Bia.Az

Gücləndirilmiş "əsəb" rejimi... Kommunal xidmət göstərən qurumlar təmir işlərini niyə qışın "oğlan çağı"na saxlayır...

Cəmiyyət
 30-12-2023, 18:48     223

İl başa çatır və artıq qarşıdan yeni il gəlir. İnsanların yeni ili qarşılamağa hazırlaşdıqları bu son həftələrdə kommunal xidmətləri qüsursuz şəkildə təşkil etməli olan qurumlardan - Azəriqaz, Azərsu və Azərişıqdan bəd xəbərlər gəlir. Azərsu və Azəriqaz bir neçə gün öncədən hansısa ərazidə fəaliyyətin müvəqqəti dayandırılacağını bildirib, orada hansısa təmir-bərpa işlərinin aparılacağını qeyd edirlər. Məsələn; havaya bulud gəlib, bir balaca yağış və ya qar yağan kimi, qəfil hansısa yeraltı və yaxud yerüstü su və qaz xətlərində ciddi problemlər yaranır və həmin ərazidə yaşayan sakinlər minimum 24 saat ya qazsız, ya da susuz qalmalı olurlar. Hansı ki, hələ qış fəsli daxil olmamış, kommunal xidmət göstərən bu qurumlar öncədən açıqlama yayırlar ki, qış fəslinin daxil olması ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçilib, önləyici tədbirlər alınıb.

Önləyici tədbirin nə olduğu, necə həyata keçirildiyi isə qış daxil olanda bilinir - böyük bir söz yığını. Yağış yağır və yeraltından keçən hər hansı su xətti deşilir. Əraziyə gələn su işçiləri həmin xətti dəyişirlər və məlum olur ki, bu su borusu köhnə olduğundan aşınmaya məruz qalıb və partlayıb. Bəzən, heç dəyişmirlər, adətən borunun deşilmiş yerlərinə müvəqqəti ağac parçaları tıxayıb, gedirlər. Yəni bütün bu problemlər qış mövsümü daxil olan zaman anidən ortaya çıxır və məlum olur ki, əslində heç bir gücləndirilmiş iş rejimindən və önləyici tədbirlərdən söhbət getmir. Məsələn, bir neçə həftə öncə Binəqədinin böyük bir hissəsində içməli su verilişi 24 saatlıq dayandı, yerli sakinlər mağazalardan 30-40 manata su bidonları alıb, evlərinə daşıyırdı. Bəziləri elə aylıq əməkhaqqını bir günlük suya həsr etməli oldu. Açıqlama bu oldu ki, təzyiq aşağı düşüb, amma təzyiqi qaldırmaq nə az, nə çox - düz 24 saat sürdü. Gör, indi "ürəyi dayansa" nə olardı...

Eyni problem Azəriqazda da mövcuddur. Məsələn, bu gün elan olunub ki, Mingəçevir və Bakı şəhərlərinin bəzi yerlərində müvəqqəti qaz fasiləsi yaranacaq, çünki təmir-bərpa işləri gedir. Anormal görünən təmir işlərinin getməsi deyil, heç kim yanlış anlamasın. Anormal görünən odur ki, bu təmir işləri küləyin yağışa, yağışın qara qarışdığı, çovğundan camaatın dörd-beş adyalla isindiyi bir vaxtda aparılır. Noyabr ayında camaat qolsuz köynəkdə gəzirdi istidən, onda niyə bu təmir işləri aparılmırdı? Nə vaxt ki, aləm dəyir bir-birinə, həmin gün məlumat yayılır ki, "hazırlaşın, sabah suyu, ya da qazı kəsəcəyik, çünki təmir işləri gedəcək".

Təbiət 11 ay oyaq qalıb, 12-ci ay qış yuxusuna gedəndə, bizim kommunal xidmət göstərən qurumlarımız 11 ay yatıb, 12-ci ay "yuxu"dan oyanırlar. "Azərişıq"da isə ümumiyyətlə, problemlə əlaqədar xəbər vermək kimi bir vərdişdən söhbət belə gedə bilməz. Kimsə onların qaynar xəttinə düşüb (!) məlumat verməsə, ərazidə həftələrlə işığın sönməsindən xəbərləri olmayacaq. Bunu hər yay fəslində müşahidə etmək olar. Ölkədə işığın imtahanı yayda, su ilə qazın imtahanı isə qışda olur. İnanmırsınızsa, sınayın.//Bizimyol.infoскачать dle 12.1