Bia.Az

"Əlvida, silah!"

Cəmiyyət
 28-12-2023, 12:06     209

Demək olar ki, hər gün kimdənsə avtomat, qumbara, cürbəcür döyüş sursatı çıxır. Kimisi gətirib polisə könüllü verir o silahı, kimisini də o silah ələ verir; tutulur, silahı da gedir əlindən, azadlığı da.


Mən bir şeyi hələ də anlaya bilmirəm: evində qanunsuz, sənədsiz-kağızsız silah saxlamaq, bağında gizlətmək, xəlvətcə avtomobilində gəzdirmək... bu, normal insanın nəyinə lazımdır?!
Məgər o silah sənin azadlığından, canından şirindir, əzizim-iki gözüm?! Azadlıq axı elə, əslində, sənin öz canın deməkdir.
Səhərdən gecənin yarısına qədər əlləşirsən ki, adam kimi dolanasan, normal yaşayasan. Həyat standartların aşağı düşməsin ki yüksəlsin. Evinə, ailənə ruzi qazanasan. Amma birdən hardansa beyninə düşür ki, yox e, mütləq, gərək hardansa gizlicə silah tapıb alasan.
Bir ətək pul da verirsən. Və bir gün o silahı səndə biri görür, ya da şübhələnir, polisə xəbər uçurur, gəlib axtarırlar, tapıb götürürlər. Səni də, silahı da.
O silahdan bəlkə kiməsə atəş açmamışdın, amma, o, silah səni atəşin ortasına atdı. O qumbara, bax, sənin öz başında partladı. Sakit, normal güzəranını göyə "sovurdu". O avtomat sənin ailəni "hədəf aldı".
Hə, sən istintaqa deyəcəksən ki, kimsəyə atəş açmamısan, heç elə bir fikrin də olmayıb. Polis də araşdıracaq, tutaq ki, sözün doğru çıxacaq.
Nə olsun ki?!
Sən onsuz da bir yanlışın içindəsən. Bilmirəm, müstəntiq səndən soruşacaq, ya yox? (Şübhəsiz, soruşacaq). Ancaq əvvəlcə mən sual verim: fərz edək ki, düz deyirsən: o "Kalaşnikov"dan kimsəyə atəş açmamısan. O qumbaranı da kimsənin həyətinə atıb həyatını yerlə-yeksan eləməmisən. Heç belə bir niyyətin də olmayıb. Deyək ki, buna mən də inandım, polis də, hər kəs də. Bəs sən o avtomatla, o pulemyotla, o qumbara ilə kimə, nəyi sübut eləmək istəyirdin?! O silahlarla hansı bir problemi və necə həll etmək istəyirdin?! O patron daraqları ilə saçını darayırdın?! O pulemyotla birlikdə yaşamaq sənə ekstra bir dəyərmi qatırdı?!
Təbii ki, yox.
Ailənin dolanışığını yaxşılaşdırırdı?! Yox!
Övladlarının zehnini, bəxtini, yolunu açırdı?! Əsla!
Səni el-oba içində, dost-tanış arasında hörmətə mindirirdi?! Qətiyyən!
Sənin imanını, inancını kamilləşdirirdi, günahlardan arındırıb, savab qazandırırdı?! Tövbələr olsun! Əksinə daha çox günaha batırırdı.
Bəs onda bu kor inad nəmənədir?!
...Bir gün məndən yaşca kiçik olan, ərkim çatan tanışıma dedim: "Sən sürətlə türməyə doğru gedirsən, icazə ver, sənə mane olum, bu yoldan çəkiləsən..."
Dinləmədi, sürətini azaltmadan gedib-gedib həbsxana divarlarının arasına daldı. Ömrünün bir neçə ilini itirdi.
İndi də sən! Gizlicə, qanunsuzca silah saxlayan qardaş, vətəndaş, soydaş, hər  kimsə! Sürətlə öz fəlakətinə doğru gedirsən, xəbərin olsun.  Dövlət, cəmiyyət - hər kəs deyir: "Gətir, o silahı polisə ver!" Yəni sənin fəlakətə doğru qaça-qaça getməyinə dövlət mane olmaq istəyir. Dirənmisən ki, yox! Niyə icazə vermirsən ki, sənə... əngəl olsunlar?! Axı o silah səni kimdən qoruyacaq?! Kimdə silah olmalıdırsa, kim səni silah gücünə qorumalıdırsa, o şəxsdə silah var da. Qanunla var!
Niyə höcətləşirsən?!
Qəbul et artıq: o saxlancında səssiz-səmirsiz, hərəkətsiz "yaşayan" silah səni "öldürür";  o tüfəng sənin öz azadlığına, ömrünə tuşlanıb, keçmişini, bu gününü, gələcəyini nişan alıb. Sənin sabahkı faciənin bugünkü nişanəsidir. Səni zindan zülmətinə doğru aparan yol nişanıdır. Hər ötən gün yox, hər an səni qaçılmaz kədərli, qorxulu sonluğa yaxınlaşdırır.
Düşünürsən: "Mən axı bu silahı götürüb, qanunsuz bir hərəkət etmirəm! Dilsiz-ağızsız, əşyadır da, kimə mane olur?!"
Sənə mane olur, sənə! Anla artıq! Və unutma: cinayət - təkcə cinayətkarcasına hərəkət deyil, həm də cinayətkarcasına hərəkətsizlikdir. Bu yazdığım cümlə də, sadəcə, gəlişirəvan publisistika ehtiyacından doğmuş söz oyunu deyil, cinayət qanunvericiliyinin düzünə göstərişidir. Qanundankənar hərəkət də, eyni cür hərəkətsizlik də cəzalandırılır, biləsən?!
...Onilliklər öncə ustad şair Vaqif Bayatlı Ödər doğum günümdə mənə bir suvenir xəncər bağışlamışdı. Onu otağımdan asmışdım. Bir gün iş yerimə qonaq gəlmiş vəkil dostum xəncərə maraq göstərdi. Ona zarafatla dedim: "Deyirlər ki, divardan asılmış hər silah bir gün bir yerdə mütləq atəş açır. Görəsən, bu xəncər də "atəş açar"?!"
Ürəkdən güldü. Dedi: "Yox, bu, silah sayılmır, simvolik məna daşıyır, adi suvenirdir, hər yerdə satılır".
Yaxşı, evində odlu silah saxlayan qardaş, odla oynadığının fərqinə vardınmı?! Mən simvolik xəncərdən belə şübhələndiyim halda, sən o gizlətdiyin "Kalaşnikov"dan heç ürpənmədinmi?!
Unutma: yastığının altındakı "ölüm aləti" sənin ölümsüzlüyünün qarantı deyil. Bəlkə də başını o silaha söykəyib rahat yatmısan, ya da elə sanırsan. Ancaq o silah sənin başına söykənib və... bir gün atəşlənəcək, biləsən.
Nə qədər gec deyil, qurtul o silahdan. Həyatını və sənə doğma həyatları qurtar. Həyat - bir oyun deyil, o silah da oyuncaq deyil. Həm də heç deyil. Ən azı öz həyatınla oynama.
Doğrudanmı, ikicə kəlmə  - "Əlvida, silah!" demək bu qədər çətindir?!

Bahəddin Həzi Bahəddin Həzi

Bahəddin Həzi, Bizimyol.infoскачать dle 12.1