Bia.Az

Bazar və marketlər od tutub yanır, inflyasiyanın rəqəmləri birrəqəmli göstərilməkdə davam edir

Cəmiyyət
 30-12-2023, 18:57     214

Azərbaycanda Yeni il kimi böyük bayramların gəlişi əhali üçün yaxşı şeylər vəd etmir. Belə əlamətdar günlərdə yüksələn ərzaq qiymətləri bir daha aşağı enmir. Bayramı keçirmək qayğısı ilə yanaşı, bazar və marketlərdəki mənzərə də vahiməli görünür. Xüsusilə, 2023-cü ildə qiymətlər çox yüksəlib. Amma hökumət real mənzərəni göstərməyin tərəfdarı deyil. İnflyasiyanın gerçək səviyyəsi etiraf olunmur.


Bizimyol.info xəbər verir ki, Dövlət Statistika Komitəsi 2023-cü ilin yanvar-noyabr aylarında ölkədə inflyasiyanın 9,4 faiz olduğunu iddia edir. Guya ərzaq məhsullarını, içki və tütün məhsullarını ayrıca hesablasaq, göstərici 10 faizi birtəhər aşar. Heç inandırıcı səslənmir.
Mütəxəssislər son bir ildə bahalaşmanın azı 20-25 faiz olduğuna əmindir. Bazarda təkcə pomidor-xiyar qiymətlərinə nəzər yetirmək kifayətdir. Bu məhsulların heç birinin kilosunu 4 manatdan ucuz almaq olmur. Xüsusilə, pomidor daha kasıb məhsulu sayılmır. Tərəvəz qiymətləri çox əlçatmaz olub.

İqtisadçı Natiq Cəfərli, inflyasiya göstəricisinin hökumət üçün prinsipial məqam olduğunu deyib. Onun fikrincə, bilərəkdən belə rəqəmlər açıqlanır. Həqiqətən də, hökumətin 10 faiz göstəricisinə psixoloji hədd kimi yanaşdığı aşkar görünür. Nə olur-olsun, bircə inflyasiyanın ikirəqəmli olması etiraf edilməsin.

Real durumu gizlətməklə vəziyyətdən çıxmaq mümkün deyil. Məsələn, son illər çörəyin az qala iki dəfə bahalaşmasını necə gizlətmək olar?! Hər il inflyasiya ikirəqəmli olur. Hökumət il ərzində bəzən belə rəqəmlər səsləndirir. Amma ilin sonu yaxınlaşanda durumun sabitləşməsi iddia olunur. Halbuki, məhz Yeni il ərəfəsində bazar və marketlərdə arzuolunmaz mənzərə yaranır.

Əhali üçün bundan sonra çətin dönəm başlayır. Martın sonuna qədər qiymətlər yüksək olacaq. Nəzərə alaq ki, Yeni ildən bir müddət sonra Novruz bayramı qeyd edilir. Təkcə bu zaman kəsiyində bahalaşma 15-20 civarında olur. Daha aşağı rəqəmləri necə səsləndirmək olar axı?!
İqtisadiyyat, daim idxaldan asılı ola bilməz. Bu haqda dəfələrlə yazmışıq. Böyük neft pulları gələndə lazımi addımlar atılmadı. Gələn il neftin xərci borcunu ödəməyəcək. Hökumət bütün bunların fonunda 2024-cü ildə inflyasiyanın daha aşağı olacağını iddia edir. Yenə inandırıcı deyil.скачать dle 12.1