Bia.Az

Abşeronda atışmada iştirak edən məşhur bokusçuya hökm oxundu - İş adamının qətl işi

Cəmiyyət
 15-12-2023, 21:40     258

2017-ci ildə iranlı iş adamı Bəşir Qəhrəmaninin sifarişi əsasında qətlə yetirilən şəriki Valeh Nəcəfovun ölümündə günahlandırılan daha bir şəxsə hökm oxunub.

Qaynarinfo-nun məlumatına görə, 6 il Abşeron rayonda baş verən qətli bir qrup şəxs halında törətməkdə təqsirləndirilən və buna görə 5 il axtarışda olan peşəkar bokusçu Samir Kazımov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 17 il müddətə azadlıqdan məhrum edilib.

Samir Kazımov məhkəmədə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək deyib ki, ittihamda nəzərdə tutulan cinayətlərin heç birini törətməyib. Onu da deyib ki, əslən Lənkəran rayonundan olan iş adamı Valeh Nəcəfov kriminal aləmdə "Rövşən Lənkəranski" kimi tanınan "qanuni oğru" Rövşən Canıyevin yaxın adamı olub, Moskva şəhərində yerləşən meyvə-tərəvəz bazarında alverçilərdən haqq yığıb və dolayı yolla bazara nəzarət edib. Həmçinin Valeh Nəcəfov göyərti məhsullarını İrandan almaqla Rusiyada satışını həyata keçirib: "Sonuncu dəfə iranlı iş adamı Bəşir Qəhrəmanidən nisyə göyərti alaraq Rusiyaya göndərib və 30 min dollar pulunu vermədiyi üçün ondan hənin vəsaiti tələb etmişəm. Onu öldürmək bir planımız olmayıb".

İstintaqla müəyyən edilib ki, Xəyal Paşayev, Kənan Həsənov, Bilal Bayramov, Allahverdi Ruzpeykar, Məhəmməd Əhmədov, Samir Kazımov və qeyriləri 2017-ci il martın 29-u saat 17.00 radələrində Valeh Nəcəfovun yaşadığı Xırdalan şəhəri, H.Əliyev prospekti, 23 saylı evin qarşısına gəlib, onu məcburi şəkildə "Mercedes" markalı avtomobilinə mindirib, Əhmədli qəsəbəsində yerləşən "Manqal" adlı kafeyə apararaq oğurlayıblar. Daha sonra Xəyal Paşayev Valeh Nəcəfovu vuraraq, ondan İran vətəndaşına qaytarmalı olduğu 30 min dolları hədə-qorxu yolu ilə tələb edib. Valeh Nəcəfov pulu olmadığını bildirdikdə dəstə üzvləri onu Məhəmməd Əhmədova məxsus Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bahar yaşayış massivində yerləşən bağ evinə aparıblar. Orada Valeh Nəcəfova zor tətbiq edildikdən sonra zərərçəkmiş pul əvəzinə həyat yoldaşına məxsus qızıl əşyaları verməyə razılaşıb.

Dəstə üzvləri Valeh Nəcəfovu evinə apararaq arvadına məxsus 15 min manat dəyərində zinət əşyalarını qəbul ediblər və növbəti gün görüşməyə razılaşıblar. Sonra onlar Valeh Nəcəfovla görüşərkən Xəyal Paşayev Kənan Həsənova onu "Karvan" çay evinə aparmasını tapşırıb. Özü digər iki nəfərlə qızıl əşyaları satmaq üçün ayrı-ayrı şəxslərə müraciət edib. Lakin dəstəni qane edən qiymət verilmədiyindən onları özlərində saxlayıblar. Daha sonra axşam saatlarında çay evinin qarşısında Valeh Nəcəfovu döyərək təhqir ediblər. Bu vaxt zərərçəkən üzərində gəzdirdiyi "Beretta" markalı tapançadan atəş açıb. Lakin dəstə üzvlərinin müdaxiləsi ilə Valeh Nəcəfovun müqaviməti qırılıb, Xəyal Paşayev onun əlindən silahı alaraq baş nahiyəsinə bir dəfə atəş açmaqla öldürüb.

Əsas təqsirləndirilən şəxslərdən biri - Xəyal Paşayev ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərib ki, qızıl əşyalarını Valeh Nəcəfova verib, onlara 1500 manatdan artıq pul verilmədiyini bildirib. Valeh Nəcəfov isə ona qızılı girov qoyub, pul götürəcəyini deyib. Az sonra Valeh Nəcəfov sağollaşıb, evinə gedib, təxminən 15 dəqiqədən sonra onlar da kafedən çıxıblar. Həmin vaxt arxadan kimsə onu adı ilə səsləyib, arxaya dönüb və Valeh Nəcəfovun əlindəki silahı ona tərəf tuşladığını görüb. Valeh Nəcəfov atəş açan kimi digərlərinə "qaçın" deyib, özü isə yerə yıxılıb. Münaqişə zamanı qolundan yaralanan Xəyal Paşayev qonşusundan təcili yardım çağırmasını xahiş edib. Təcili yardım briqadası həmin ünvana gəlib, onu xəstəxanaya aparıb.

2018-ci ilin dekabrında məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ittiham olunan Xəyal Paşayev 19, Kənan Həsənov və Bilal Bayramov 18, Allahverdi Ruzpeykar və Məhəmməd Əhmədov 13 il müddətinə azadlıqdan məhrum olunublar. 2021-ci ilin avqustunda Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cinayətin sifarişçisi olan İran vətəndaşı Bəşir Qəhrəmani, həmçinin İlham Həsənov, Miskin Qasımov və Rəşad Qurbanov hər biri 18 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

Sonda prokurorluq və polis əməkdaşları tərəfindən həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində axtarışda olan təqsirləndirilən şəxs Samir Kazımov 12 may 2022-ci il tarixdə tutulub, 18 may 2022-ci il tarixdə ona Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 221.2.1 və digər maddələri ilə ittiham elan edilib.

Xatıradaq ki, 30.03.2017-ci ildə Xırdalanda baş verən silahlı atışma zamanı 1970-ci il təvəllüdlü Valeh Nəcəfov başından güllələnərək qətlə yetirilib, 1985-ci il təvəllüdlü Xəyal Paşayev isə yaralanıb. Öldürülən Valeh Nəcəfovun üzərindən "Makarov” tapançası tapılıb.
скачать dle 12.1