Bia.Az

Oynanılmayan oyunun qalibi kimdir?! - BAHƏDDİN HƏZİ YAZIR

Cəmiyyət
 30-12-2023, 15:17     285

Futbol fanatı deyiləm; heç bir komandaya, yaxud futbolçuya azarkeşlik etmirəm. Təkcə ona görə yox ki, sözün kökündə "azar" var və bu "azar" ən dərin kökü belə quruda bilər. O üzdən, hansısa bir adamın və ya adamlar qrupunun xəstəsi olmaq istəmərəm.

Futbola incəsənət kimi baxıram; oyunçuların kimliyi, qazanılmış nəticə məni o qədər də bağlamır. Mən idmandakı estetikadan enerji alıram; hərəkətlər simfoniyasının verdiyi həzzi heç nə əvəz edə bilməz. Futbolçu yaşıl meydanda dəri topla rəqs edən çılğın rəqqasdır. Bu oyunun ən çox Cənubi Amerikada sevilməsi də bu üzdəndir. Dünya karnaval mədəniyyətinin şəriksiz paytaxtı Braziliya dəri topla estetik rəqsin rəqibsiz məktəbidir. Bu məktəbin yetirmələrini sevməyən çətin tapıla.

Hə, bir də, təbii ki, idmandakı etikanı sevirəm. Qalib və məğlub bir-birinin əlini sıxıb təbrikləşəndə. Oyun insanları düşmən etmirsə, idmandır. İnsanları düşmənə çevirirsə, deməli, ortada gizli-məkrli bir oyun var.

Ona görə: "Türkiyənin iki böyük komandası harda oynadı? Niyə oynamadı?!" kimi suallarla qələmi yormayacam; bunları dartışmaq mənlik məsələ deyil. Belə mübahisələrdə yoxam. Mən məsələyə başqa tərəfdən baxacam.

Mənim üçün bir gerçək var - Qazi Mustafa Kamal Atatürk.

Futbolçular oynamadılar, ancaq meydanda Atatürk qalib gəldi.

Türkiyə Cümhuriyyətini kim idarə edir-etsin, Türk millətini hələ də Atatürk idarə edir.

Türk cəmiyyətinin hələ də tam "Ərəbistanı çıxmayıbsa", buna Atatürk mane olduğu üçündür. Ona görə Ərəbistan Atatürkün qarşısını kəsmək istəyirdi.

Orta çağın bədəvi zehniyyətini Anadoluda üstün yaşam və düşüncə tərzinə çevirmək mümkün olmayıbsa, bunun əsas səbəbi millətin hələ də Atatürkün gətirdiyi laikliyə sadiqliyidir.

Səudiyyə mediası Atatürkü "kafir" adlandıracaq qədər məlunlaşırsa, Ərəbistan yarımadasını sarmış radikal təriqətin zalım zehniyyəti Atatürkü din düşməni hesab edirsə, deməli, Atatürk elə əsl mömindir. Çünki Atatürkün öz şəxsiyyət profili, düşüncə keyfiyyəti, vizion miqyası, ideya gücü özlüyündə ən mükəmməl bir inanc sistemidir. Dünyanın məğzi neftlə qanın qarışığından yoğrulmuş ən varlı-hallı adamları, ən amansız dövlət maşını, ən qəddar ideoloji-teoloji doktrinası belə Mustafa Kamal Paşanın qarşısında aciz qaldı.

Niyə?!

Çünki öz milləti Atatürkü özünün "qırmızı xətti" elan edib; kim o xətti tapdalamaq istəsə, millət ona dərhal "qırmızı kart" göstərər. Göstərdi də.

Qazi Mustafa Kamal Paşa Anadolu türkü üçün kimdirsə, öndər Məhəmməd Əmin Rəsulzadə də Qafqaz türkü üçün həmin şəxsiyyətdir. Biz "Qalatasaray" və "Fənərbaxça" komandalarının oynanılmamış oyununa "baxıb", bu tarixi dərsi də almalıyıq; millət öz dəyərlərinə sahib çıxdığı boyda millətdir.

Anadolu türkü o "yabancı" dediklərinin yaşıl meydanında öz "qırmızı xətt"ini qorudu, qoruyur. Bəs biz?!

İki "D" - dövlətin sərhədidir (delimitasiya və demarkasiya olunmuş hədd), dövlətin toxunulmazlıq rəmzidir. Millətin sərhəddi isə onun dəyərləridir. Dövlət - fiziki ölçülərin dəyəridir. Millət - mənəvi dəyərlərin ölçüsüdür.

Qazi Mustafa Kamal Paşa bütöv türk millətinin mənəvi sərhəddidir. Eynilə Məhəmməd Əmin Rəsulzadə. Biz də millətimizin sərhəddinin bizə düşən hissəsini - "qırmızı xətt"imizi qorumağı bacarmalıyıq. Bunu bacardığımız qədər millətik biz (bu anlamda millətimizin ən böyük sərhəd keşikçilərindən biri Şirməmməd Hüseynov idi).

Və təkcə Rəsulzadə deyil o "qırmızı xətt" - mənəvi sərhəd. Başqa çox dəyərlərimiz də var.

Bəli, dünən türk milləti Ərəbistan yarımadasında öz mənəvi sərhəddini xarici təcavüzdən müdafiə və mühafizə etdi. Türk bayrağını, Atatürkü aşağılamaq, millətin mənəvi xəritəsində miqyasını kiçiltmək cəhdləri dəf olundu. Bu, Atatürkü və millətini dünyada daha da böyütdü; bir millətin böyük-böyük dövlətlərdən daha güclü olduğunu dosta da, düşmənə də bir daha göstərdi. Bu, öz dövlətinin qarşısında belə zəif qalan millətlərə ən yaxşı nümunədir.

Təbii ki, nümunə götürmək istəyən üçün...

Bahəddin Həzi 
Bahəddin Həzi

Bahəddin Həzi, 

Bizimyol.info

скачать dle 12.1