Bia.Az

Sülh müqaviləsi imzaları gözləyir - Moskva, Bakı və İrəvan...

Cəmiyyət
 29-12-2023, 12:58     220

Gələn il Ermənistanla Azərbaycan arasında sülh sənədinin imzalanması ehtimalı yüksəkdir, MDB zirvəsində də danışıqlar ayaqüstü və ikitərəfli formatda keçdi; lakin sazişə demarkasiya, delimitasiya salınmayacaq - təhlilçilərin çarpaz baxışları...
“Ötən həftə sülh sazişinin mətninin son variantını Ermənistan tərəfinə təhvil verən Bakı indi İrəvandan öz təkliflərinə cavab gözləyir. Sülh prosesinin bu həlledici mərhələsində İrəvanın konkret nəticələrə nail olmaq üçün səmimi yanaşması zəruridir”.
Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov “The Guardian”a müsahibəsində belə deyib. Onun sözlərinə görə, Ermənistan özü üçün Azərbaycanla sülh sazişinin imzalanmasının bütün faydalarını tam dərk etməli, eləcə də sülh prosesini pozmağa və ölkəmizlə hərbi qarşıdurmaya qayıtmağa yönəlmiş bütün zərərli illüziyalardan və hiylələrdən imtina etməlidir.
Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsinin sədri Leonid Kalaşnikov Ermənistan-Azərbaycan sülh danışıqlarından və bu danışıqlarda Rusiyanın rolundan danışıb. L.Kalaşnikovun fikrincə, Ermənistan üçün yumruqla masa döyməyin mənası qalmayıb. Sitat: “Fikrimcə, Ermənistan və Azərbaycan sülh sazişinin imzalanmasının bir addımlığındadır. Baş verən və son nəticədə indiki vəziyyətə gətirib çıxaran hadisələr düzgün inkişaf edib. Yalnız 3 regional qonşu danışıqlar aparmalı idi: Azərbaycan, Ermənistan və Rusiya. Mən həmişə bu barədə danışmışam. Bizdən başqa ABŞ və Fransanın həmsədrlərinin olduğu Qarabağ üzrə Minsk Təmas Qrupuna heç vaxt inanmamışam. Onlar kömək üçün heç nə etmədilər”, - deyə Kalaşnikov bildirib. Deputat xüsusilə qeyd edib ki, indi Ermənistan üçün yumruqla masa döyməyin mənası qalmayıb. Kalaşnikov açıq-aşkar Ermənistanın Qərb müstəvisində cəhdlər göstərməsini mənasız hesab edir. Rusiyanın mövqeyi belədir ki, Azərbaycan-Ermənistan münaqişəsi Moskvanın vasitəçiliyi ilə çözülməlidir. Kalaşnikov həmin mövqeyi növbəti dəfə təkrar edir. Paşinyan hakimiyyəti nə qədər Qərbə yönəlik reveranslar etsə də, iqtisadi və hərbi baxımdan Rusiyanın orbitindədir. Fakt odur ki, Ermənistan Rusiyanın forpostudur. Belə görünür ki, verilən mesajlara baxmayaraq, Ermənistan rəhbərliyi Rusiyanın qırmızı cizgilərini anlaya bilmir. 
Sankt-Peterburqda Prezident İlham Əliyevlə baş nazir Nikol Paşinyan arasında qeyri-rəsmi görüş haqda isə heç bir təfərrüat yoxdur. Siyasi şərhçi Asif Nərimanlı qeyd edib ki, əsas  diqqətçəkən məqam görüşün ikitərəfli formatda keçirilməsi, Putinin iştirak etməməsidir: “Görünür, Sankt-Peterburqdan sonra Qərbin görüş təşkilində israr edəcəyi gözləntisinə qarşı üçüncü tərəflərin prosesdə iştirak etməməsi prinsipi qorunub. Putin üçün hazırda əsas olan görüşün Rusiyada baş tutmasıdır”. 
“Azərbaycan və Ermənistan liderləri Peterburqda danışıqlar aparmayıb”. Bunu isə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, liderlərin hamısının ayaqüstü qısa təmaslar üçün imkanı olub. “Bakı ilə İrəvanın sülh müqaviləsini yekunlaşdırmağa doğru irəlilədiyini qeyd edirik. Ümid edirik ki, Azərbaycan və Ermənistan sülh müqaviləsini mümkün qədər tez bağlayacaq. Bakı ilə İrəvanın sülh müqaviləsinin bağlanması üçün siyasi iradəsinin mövcudluğunu görürük”, - deyə Kremlin sözçüsü vurğulayıb.
Kreml Ermənistanla Azərbaycan arasındakı münaqişənin Rusiyanın iştirakı olmadan imzalanan bir sülh sazişi ilə başa çatmasının bölgədə Moskvanın mövqeyini daha da zəiflədəcəyini başa düşür. Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın sözlərinə görə, delimitasiya prosesinin proqnozlaşdırıla bilən olması və onun əsaslarının sülh müqaviləsində təsbit edilməsi erməni tərəfi üçün son dərəcə vacibdir. Nazir qeyd edib ki, sülh müqaviləsinin yekun mətni hələ yoxdur. Lakin onun dediyinə görə, hazırda həmin müqaviləyə delimitasiyanın prinsiplərinin daxil edilməsinin mümkünlüyü məsələsi müzakirə edilir. Azərbaycan rəhbərliyinin Ermənistanın təklif etdiyi üç prinsipə münasibəti məsələsindən danışan nazir qeyd edib ki, formal baxımdan bunun sırf İrəvanın təklifi olduğunu söyləmək çox da doğru deyil və bu prinsipləri Aİ Prezidenti Şarl Mişel hələ iyuldakı görüşdən sonra bəyan etmişdi.
“Azərbaycanın hədəfi Ermənistanla sülh sazişidir və ona çox yaxınıq”. Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev belə deyib. O bildirib ki, hələlik sülh sazişinin imzalanacağı dəqiq tarixi demək çətindir: “Ən əsas odur ki, mənfi münasibət sıfıra endirilib. Demarkasiya, delimitasiya uzun prosesdir və bu, sənədə daxil edilməyəcək, çünki bu proses uzun çəkir. Rusiya ilə 25 il çəkib. Gürcüstanla sərhədin bir hissəsi heç müəyyən olunmayıb. Ermənistanla bəzi anklav məsələləri də ortada var. Ola bilsin ki, anklavlar məsələsi delimitasiya çərçivəsində həll olunacaq”. Göründüyü kimi, fərqli proqnozlar, müxtəlif aspektlərdən yanaşmalar var. Amma nə sənədin mətni tam razılaşdırılıb, nə tarix dəqiqdir, nə də sazişin imzanacağı ünvan bəlli...
Tofiq Abbasov (politoloq) — Vikipediya
Tofiq Abbasov
AzTV-nin İctimai-siyasi proqramlar studiyasının direktoru, politoloq Tofiq Abbasov “Yeni Müsavat”a bildirdi ki, sülh müqaviləsinin imzalanması nəzəri cəhətdən ehtimal kimi yüksək görünür, onun konturlarını sezmək olur: “Lakin praktik baxımdan Ermənistan sülh oyununu davam etdirir. Yəni "biz razıyıq, cüzi məsələlər qalıb, fundamental mövzular həllini tapıb" kimi bəyanatlar səsləndirirlər. Əslində isə Ermənistan yalnız danışır, yalnız vədlər verir... Gəlin baxaq, Ermənistanda hansı hərbi hazırlıqlar gedir. Fransa bir tərəfdən, Hindistan o yandan... Nəhayət, Pentaqon erməni ordusunu hazırlamağa başlayır. Biz bilirik ki, Ukrayna ordusunda britaniyalılar, polşalılar müəyyən hazırlıqlar keçirlər. İndi biz Ermənistan ordusu üçün bu təlimləri, hazırlıqları görməkdəyik. Bu da nədən xəbər verir? Deməli, İrəvan yalandan hay-küy salır, Azərbaycan guya hücuma hazırlaşır, amma faktiki özləri hərbi cəhətdən hazırlaşırlar. Ona görə də bu sadalanan detalları üst-üstə gələndə bir mozaika, “pazl” alınır". T.Abbasov hesab edir ki, Azərbaycan Ermənistanın bu oyunlarından çox gözəl nəticələr çıxarır: “Necə ki 2022-ci ildə İrəvan sülh-sülh deyirdi, amma gördük ki, bunkerlər tikiblər, silahlanıblar, deməli, onlara sülh yox, müharibə lazım idi. Ermənistan 7 səddən ibarət istehkamlar qurmuşdi. Amma onların bu oyunbazlığı, hərbi hazırlığı, bu çanaq öz başlarında sınacaq. Çünki dünyanın hərbi-siyasi fenomeni dəyişir, Azərbaycanın müdafiə sistemi indikindən də güclü olacaq və heç zaman Azərbaycan sərhədini keçə bilməyəcəklər”. 
Ermenistan KGAÖ'yü oyuna dahil etmek istiyor
Elxan Şahinoğlu
Siyasi analitik Elxan Şahinoğlunun “Yeni Müsavat”a bildirdiyinə görə, Azərbaycanla Ermənistan arasında sülh sazişinin gələn ilin birinci yarısında imzalanması ehtimalı yüksəkdir: “Buna baxmayaraq, sülh sazişi iki ölkə arasında bütün problemlərin həlli demək olmayacaq. Sülh sazişinin fəlsəfəsi iki ölkənin bir-birinin ərazi bütövlüyünü tanımasıdır. Sərhədin müəyyənləşməsi və dəhliz məsələsi sülh sazişinin xaricində qalacaq, bunlar sonrakı danışıqlar predmetidir. Tərəflər sülh sazişinin imzalanmasına nə qədər yaxındırlarsa, sərhədlərin müəyyənləşməsi və kommunikasiya xətlərinin açılması mövzularına vaxt daha çox sərf olunacaq”. 
Rusiyanın “Kommersant” nəşrinin öz mənbələrindən aldığı məlumata görə, tezliklə Azərbaycanla Ermənistan arasında imzalana biləcək sülh müqaviləsi üzərində hazırda fəal iş gedir. Adıçəkilən nəşr konkret tarix göstərməsə də, sülh sazişinin 2024-cü ilin lap əvvəllərində imzalana biləcəyini iddia edir.
“Kommersant” yazır ki, MDB-nin qeyri-rəsmi sammitində  əsas nyusmeykerlərdən biri Ermənistanın baş naziri Nikol Paşinyan olub. Paşinyanın İlham Əliyevlə qısa görüşünü şərh edən nəşr “Ermənistan Azərbaycanla sülh bağlamağa hazırlaşır” başlıqlı məqalə ilə çıxış edib./Musavat.comскачать dle 12.1