Bia.Az

Sabir Rüstəmxanlının partiyası da seçkidə iştirak qərarı verdi

Cəmiyyət
 26-12-2023, 14:44     257

VHP-dən seçki qərarı: “Partiya üzvləri seçkilərdə öz seçimini azad şəkildə ifadə edəcək”

Vətəndaş Həmrəyliyi Partiyası Siyasi Şurası 7 fevral növbədənkənar prezident seçkisi ilə bağlı qərar verib.

Musavat.com bildirir ki, Partiyanın seçkidə iştirakı haqda verilən bəyanatda deyilir:

“Azərbaycanın tam və ədalətli qələbəsi ilə başa çatan Vətən Müharibəsi tək ölkədə deyil, bütövlükdə Cənubi Qafqazda yeni siyasi şərait yaratdı. 2024-cü ilin 7 fevral tarixində növbədənkənar prezident seçkilərinin keçirilməsi həm də yeni siyasi dövrün başlanğıcının rəsmiləşməsi kimi qəbul edilməlidir. Növbədənkənar seçkini zəruri edən bir sıra beynəlxalq faktorlar da nəzərə alınmalıdır. Bu seçkilər regionda və dünyada baş verən geosiyasi gərginlikdən, mümkün və ehtimal olunan təhlükələrdən Azərbaycanı qorumağa xidmət edən bir siyasi hadisə kimi qəbul edilməlidir.

Biz bundan əvvəl də Azərbaycanda növbədənkənar seçkilərin keçirilməsinin şahidi olmuşuq. 2018-ci ildə Prezident seçkiləri, 2020-ci ildə parlament seçkiləri keçirilib. Hər iki halda seçkinin növbədənkənar keçirilməsinin nə qədər düzgün qərar olduğunu gördük. Növbədənkənar prezident seçkiləri gələcək siyasi yönətimin, ölkəmizin maraqlarını təmin edəcək regional xarici siyasətin inamlı ifadəsinin legitimliyini yaratmış olacaq. 7 fevral seçkiləri Azərbaycanın bütün tarixi boyu baş tutacaq ən qürurverici seçki olacaqdır. Çünki Azərbaycan beynəlxalq qanunlarla təsbit olunmuş ərazilərində suverenliyini, ərazi bütövlüyünü tam bərpa edib və seçki bütöv Azərbaycan ərazisində keçiriləcəkdir.20 min seçici - doğma yurdlarına qayıdan insanlarımız ilk dəfə işğaldan azad edilmiş ərazilərdə təşkil ediləcək seçki məntəqələrində səs verəcəklər.

Bütün bunları nəzərə alaraq Vətəndaş Həmrəyliyi partiyası 7 fevral prezident seçkilərində vətəndaş fəallığını zəruri sayır və əmin olduğunu bildirir ki bu seçki anonsu verilən siyasi və iqtisadi islahatların gerçəkləşməsinə yol açacaqdır. Mövcud reallıqları, durumu nəzərə alaraq VHP seçkilərə öz namizədi ilə qatılmır. Partiya hazırkı ölkə başçısını seçkinin əsas favorit namizədi hesab edir. VHP üzvləri seçkilərdə öz seçimini azad şəkildə ifadə edəcək. VHP əmindir ki, şəffaf şəraitdə keçiriləcək azad və ədalətli 7 fevral Prezident seçkiləri ölkəmizdə demokratiyanın, milli həmrəyliyin təntənəsinə çevriləcək və bütün dünya buna şahid olacaqdır”.скачать dle 12.1