Bia.Az

Biz nə zaman bu sahəyə ƏL QATIRIQ? - Rəsmən özbaşınalıq!

Cəmiyyət
 3-01-2024, 15:13     132

Türkiyə Ticarət Nazirliyinin yeni tənzimləməsi tətbiq edilməyə başlanıb.

Bu gündən etibarən qüvvəyə minən tənzimləmə ilə qida müəssisələri, xüsusilə kafe və restoranlar, tarifləri və qiymət siyahılarını əks etdirən lövhələri gözə çarpan şəkildə qapı və ya pəncərədən asmalı olacaq. Bu addımın məqsədi istehlakçıların qiymətlərlə bağlı şəffaf məlumatlara çıxışını təmin etməkdir. Nazirliyin “Qiymət etiketi əsasnaməsinə dəyişikliklər haqqında” Əsasnamə 19 dekabr 2023-cü il tarixli “Rəsmi Qəzet”-də dərc edilmişdi və müəssisələrə 1 yanvar 2024-cü il tarixinədək keçid dövrü üçün vaxt verilmişdi.

Əsasnaməyə əsasən, xidmətin göstərildiyi iş yerində tarif və qiymət cədvəllərinə aid sənədlər, lövhələr restoranlarda, kafelərdə, şirniyyat evlərində və digər qida və içki xidmətlərinin göstərildiyi yerlərdə iş yerinin giriş qapısından asılacaq, xidmətin göstərildiyi masaların üzərinə qoyulacaq. Artıq qida və içki xidmətləri göstərən müəssisələr tənzimləməyə uyğun olaraq qiymət siyahılarını qapıların önünə qoymağa başlayıblar. Bəzi müəssisələr də qiymət cədvəllərini restoran və kafelərin pəncərələrindən asaraq tənzimləməyə uyğunlaşıblar.

Müştərilər isə bu fikirdədir ki, indi alacaqları məhsulun qiymətini daha dəqiqi biləcəklər. Onların fikrincə, bu tənzimləmə tələbələr və turistlər üçün də vacibdir. Xüsusilə turizm şəhərlərində bu praktikaya ciddi şəkildə riayət etmək lazımdır. Turizm bölgələrində menyu qiymətləri olmadığı üçün yüksək qiymətli hesablar alına bilər.

Qeyd edək ki, ölkəmizdə də restoran və kafelərdə əsasən qiymətlərə nə pəncərə, nə də qapıların önündə rast gəlinir. Yalnız kiçik dönərxanalarda pəncərədə qiymət cədvəlini görmək mümkündür. Hətta bir çox restoranlarda menyularda da qiymətlər öz əksini tapmır. Bununla da restoranlar növbəti fəndə əl ataraq qiyməti müştərinin “üst-başına”, cibinə uyğun tənzimləyirlər. Yəni qiyməti yemək yeyildikdən sonra söyləyirlər və bununla da istehakçı həmin məbləği ödəmək məcburiyyətində qalır.

Onu da vurğulayaq ki, bu gün qiymətlərin menyuda göstərilməməsi, o cümlədən qapı və pəncərədən asılmaması ölkədə turizmin inkişafında problemlərin də yaranmasına gətirib çıxarır. Belə ki, bu gün artıq mövcud qiymətlərlə bağlı nəinki yerli əhali, hətta xarici turislər də turizm obyektlərinə səfərdən imtina edirlər.

Bu bir faktdır ki, turizmin inkişaf etdiyi ölkələrdə əsas amillərdən biri də məhz müştəri məmnuniyyətidir. Ancaq turizm obyektlərində servis xidmətlərinin düzgün təşkil edilməməsi ziyarətçilərin sayının azalmasına gətirib çıxarır. Uzun illərdir ki, insanlar ölkəmizdə turizm obyektlərində servis xidmətlərinin düzgün təşkil edilməməsindən şikayətlənirlər.

Məhz bu kimi problemlər, turizm obyektlərində qiymətlərin baha olması səbəbindən də ölkədə turist sayında artım müşahidə edilmir. Hətta bir neçə il öncə ölkəmizə gələn ərəb turistlərin sayında artım müşahidə edilirdi. Ancaq kafe və restoranlarda xarici müştərilərə, o cümlədən ərəblərə təqdim edilən həddindən artıq yüksək qiymətlər onların sayının azalmasına gətirib çıxardı. Məsələn, menyuda yer alan və 5 manatlıq yemək əcnəbilərə 20 manata təqdim edilirdi. Bunun nəticəsidir ki, artıq ərəb turistlər ölkəmizə gələn turistlər siyahısında ilk sırada yer almırlar.

Reallıq isə odur ki, bu kimi qeyri-etik davranışlarla ölkədə turizmin inkişafına zərbə vurulur. Bunun səbəblərindən biri də məhz turizm obyektlərində, kafe və restoranlarda qiymətlərin müştəridən gizlədilməsidir. Bütün bunlar isə onu göstərir ki, Türkiyədə tətbiq edilən tənzimləmənin ölkəmizdə də tətbiqinə ehtiyac var. Belə olduqda kafe və restoranlar nə yerli, nə də xarici müştəriləri aldada bilməyəcəklər.

Nigar Abdullayeva
"Cebhe.info"
скачать dle 12.1