəricilərinə belə, baxa bilmirdilər. Sosial platformalarda hesabından xəbərsiz şəkildə pul çəkilməsi barədə mesaj aldığını yazanlar vardı. Bir sözlə, ölkədə aləm bir-birinə dəydi.
Günün sonuna yaxın “Azəricard”dan açıqlama gəldi. Prosessinq mərkəzi baş verənlərlə bağlı üzrxahlıq edib. “Azəricard” problemin aradan qaldırılması istiqamətində tədbirlər görüldüyünü bildirib. Amma böhran vəziyyətinin yaranmasından bir sutkaya yaxın vaxt keçməsinə baxmayaraq, problem tam həllini tapmayıb. İndi mobil tətbiqlərə daxil olmaq mümkündür, amma əməliyyat keçirmək həmişə alınmır.
Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz “Azəricard”ın daha məsuliyyətli davranmalı olduğunu düşünür: “Bildiyim qədər “Azəricard” datanı saxlamaq üçün əsasən HPE avadanlıqlarından istifadə edirdi. Maraqlıdır ki, HPE-nin ölkəmizdə nümayəndəliyi bağlanandan sonra “support” (dəstək) məsələsində bir neçə dəfə problemlər olub. Bu qədər zaman kəsiyində “backup”dan istifadə edilməməsi də düşündürücüdür. Düşünmək olar ki “Azəricard”ın uzun müddət sistemi bərpa edə bilməməsi “backup”ın problemli olması, yaxud da keyfiyyətli texniki dəstəyin əlçatan olmaması ilə bağlı olub. Yeri gəlmişkən, Dövlət Təhlükəsizliyi Xidməti və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin zaman-zaman səsləndirdikləri “kritik informasiya infrastrukturu”, “kritik qurumlar” məsələsi məhz bu baş verənlərdir”.
Ekspert vurğulayır ki, “Azəricard”da baş verənlər minlərlə istifadəçilər, şirkətlər və dövlət qurumları üçün ciddi problemlər yaradıb. Maraqlıdır, görəsən, “Azəricard” kritik informasiya infrastrukturu siyahısına daxil edilibmi? Bu siyahı DTX və XRİTDX -in təklifləri əsasında hökumət tərəfindən xeyli müddət öncə təsdiqlənməliydi. Osman Gündüz təəssüflə qeyd edir ki, hələlik belə bir təsdiqlənmiş siyahı yoxdur.
Ekspert problemi yetərincə aydın göstərib. Onun təhlilindən belə çıxır ki, baş verənlər “Azəricard”ın işinə məsuliyyətlə yanaşmamasının nəticəsidir. Əziyyətini isə ölkədə minlərlə insan çəkir.