Bia.Az

Səbailin icra başçısı Vüqar Zeynalovun “qoçu dəstəsi” də, 5 nəfər doğma-yaxını Qarabağ uğrunda gedən savaşlarda şəhid olan imkansız qadının evini başına uçurdu — BİABIRÇI ÖZBAŞINALIQ

Cəmiyyət
 3-12-2023, 15:20     492

Başçını vətəndaşa qarşı belə hörmətsizlik etməyə, “Moduleks”in rəhbər şəxsləri ilə əlbir olan rayon bələdiyyəsinin sədri Hacı Əliyevin təhrik etdiyi deyilir

Əsasən, paytaxt Bakının öz ərazisində yerləşən sənədsiz fərdi yaşayış evlərinin qeydiyyata alınması məsələsi, uzun müddətdir, aktual mövzular sırasında qalmaqda davam edir və hələ də, vətəndaşlar evlərinin söküləcəyindən narahatlıq keçirirlər. Hazırda isə, istər Bakıda, istərsə də regionlarda, çoxlarının bildiyi səbəblərdən, rəsmiləşdirilməyən yüz minlərlə ev var. Hətta bəzi mənbələrdə çıxarışı olmayan evlərin sayının 450 — 600 min aralığında olduğu xüsusi qeyd olunur. Cəmi-cümlətanı üçdə birinin rəsmi sənədi olan köhnə və yeni tikililərin, günü bu günədək, “kupça — çıxarış dərdləri” çözülməz bəlaya çevrilib. Bir sözlə, Azərbaycan paytaxtında çoxsaylı sənədsiz evlərin mövcud olması, çoxdandır ki, bir çoxları üçün, həlledilməz problem olaraq qalmaqdadır. Dövlət rəhbərinin sənədsiz evlərin sənədləşdirilməsi ilə bağlı dəfələrlə ciddi tapşırıqları olsa da, hazırda belə, müvafiq dövlət qurumları, əsasən, inşa edilən bu yaşayış evləri üçün ayrılan torpaqların təyinatının fərqli olduğunu, əkin sahələrinin, xüsusi mühafizə sahələrində — neft buruqlarına, dəmir və magistral avtomobil yollarına yaxın, su və qaz kəmərləri keçən, eləcə də yüksək gərginlikli elektrik xətlərinin altındakı ərazilərin… belə bələdiyyə torpağı kimi satıldığını, ölkə paytaxtının tikinti sektorunun dinamik inkişafı ilə bağlı, şəhərsalma və tikinti sahəsində müəyyən olunmuş tələb və qaydalara əməl olunmamasını daha çox bəhanə gətirərək, Azərbaycan Prezidentinin göstərişlərinə uyğun olaraq, o torpaqlarda inşa edilən ev sahiblərinə çıxarış almaq istəyəndə, bu işi onların xeyrinə aparmaq istəmirlər.
Son vaxtlar, sənədsiz əmlak sahiblərinin sadələşdirilmiş formada “kupça” ala biləcəkləri də, gündəmdən düşməyən mövzular sırasındadır. Bu barədə, rəsmi qəbul edilən sənədlərə əsasən, demək olur ki, səmərəliliyin və şəffaflığın artırılması məqsədilə, 2024-cü ilin yanvar ayından etibarən, fiziki və ya hüquqi şəxslər tikintiyə və ya istismara icazəni elektron portal üzərindən də ala biləcəklər. Məqsəd, bu prosedurların şəffaflaşdırılmasına, asanlaşdırılmasına və konkretləşdirilməsinə ciddi töhfə vermək, bundan sonra, necə deyərlər, hətta müəyyən dövrdə qanunsuz tikilmiş evlərin və istismara yararlı qeyri-yaşayış obyektlərinin çıxarışla təmin edilməsinə, özbaşına tikilmiş bütün tikililərin mühəndis-kommunikasiya sistemlərinə qoşulma qadağasını aradan götürməkdir. Ən əsası odur ki, yeni dəyişikliklər nəzarətin gücləndirilməsi ilə yanaşı, gələcəkdə qanunsuz tikililərin qarşısının alınmasına xidmət edəcək. Konkret desək, heç yerə getmədən, ev və obyektləri sənədləşdirmək mümkünlüyünə münbit şərait yaranacaq.


Əhali üçün şad bu xəbər, Azərbaycanın hər yerində olduğu kimi, paytaxt Bakının özündə də, rayon rəhbərlərini və şəxsi mənafeləri naminə, onlarla əlbir işləyən bələdiyyə sədrlərini ciddi təşvişə salıb. Səbail Rayon İcra Hakimiyyəti və Bələdiyyəsi rəhbərlərinin adları da, daha çox təşvişə düşənlərlə qoşa çəkilir. Çünki sənədləşdirmə işlərində deyilən prosedurlar tam həyata keçəndən sonra, onların, torpaq, çıxarış, kupça adı altında manipulyasiyalar, saxtakarlıqlar… edib, rüşvət yoluyla külli miqdarda haram pullar qazanmaları mümkün olmayacaq. Elə, bu səbəbdəndir ki, Səbail rayon icra hakimiyyətinin başçısı Vüqar Zeynalov və bələdiyyə sədri Hacı Əliyev də, bu ilin sonu, sadələşdirilmiş formada kupça ala bilmək üçün, deyilən vaxt — 2024-cü ilin yanvar ayı yaxınlaşdığı səbəbindən, min oyundan çıxmaqdan çəkinmirlər.
Səbail Bələdiyyəsinin sədri Hacı Əliyevin qanunsuz bəd əməlləri barədə, araz.az xəbər portalının bu yaxınlarda verdiyi dərin araşdırma yazılarında da, bu biabırçılıq tam təfsilatı ilə, öz əksini tapıb. Həmin yazılarda xüsusi olaraq o vurğulanıb ki, “Moduleks” şirkətinin tamahkar rəhbər şəxsləri, bir vaxtlar, ölkədə tanınan və nüfuzlu “Arqon” şirkətinin, bu qalmaqallı ərazinin qonşuluğunda yerləşən böyük torpaq sahəsini də, tamah salaraq, qanunsuz zəbt etmək istəyirlər. Halbuki bu bələdiyyə torpağı, qanun çərçivəsində, Osman Tanrıverdiyev, Zəkiyyə Həziyeva, Rövşən Feyziyev, Üzeyir Allahverdiyev, Zinyət Tanrıverdiyeva… ad və soyadlı vətəndaşlara verilib. Onlar, hətta bu torpaq sahələrinin bələdiyyənin alqı-satqı aktlarında olan rüsum vəsaitlərini də, o vaxtlar, bələdiyyə hesabına ödəyiblər. Konkret desək, bələdiyyə hesabına rüsum pulları — 6 sot torpaq üçün 1000, 12 sot üçünsə, 1950 manat ödənildikdən sonra, bu torpaq sahələri onların adlarına rəsmiləşdirilib. Buna baxmayaraq, həm də, rayon bələdiyyəsinin indiki sədrinin və onun qohum-yaxınlardan ibarət ətrafının məsuliyyətsizlikləri ucbatındandır ki, bu torpaq qalmaqalının səs-küyü getdikcə daha da böyüyür. Hətta rayonun icra başçısı Vüqar Zeynalov, ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri İlham Məmmədov və rayon təsərrüfatı şöbəsinin müdiri Fəraməz Rəhmani ilə, burada olublar. Di gəl ki, onlar xoş məqsədlə buraya gəlməyiblər. Gətirdikləri “qoçu dəstəsi” ağır texnikanın köməyi ilə, 5 nəfər doğma-yaxını Qarabağ uğrunda gedən savaşlarda şəhid olan imkansız qadının — əslən Füzulidən olan, uzun zamandır, necə deyərlər, yalnız Yeni Azərbaycan Partiyasının üzvü olmağı ilə öyünən Zəkiyyə Həziyevanın çoxdan yaşadığı evini başına uçurdublar.
Yeri gəlmişkən, onu da qeyd edək ki, etibarlı mənbənin araz.az-a ötürdüyü xəbərə görə, Səbail Rayon İcra Hakimiyyətinin müdiri Orxan Aydınov olan Vətən Müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili, müdiri Yaqub Nəcəfli olan hüquq, müdiri Qabil Vahidov olan sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbələrinin, rəhbər heyətləri qarışıq, əksər işçilərinin də, başçının və bələdiyyə sədrinin əvvəlcədən düşündükləri bu “gizli əməliyyatlarına” ciddi etirazları olub. Xüsusi olaraq onu bildiriblər ki, bu torpaq qalmaqalı, bələdiyyə sədrinin bağışlanmaz günahı ucbatından, belə bir biabırçı və utancverici səviyyəyə çatıb. Bu barədə, ölkə mətbuatında gedən çoxsaylı yazılar da, elə, bunları deyir.

İndi isə, bələdiyyə sədri Hacı Əliyevin bağışlanmaz günahı ucbatından, özünün uçurulduğunu deyən bu evin zərərçəkmiş qanuni yiyəsi Zəkiyyə Həziyeva da, bundan sonra nə edəcəyini bilmir və dərdini belə nəql edir:
— Dəhşət doğuran belə ev dağıntılarını doğulduğum Füzuli rayonunda faşistdən betər erməni cəlladları törətdilər.
Evləri darmadağın etdilər, doğma yaxınlarımın çoxu yaralandı. Özləri bir təhər xilas olsalar da, evləri və bütün ev əşyaları yararsız hala düşdü. Heç nə gətirə bilmədilər. Bu qanlı olaylar ürəyimi dağlayıb həmişə. Çünki uzun zaman doğma-yaxınlarımın ailələri, küçələrdə, onun-bunun qapılarında qaldılar. Sağ olsunlar, dost-tanışları: Bir-neçə il öncə, “dişimlə-dırnağımla” bu evi tikdirdim. Açığını deyim, ağır durumumuzu nəzərə alan, 5 nəfər doğma-yaxınımın Qarabağ uğrunda gedən qanlı-qadalı savaşlarda qəhrəmancasına həlak olduqlarını, o vaxtkı Səbayıl Bələdiyyəsinin isə, mənə, çoxdan, təmənnasız olaraq, bu torpağı verdiyini bilən dost-tanışların kimisi daş, kimisi taxta, kimisi qum-çınqıl, sement bağışladılar mənə. Birtəhər başa gətirdim bu evimin tikintisini. Bütün problemlərimin arxada qaldığını və yaşamağa öz evimin olduğunu görüb, bir az sakitləşmişdim. Bu dəfə üzləşdiyim qanunsuzluq erməni dəhşətindən betər oldu. Erməni dəhşətli bədbəxt hadisədən xilas olsaq da, bu dəfə, evimlə bərabər, bütün əmlakım əlimdən çıxdı. Özünüz görürsünüz və maraqlı odur ki, bələdiyyə sədri və icra başçısı, şəxsi büdcələrini artırmaq məqsədi ilə, mənimlə necə mübarizə aparırlar.

Axı, mən də, yaxşı bilirəm və bir daha xatırladıram ki, mövcud qanunvericiliyə əsasən, hazır tikilini sökmək səlahiyyəti yalnız, məhkəmələrə aiddir. Məhkəmə müvafiq qərar çixardıqdan sonra, Ədliyyə Nazirliyinə tabe olan rayon İcra Şöbəsinin əməkdaşlarının iştirakı ilə, söküntü həyata keçirilə bilər. Bu olmadan və rüşvət verə bilmədiyim üçün, evim necə başıma uçurdula bilər?!
Belə ürəkbulandıran hadisələr paytaxt ərazilərində adi hala çevrilib. Evi başına uçurulanların əksəriyyəti isə, ya şəhid ailəsi, onların yaxınları, ya müharibə iştirakçılarının özləri, ya da əlillər olur. Mən də, Səbail rayonu ərazisində, Salyan şosesi, 32 deyilən bu ünvanda, yuxarı instansiyaların razılığı ilə, özünə heç olmasa bir daldalanacaq qurmaq istəyən həmin ölkə vətəndaşlarından biriyəm və çözülməsi mümkünsüz belə bir müsibətlə üzləşmişəm.

İndi əlacım qalmayıb və yeganə ümidim ölkə başçısınadır. Son ümid yeri olaraq, prezidentə üz tutacam. Video-çəkilişlə möhtərəm prezidentə müraciət ünvanlayacağam. Həmin videoları, jurnalist olaraq, Sizə də təqdim edirəm: Qoy, belə müsibət törətməkdən qorxub-çəkinməyənlərin bəd əməllərinin əsl qiymətini ictimaiyyət də versin!”.
Şikayətçi narazı xanım bildirir ki, polisə və prokuroluq orqanlarına müraciət etsə də, problemi həll edən yoxdur. Bədbəxt hadisə nəticəsində, bu dəfə evini itirən bu xanım gələcəyə ümidlərini də itirmək üzrə olduğunu bildirdi. Bu səbəbdən, ürəkbulandıran bu ciddi faktla bağlı rayon icra hakimiyyəti başçısı ilə əlaqə saxlamaq cəhdimiz boşa çıxdı. Düzü, ciddi olan bu məsələni araşdırmaq məqsədi ilə, icra başçısının özü ilə əlaqə saxlamaq istədik. Lakin əlaqə nömrələrini tapa bilmədiyimiz üçün, yenə də, bu, mümkün olmadı. Digər rəsmi şəxslərin isə, başdansovdu belə cavabları olurdu və bunu
əsaslandırmağa çalışırdılar ki, guya, o evin hüquqi sənədləri olmayıb. Hətta başçının özü, ölkədə tanınan və nüfuzlu “Arqon” şirkətinin, bu qalmaqallı ərazinin qonşuluğunda yerləşən böyük torpaq sahəsində çoxdan inşa edilən bir-neçə tikilinin darmadağın edilməsinə də, şəxsən başçılıq edib. Bu zaman, bunu da müəyyən etdik ki, həmin ərazidə belə, uydurduqları yalanları əllərində əsas tutaraq, onların tələb etdikləri heç bir evin elə sənədləri yoxdur. Deməli, “Kəndxudanı gör, kəndi talan elə!” deyimi, məhz, icra başçısı Vüqar Zeynalova aid imiş: “Moduleks”in rəhbər şəxsləri ilə əlbir olan bələdiyyə sədri Hacı Əliyev, başçını belə “öz toruna sala bilib”. Belə acı xəbərləri eşidən narazı Zəkiyyə Həziyeva isə, qarşı tərəfi ittiham edərək, onun bütün sənədlərinin qaydasında olduğunu deyir: “Bu adamlar şər-böhtan danışırlar! Bir daha, qəti şəkildə deyirəm ki, ümidim yalnız Prezidentədir! Başıma gətirilənlərlə bağlı, cənab Prezidentə, məhkəməyə və müvafiq yuxarı instansiyalara müraciət edəcəm və axıradək dalınca gedəcəm!”.

Olduqca ciddi olduğundan, araz.az xəbər portalının əməkdaşları olaraq, bu məsələ daim diqqətimizdə olacaq. Dəyərli oxucularımız, bizi izləməyinizi məsləhət görürük. Bu barədə, video-görüntülü və fotolar dolu inkarolunmaz sübut və faktlar əsasında qələmə aldığımız növbəti yazımızı, bu yaxınlarda dərc etməyi də, planlaşdırmışıq.

 




Əli HÜSEYN,
Fərhad MƏMMƏDOV,
Səməndər QURBANOV,
araz.az xəbər portalının xüsusi müxbirləri.
REDAKTORDAN SÖZARDI:
Doğrudan da, dəhşətdir! Nədən, əksər paytaxt sakinlərini bu suallar düşündürməlidir: “Sənədsiz evlərimizin aqibəti necə olacaq?! Bəyəm, sənədsiz evlərlə bağlı Azərbaycan əhalisinə yalan və şirin vədlərlə dopdolu YENİ XƏBƏRLƏRİ tez-tez ötürməyə alışan Əmlak Məsələləri Dövlət Komitəsi ölkədə daşınmaz əmlakın qeydiyyatı prosesinin nə yerdə olduğunu görmür?!”.
Bu da, daha bir dəhşətli haldır ki, bu gün paytaxt Bakıda yaşayış evinin tikintisi üçün boş torpaq sahələri tapmaq müşkülə çevrilib. Artıq, kənd təsərrüfatı təyinatlı torpaqlarda da, fərdi yaşayış evləri inşa edilir və məskunlaşma aparılır. Belə evlərin isə, sənədləri olmur. Məhz bu səbəbdən, sənədsiz evlərin sayı kifayət qədər çoxluq təşkil edir. Bəs, bu evlər nə vaxt sənədləşdiriləcək və sökülmə təhlükəsindən qurtaracaq?! Mövcud olan çıxarışsız fərdi həyət evləri probleminə toxunmağın vaxtı çatmayıbmı?! Bir də ki, Bakı və Abşeron ərazisindəki evlərin bir hissəsi Sovet dövründən qalıb, digər hissəsi isə, 1990-cı ildən sonra salınmış yaşayış massivlərinə məxsusdur. Bu bir biabırçılıqdır ki, haram yolla daha çox pul qazanmaq eşqləri böyük məsuliyyətsiz məmurların vəzifə kreslosu arxasında iyrənc hərəkətləri ucbatından, Sovet dövründən qalan evlər, əsasən Yasamal, “Alatava”, “Sovetki”, “Kubinka” deyilən və digər ərazilərdə salınsa da, indiyədək bu yaşayış evləri üçün də, çıxarışlar verilməyib: Baxmayaraq ki, həmin torpaq əraziləri yaşayış təyinatlı olub.
Qeyd edim ki, hələ bir-neçə il öncə, Bakı Şəhər İcra Hakimiyyətində keçirilən müşavirədə Prezident İlham Əliyev, rəsmi icazə olmadan tikilmiş evlərin sənədləşdirilməsi ilə bağlı, hökumətə xüsusi tapşırıq verdiyini dedi. Həmin tarixdən etibarən, hökumət tərəfindən bir sıra tədbirlər görüldü. Belə ki, 2015-2019-cu illərdə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanuna edilmiş dəyişikliklərə əsasən, sənədsiz evlərin qeydiyyatı asanlaşdırıldı.
Nə olsun, bu gün də, sənədsiz evlərlə bağlı problem aktual olaraq qalmaqdadır. Bütün bunlar isə, əhalini ürəkdən ağrıdan bir mərəzə çevrilib. Məncə, ölkə rəhbərinin bu barədə daha ciddi tapşırıqlar verməsinin vaxtı yetişib. Bunu, mən, tanınmış bir jurnalist, təsis etdiyim və rəhbəri olduğum 4 qəzet və xəbər portalı ilə, Azərbaycan Mətbuat Şurasının fəal üzvü kimi deyirəm. Onu da demək istəyirəm ki, Prezident İlham Əliyev belə deyib həmin tədbirdə: “Korrupsiyaya qarşı cəza tədbirləri tətbiq olunur və olunacaq. Əgər, yüksək vəzifəli şəxslər öz vəzifələrini yerinə yetirə bilmirlərsə, onlar cəzalandırılacaqlar. Azərbaycanda bir nəfər də olsun toxunulmaz adam yoxdur. Hər bir məmur, o cümlədən prezident xalqın xidmətçisidir. Dövlət məmurları və ailə üzvləri özlərini təvazökar aparmalıdırlar. Dövlət məmurları hesab etməməlidirlər ki, xüsusi statusları var. İnsanlara diqqət və qayğı göstərməli, problemlərini həll etməlidirlər”.
Ümumiyyətlə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin, son illərdə vətəndaşlarla və güzəştli-imtiyazlı şəxslərlə bağlı imzaladığı çoxsaylı fərman və sərəncamlar var. Məhz buna görə də, xalqımız onun yürütdüyü uğurlu daxili və xarici siyasəti dəstəkləyir. Təəssüf ki, bəzi məmurlar cənab Prezidentin bu göstərişlərinə əməl etmirlər. Onun apardığı uğurlu islahatlara kölgə salırlar. Bu qisim məmurlardan biri də, adı yazıda çəkilən icra başçısıdır. Bu icra başçısı, dövlət işlərinə də, şəxsi biznesi kimi baxır. Oliqarx məmur, səlahiyyətlərini aşaraq, sakinlərə divan tutur. Üstəlik, bu işdə, o, bələdiyyə sədri Hacı Əliyevin köməyindən də istifadə edirsə, bu, biabırçılıqdır!
araz.az xəbər portalı.скачать dle 12.1