Bia.Az

Bakının dərman sifarişindən Avropa imtina edir – Dəhşətli səbəb

Cəmiyyət
 22-12-2022, 12:31     243

Ölkədə dərman qıtlığı və onun həlli yollarıyla bağlı iki gün əvvəl İTV-də yayımlanan “Sabaha saxlamayaq” verilişində müzakirə oldu. Orada fikirlərimi bildirsəm də, düşünürəm, bu məsələlərə bir qədər geniş aspektdən baxmaq lazımdır.

Ölkədə niyə dərman qıtlığı yaşanır?
Əslində, dərmanla bağlı problem bir yox, üç sual ətrafında müzakirə olunmalıdır:
1. Dərman qıtlığı;
2. Dərman bahalığı;
3. Dərman keyfiyyətsizliyi.
Dərman qıtlığının mübhəm bir tarixi var.
2015-ci ildə dərmanların vahid qiymətə keçirilməsilə bağlı qərar qəbul edildi və bu qərardan istifadə edən dərman monopolistləri Azərbaycandakı böyük xarici dərman şirkətlərinin ölkədən baş götürüb getməsinə nail oldular.
Avropanın tanınmış dərman istehsalçıları bizdən sonra müqavilələrini Gürcüstanla bağladılar, oranı Qafqazın əczaçılıq mərkəzi kimi qəbul etdilər və bu gün Azərbaycanda satılan jenerik məhsulların hamısı Tiflisdən gətirilir.
Bu gün Azərbaycanda elementar infuziya dərmanları istehsal olunmur. Halbuki bu preparatları demək olar ki, bütün ölkələr özləri hazırlayır. Biz heç adi qida əlavələrini də istehsal etmirik…
2015-ci ilə qədər apteklər indiki supermarketlər kimi çalışırdı: hər firma öz malını gətirir, vitrin qurur, satışına nəzarət edirdi. Bu sistemin yaxşı tərəfi o idi ki, hansısa adda olan dərmanın tutaq ki, Sumqayıtda zirzəmilərdə hazırlanıb satılması mümkün deyildi. Çünki o dərmanın yiyəsi var idi; onları qoruyur, nəzarət edir, saxta variantlarının satılmasına imkan vermirdi.
İndi bu nəzarət demək olar ki, yoxdur və biz hər gün dərman keyfiyyətsizliyinin səbəb olduğu bədbəxt hadisələrlə bağlı xəbərlər oxuyuruq.
Ölkəyə cəmi üç yerli firma dərman idxal edir - onlar bazarı formalaşdırır, istədiyi qiymətləri diktə edir.
Əlbəttə, məlumatlı oxucuda sual yaranar, qiymətləri Tarif Şurası müəyyənləşdirirsə, İqtisadiyyat Nazirliyi kimi korrupsiyadan uzaq bir qurum nəzarət edirsə, dərman şirkətləri necə qiymət diktə edə bilər?
Cavab çox sadədir: dərman şirkətləri vacib dərmanları idxal etmir və İqtisadiyyat Nazirliyinə müraciət edir ki, Tarif Şurasının müəyyənləşdirdiyi qiymətlərlə həmin dərmanları gətirmək mümkün deyil. Bundan sonra dərman qıtlığı yaranmasın deyə, məcburən həmin qiymətlərdə artım edilir.
Məsələn, dərman firmalarının müraciətinə uyğun olaraq, 2022-ci ildə 277 adda dərman vasitələrinin qiymətlərində artım edilib.
Rəqabət olmadığna, insaflı münasibət ərşə çəkildiyinə, insanların sağlamlığı ilə hansısa texnikanın, məişət əşyasının sazlığı arasında fərq bilməyənlərin bu sahədə olmasına görə ölkə dərman təlatümü ilə üz-üzədir. Onlar bu təlatümü - dərman qıtlığını çox hallarda qəsdən yaradırlar. İki məqsədə görə:
1. Bu üsulla Tarif Şurasının qiyməti qaldırmasına nail olmaq;
2. Ucuz dərmanları yoxa çıxarmaq, onların daha bahalı əvəzedicilərini rahat şəkildə satmaq.
Fikir vermisinizsə, ucuz dərmanlar artıq yoxa çıxıb.
Ürək əməliyyatı keçirmiş insanlar üçün “Varfarin”, təzyiq-ürək xəstələri üçün “Aspirin kardio”, həyati vacib “Dimedrol”, qızdırma əleyhinə dərmanlar, şəkər dərmanları, “Smekta”, “Valerian”, “Salkoseril” mazı, onkoloji xəstələr üçün dərmanlar və Rusiyanın məşhur, illərdir istifadə olunan ucuz dərman və mazları yoxa çıxır, daha sonra əvəzedicisi və bahalısı gətirilir.
Dərman qıtlığı məsələsində işin ən çətin tərəfi odur ki, bu sahə demək olar ki, başlı-başınadır. Hansı dərmanların olması və ya olmamasına heç bir qurum nəzarət etmir. Bazarda pomidorun olmaması bazarkomun nəyinə lazım? O ki arenda pulunu vaxtında alır!
Bu sahəyə nəzarət olmadığı kimi, hansısa dərmanın yoxluğuna görə məsuliyyətli qurum da yoxdur...
Dərmanların keyfiyyətinə gəlincə, bu məsələyə Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi nəzarət edir. Amma bu qurumun keyfiyyətə doğurdan da nəzarət etməsi ciddi sual doğurur. Çünki bu qurumdan başqa hər kəs dərmanların keyfiyyətindən narazıdır. Ölkədə hamı bilir ki, məsələn, eyni dərman “Alman”, “London” apteklərində bir keyfiyyətdədir, yerli apteklərdə isə tamam ayrı keyfiyyətdə.
Bəs görəsən, Səhiyyə Nazirliyinin adı çəkilən qurumu keyfiyyətsiz və ya aşağı keyfiyyətli dərmanlara necə yaşıl işıq yandırır?
Burada əsas məsələ dərman firmalarının nüfuzu, qüdrəti, təsir etmək imkanlarıdır.
Ölkədə alternativ laboratoriyaların olmaması, prosesə vətəndaş cəmiyyətinin nəzarət etməməsi bu sahədə arxayınçılıq, özbaşınalıq mühiti yaradıb.
Dərman biznesi ilə məşğul olanların xaricdəki dərman istehsalçıları ilə bu məsələdə sövdələşdiyinə dair fikirlər mövcuddur. Bununla bağlı əlimizdə fakt yoxdur, amma mənzərə, proseslər daha çox bir variantın üzərinə fokuslanır. Azərbaycana dərman idxalı ilə məşğul olan şəxslər aldıqları dərman preparatlarının qiymətinin aşağı olması üçün onun tərkibinə qatılan maddələrin miqdarının azaldılmasına, bu yolla qiymətinin aşağı salınmasına nail olurlar.
Bu iddialar “menyusu” bizim dəllallar tərəfindən verilən dərmanların hazırlanmasına Avropa ölkələrinin zavodları çox vaxt “yox” deməsinə, buna görə də dərman əməliyyatlarını daha çox Rusiya və Ukrayna dərman zavodlarında aparılmasına kimi genişlənir.
Rusiya-Ukrayna müharibəsi bizim dərman bazarımıza daha çox təsir etməsinin də bu məsələlərlə əlaqədar olduğunu təxmin etmək olar.
Çünki Azərbaycanda rəsmi qeydiyyata alınmış (http://www.tariff.gov.az/) 13347 dərman vasitələrinin çox hissəsi 2127 adda dərman Türkiyədən, 1415 adda dərman Almaniyadan gətirilir. Rusiyadan isə 1083, Ukraynadan 775 adda dərman idxal olunur. Yəni əsas xüsusi “dərman əməliyyatları” olmasaydı, Rusiya-Ukrayna müharibəsi dərman bazarımızı rəzil vəziyyətə salma bilməzdi.
Qisası, dərman sahəsində vəziyyət olduqca gərgindir. Yerli istehsal olmadıqca, hökumət nəzarəti gücləndirməyincə, həmin üç şirkətin qol-budaqları kəsilməyincə, rəqabət mühiti formalaşmayınca, belə də qalacaq.
Dərman bazarındakı xaos ölkə adına biabırçılıqdır. İnsanlarımız yaxşı təhsil üçün xaricə üz tutsun, həkim axtarmağa xaricə getsin, dərdinin dərmanını da qutularda, bəzən aşkar, bəzən gizli yollarla, kiməsə minnətçi düşə-düşə, utana-utana əcnəbi dövlətlərdən gətirsin... Sonra da gəlib öz dövlətini sevsin. Sizcə bu, mümkündürmü?
Deyirlər, hər dərdin bir dərmanı var. Amma Azərbaycanda deyəsən, bircə dərmanın dərmanı yoxdur.скачать dle 12.1