Bia.Az

Vasif Talıbovun “qələmi qırıldı”, sərt cəzalar gəlir... - detallar və yeni həbslər

Cəmiyyət
 17-12-2022, 12:02     202

“Artıq məlumdur ki, Naxçıvan Muxtar Respublikası Şəhərsalma və Arxitektura Komitəsinin sədri Hicran Rüstəmov həbs edilib. O, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək ümumilikdə 212 milyon 361 min manat dövlət vəsaitinin mənimsənilməsində ittiham edilir. Hicran Rüstəmov 2017-ci il yanvarında bu vəzifəyə təyin edilmişdi”.

DİA.AZ “Yeni Müsavat”a istinadən bildirir ki, bunu iqtisadçı Natiq Cəfərli qeyd edib. N.Cəfərli bildirib ki, H.Rüstəmovun vəzifədə 5 il olduğu nəzərə alınsa, belə çıxır o, hər gün üçün 97.5 min manat vəsait mənimsəyirmiş: “Bu, fantastik rəqəmdir. Maraqlı məsələ də odur ki, Naxçıvan MR-in Şəhərsalma və Arxitektura Komitəsinə 5 ildə heç o qədər büdcə vəsaiti ayrılmayıb. Daha bir düşündürücü məqam isə odur ki, Naxçıvanda Vasif Talıbovun icazəsi olmadan çayxana belə işlətmək mümkün deyil. Amma Gömrük Komitəsi, Maliyyə Nazirliyi və bu komitənin mənimsəmələrinin həcmi 500 milyon manata yaxınlaşıb. Bu qədər vəsaiti Talıbovsuz nəinki mənimsəmək, heç ucadan o rəqəmi Naxçıvanda söyləmək belə mümkünsüzdür”.

İqtisadçının fikrincə, Naxçıvanın statusu da fərqli metodla dəyişdirilir: “Bütün yerli məmurları həbs edəndən, yerli qurumlar mərkəzi aparata birləşdiriləndən sonra statusun mənası da qalmayacaq”.

Uzun illər Vasif Talıbovun rəhbərliyi altında işləmiş jurnalist Tural Səfərov isə TV Müsavata müsahibəsində deyib ki, Vasif Talıbovu məcburi məzuniyyətə göndəriblər. Bundan sonra isə onu istefaya məcbur edəcəklər. Musavat.com-a çatan məlumatlarda o da iddia olunur ki, hər hansı müqavimət göstərəcəyi təqdirdə, Vasif Talıbova ciddi zərbələr vurulacaq. Onun özəl həyatına dair faktların açıqlanmasından tutmuş, daha ciddi və açıq cəza tədbirlərinə də əl atılacağı gözləniləndir. Məlumata görə, yaxın vaxtlarda Prezidentin Naxçıvan MR üzrə xüsusi nümayəndəsinin təyin olunacağı gözlənilir. Bu təyinatla V.Talıbov faktiki olaraq MR-in idarəçiliyindən uzaqlaşdırılmış olacaq.

Məlum olduğu kimi, xüsusi nümayəndəlik institutu artıq işğaldan azad olunmuş ərazilərdə tətbiq olunub. Belə ki, Prezidentin işğaldan azad olunmuş rayonlar üzrə xüsusi nümayəndələri bu ərazilərdə tikinti-quruculuq və digər işlərə rəhbərliyi həyata keçirir. Bu səviyyədə talançılıq ittihamlarından sonra V.Talıbovun vəzifəsində qalacağı ehtimalı isə sıfıra yaxınlaşır. Lakin MR Ali Məclisinin sədri vəzifəsi seçkili vəzifə olduğundan onu Prezident sərəncamı ilə vəzifəsindən uzaqlaşdırmaq və yerinə başqa bir təyinat həyata keçirmək mümkün deyil. Görünür, elə bu səbəbdən MR-ə Prezidentin xüsusi nümayəndəsinin təyin olunması praktikasından istifadə olunacaq.

Bəs digər təhlilçilər, o sırada hüquq üzrə mütəxəssislər də bu fikri bölüşürmü, yoxsa Naxçıvanla bağlı mütləq referendum keçirilməlidir? Məsələnin parlamentin 2\3 səs çoxluğu (konstitusion çoxluqla) ilə həll edilməsi necə, mümkündürmü? Ümumiyyətlə, Vasif Talıbova qarşı sərt addımların atılması mümkün görünürmü?

 Aydınlar Partiyasının sədri, hüquqşünas Qulamhüseyn Əlibəylinin “Yeni Müsavat”a dediyinə görə, Azərbaycanda idarəetmə tabeçilik əsasında qurulur: “İcra hakimiyyətləri prezidentə tabedir. Prezident icra hakimiyyətini, nazirləri, mərkəzi və yerli icra hakimiyyəti orqanlarını istədiyi kimi təşkil etmək hüququna malikdir. Ona görə Naxçıvanda qurumların Bakıya tabe etdirilməsi mövcud qanunvericiliyə uyğundur. Bu, icra hakimiyyətinin yenidən təşkili mexanizmi kimi nəzərdən keçirilə bilər. Yəni idarəçiliyin təkmilləşdirilməsi kimi bir prosesdir. Statusa gəlincə, beynəlxalq hüquqdan yanaşmaq lazımdır. Məlum məsələdir ki, Qars müqaviləsi var. Naxçıvan muxtar ərazi və muxtar dövlət kimi nəzərdə tutulur. Ona görə statusun dəyişməsi üçün mütləq mənada referendum keçirilməlidir”.

Q.Əlibəyli indiki zamanda Naxçıvanın muxtar respublika statusunu ləğv etməyi düzgün saymır: “Ancaq prezidentin səlahiyyətli nümayəndəsi təyin oluna bilər. Elçibəy dövründə də belə bir təyinat olmuşdu. Sadəcə funksiyası dəqiqləşməlidir. Amma statusun ləğvi və referendum keçirilməsi hazırda geosiyasi vəziyyətdə əlverişli deyil. Bəli, deyilə bilər ki, Azərbaycanda xüsusi statusu olan ərazi yoxdur. Amma ilk növbədə Xankəndi problemini həll etməliyik, rus hərbçilərini bölgədən çıxarmalıyıq, Naxçıvanla quru əlaqəni təmin etməliyik, sonra statusa baxıla bilər”.

Xatırlatmaq yerinə düşər ki, V.Talıbov Ali Məclis sədri vəzifəsini tutduğu 27 ildə bir dəfə də olsun rəsmi məzuniyyətə çıxmayıb. O, hətta bazar günlərini belə çox vaxt iş kabinetində keçirib. İndi birdən-birə “uzunmüddətli məzuniyyətə” göndərildiyi barədə məlumatlar Naxçıvanda DTX əməliyyatları ilə başlayan prosesin dərinliyindən xəbər verir. Dekabrın 12-də axşam saatlarında Bakıya uçan və hazırda burda nə işlə məşğul olduğu bilinməyən Vasif Talıbovun yaxın günlərdə elə Bakıda istefa qərarını açıqlayacağı da istisna olunmur. Ola bilsin ki, Prezidentin xüsusi nümayəndəsinin təyinatı bundan sonra elan olunacaq.

Bu arada Dövlət Təhlükəsizliyi Xidmətinin Naxçıvan Muxtar Respublikası Mərkəzi Xəstəxanasında araşdırmaya başlaması barədə məlumatlar yayılıb.

Musavat.com xəbər verir ki, bu barədə tanınmış jurnalist Heydər Oğuz məlumat yayıb.

Onun sözlərinə görə, dövlət xəstəxanasının baş həkimi Zəbur Bağırov, qəbul şöbəsinin müdiri Ramidə Bağırova və baş həkimin müalicə işləri üzrə müavini Ramazan Abbasov DTX-nin Naxçıvan Baş İdarəsinə aparılıb.

Onların maliyyə yoxlamaları ilə bağlı saxlanıldığı qeyd edilib.
скачать dle 12.1