Bia.Az

Rza Rzayevin həbsinə Aqil Abbasdan sərt reaksiya

Cəmiyyət
 19-05-2023, 15:40     135

Rzanın həbsinə münasibətim həddən artıq pisdir. Hesab edirəm ki, bir istedadlı aktyor, Hollivudda təhsil almış rejissor, bacarıqlı, qeyrətli, vətənpərvər barəsində həbs qərarının seçilməsi məhkəmələrimizin humanizminin göstəricisi deyil.

Bu sözləri Kult.az-a açıqlamasında millət vəkili, yazıçı Aqil Abbas onun ssenari müəllifi olduğu “Dolu” filmində yaratdığı Drakon obrazı ilə məşhurlaşan Rza Rzayevin həbsi haqda danışarkən deyib.

Aqil Abbas bildirib ki, Rza Rzayev yaratdığı və yaşadığı obrazla “Azərbaycanın Drakonu”na çevrilməyi bacarıb:
“Hər şəxs səhv edə bilər, yanlışı ola bilər və ona uyğun da cəza seçilməlidir. Rza barəsində ilkin instansiya məhkəməsində şərti cəza seçilmişdi. Başa düşmürəm ki, hansı səbəbdən Apellyasiya Məhkəməsi onun həbs olunmasına qərar verib. Cəza kəsiləndə şəxsin heç vaxt hər hansı cinayət törətməməsi, ictimai nüfuzu, savadı, ailə vəziyyəti nəzərə alınır. Apellyasiya Məhkəməsinin bunları nəzərə almadığını düşünürəm. Ortada ictimai təhlükə yaradan ciddi bir cinayət də yoxdur. 2018-ci ildən başlayan bir proses 5 il niyə davam etməli idi?”
Aqil Abbas millət vəkili kimi Rza Rzayevin işinə ədalətli baxılması üçün Ali Məhkəməyə müraciət edəcəyini bildirib:
“Prosesi diqqətlə izləyirəm və onun müdafiəçisinin Ali Məhkəməyə şikayət verəcəyini gözləyirəm. Mən də Ali Məhkəməyə işə humanizm prinsiplərindən yanaşması və ədalətli qərar çıxarması üçün müraciət edəcəyəm. Ötən gündən həbs olunub və bu xəbər ictimaiyyəti üzüb, bunu medianı və sosial şəbəkələri izləməklə bilmək olar. Hesab edirəm ki, Ali Məhkəmə bütün bunları və Rzanın kino sənətimiz üçün xidmətlərini, bundan sonra edəcəklərini nəzərə alacaq. Bir səhv olub, şərti cəza da verilib, bitib-gedib, bunu gətirib bu səviyyəyə çıxarmaq lazım deyildi və bu məni çox narahat edir”.
Millət vəkili qarşı tərəfi tanımadığı üçün şikayətçilərlə ünsiyyətə keçmədiyini bildirib:
“Buna baxmayaraq, bütün instansiyalara ədaləti bərpa etmək üçün çağırış edirəm. Bununla bağlı sənət adamlarından da çoxsaylı müraciətlər almışam. İnşallah, çox ümidliyəm ki, Ali Məhkəmə ədalətli qərar çıxaracaq. Əks halda ölkə başçısına müraciət edəcəyəm”.скачать dle 12.1