Bia.Az

Dövlət maşınları yol qaydalarını kütləvi şəkildə pozur - sürücülərin arxayınlığı, yoxsa...

Cəmiyyət
 20-04-2023, 11:37     296

“Bəzi məmurlar hətta ailə üzvlərinin avtomobillərinə sayrışan işıqlar, bahalı siqnallar quraşdırırlar”

Son vaxtlar - xüsusilə paytaxtda tıxacların dəhşətli hal aldığı dönəmdə yol hərəkəti qaydalarını qəsdən pozanların, qarşı yola çıxanların, iki zolaqlı yolda iki maşının arasına girərək, özünə yol açan sürücülərin sayı artıb. Yollarda hər gün belə sürücülərlə rastlaşırıq. Müşahidələr, sosial şəbəkələrdə yayılan videolardan görünür ki, yol hərəkəti qaydalarını aşkar surətdə pozan sürücülərin əksəri dövlət qeydiyyat nişanlı (AA, AS, AB və s) avtomobilləri idarə edənlərdir. Bəziləri hətta maşına qanunsuz olaraq sayrışan işıqlar quraşdırır və onların yolundan çəkilməyən sürücülərə hədə-qorxu da gəlirlər.
Son bir neçə ildə belə hallara çox az-az az rast gəlinirdi. Son vaxtlar isə dövlət maşınlarının sürücülərinin belə qaydapozmaları, təhlükəli vəziyyət yaratmaları halı artıb. Bu, sürücülərin arxayınlığıdır, yoxsa məmurlar harasa gedəndə onlardan belə sürmələrini tələb edirlər? Bu hallar cəmiyyətdə çox ciddi narazılıqla qarşılanır. Müvafiq qurumlar bununla bağlı hərəkətə keçəcəkmi? Belə sürücüləri hansı cəza gözləyir? Məmurlar da günahkar sayılırmı?
Əsas problemlər yenə də qalır"
Elməddin Muradlı
Nəqliyyat eksperti Elməddin Muradlı “Yeni Müsavat”a açıqlamasında qeyd etdi ki, dövlət qeydiyyat nişanlı AA, AS, AB avtomobillərin sahibləri özlərini imtiyazlı şəxslər hesab edirlər. O hesab edir ki, sürücülər yol hərəkəti qaydalarını özbaşına pozmur: “Özlərini imtiyazlı şəxs hesab edənlər "problem yoxdur", “cərimə mənlikdir”, “qorxma, saxlayan olmayacaq” deyirlər. Maraqlıdır ki, dövlət yol polisi bu cür xətaları xüsusi texniki vasitələrlə, yəni kamera və radarla qeydə alır. Bu adamların nə qədər pulu var ki, kameraların, radarların altında qaydaları kobud şəkildə pozurlar, görəsən, aylıq nə qədər cərimə ödəyirlər? Bu məsələlər ictimailəşəndə də təbii ki, həmin şəxslər açıqlama verirlər, yaxud qurumların adından açıqlama verilir. Belə halların qarşısı alınmalıdır. Dəfələrlə bahalı maşınların iştirakı ilə yol-nəqliyyat hadisələrinin baş verməsinin şahidi olmuşuq, ağır qəzalar baş verir. Bu məmurlar, iş adamları arxayınlaşmamalıdır. Onlar nəzərə almalıdırlar ki, hadisə onların da başına gələ bilər. Təəssüf ki, onlar toxunulmazlıq hiss edirlər, çünki yol polisi onların qayda pozuntularına göz yumur. Yol hərəkəti qaydalarında toxunulmazlıq bəndi yoxdur. Yalnız operativ nəqliyyat vasitələri təhlükəsizliyi təmin etməklə qaydanı pozmaq imtiyazına malikdir. Bəzi məmurlar hətta ailə üzvlərinin avtomobillərinə sayrışan işıqlar, bahalı siqnallar quraşdırırlar və bunların qeydiyyatı aparılmır. Bunlar hamısı özbaşınalığın nəticəsidir. Bu toxunulmazlığı onlara heç kim verməyib. Cəmiyyət isə belə qəbul edir ki, xüsusi statusu olan şəxslər qayda poza bilərlər. Məmurların bir xidməti maşını olmalıdır, lakin bəzi nazirlər müşayiətlə gəzirlər. Bu halların qarşısı alınmalıdır".
Tural Abbaslı: “Mənim üçün iki cins var – kişi və qadın, vəssalam” – Azlogos
 Tural Abbaslı
Ağ Partiya başqanı Tural Abbaslı “Yeni Müsavat”a bildirdi ki, Azərbaycanda belə bir fikir var ki, məmurlar qaydalardan üstündür. Partiya lideri hesab edir ki, bu, zamanla formalaşmış məsələdir: “İnanıram ki, sürücülər özbaşına qayda pozmurlar, çünki cərimə gələndə sürücünün üstündə qala bilər. Dövlət qeydiyyatlı avtomobillərin sürücüləri yol hərəkəti qaydalarını pozursa, bunu məmurlar tələb edir. Qanun hər kəs üçün eyni olmalıdır. Dövlətin xüsusi qurumları var ki, onlar üçün istisnalar mümkündür. Məmurların avtomobilləri üçün sayrışan işıqlar, xüsusi siqnalların quraşdırılması qanunla tənzimlənməlidir. Qanunlar hər kəs üzərində bərabər tətbiq edilməlidir”.
T.Abbaslının fikrincə, ən effektiv çıxış yollarından biri ictimai qınaqdır: “Bəzən ictimai qınaqdan çəkinildiyi üçün iqtidarın siyasi qərarları olur. Adi vətəndaş qaydanı pozanda, bu, ajiotaj yaratmır. İctimai-siyasi xadim, dövlət məmuru, tanınmış şəxs qayda pozanda isə rezonans doğurur, cəmiyyət buna reaksiya verir. Bir çox hallarda iqtidar ictimai qınaqla hesablaşmalı olur. Xatırlayırsınızsa, mopedlərlə məmur avtomobillərinin toqquşma səhnələri var idi. O zaman bəzi şəxslər üzr istədilər, bəziləri isə vəzifəsindən uzaqlaşdırıldılar. İctimai qınaq güclü olsa, konkret addımlar atıla bilər, məsələn, töhmət verilə, vəzifədən uzaqlaşdırılma kimi cəza tətbiq edilə bilər. Bu halda məmurlar qanunlardan qorxmasalar da, öz mövqeyini itirməkdən qorxa bilərlər. Cəmiyyət normal ictimai qınaq yarada bilsə, təsiri də olacaq”.
 
BİA.az
скачать dle 12.1