"AZƏRBAYCANDA DA AYƏTULLAH REJİMİ YARATMAQ İSTƏYİRLƏR" - "Belə xülyalara düşə bilərlər, amma...”
“Heç bir səlahiyyəti olmayan İran prezidenti və parlamenti kimi, Azərbaycanda da hakimi-mütləq ayətullah rejimi yaratmaq istəyirlər”.
Bu fikri Milli Məclisin sabiq sədri Rəsul Quliyev öz facebook səhifəsində yazıb.
Eks-spiker həmçinin yazıb: “İran Azərbaycan üçün çox böyük təhlükədir. Azərbaycanın beynəlxalq aləmdə, türk dünyasında nüfuzunun qalxması Tehranı qıcıqlandırır. İlk növbədə Azərbaycanı İran agentlərindən tam təmizləmək, onları xalqdan izolyasiya etmək lazımdır. Ölkə daxilində dini reformaların edilməsi, indiki dini liderlərin İranın tabeçiliyindən azad edilməsi çox zəruridir. Dünyada saysız-hesabsız düşməni olan İran heç vaxt Azərbaycana qarşı birbaşa aqressiya cəsarət etməz. Ancaq daxili agentlərindən istifadə edib terror və xaos yarada bilər”.
Terror və xaos... Təbii ki, Azərbaycan xüsusi xidmət orqanları bu xüsusda cənub qonşumuzdan gələn təhlükə və təhdidləri, İranın buradakı, hətta məscidlərimizdə kök salmış casus şəbəkəsini maksimum dərəcədə ciddiyə alır. Bəs getdikcə dünyadan daha çox təcrid olunan və daha da aqressivləşən fars rejiminin bu yöndə imkanları nə yerdədir, 44 günlük müharibədə sonra onun ölkəmizdə terror və xaos yaratmaq resursları artıb, yoxsa azalmağa doğru gedir? Rəsul Quluyevin xəbərdarlığını sahə ekspertləri bölüşürmü?
Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl isə bildirib ki, Rəsul Quliyevin fikirləri yenilik deyil: “30 ildir İran rejimi Azərbaycanda şəriət dövləti qurmaq istəyindədir və bu istiqamətdə ideoloji, siyasi, yeri gələndə hərbi, kəşfiyyat üzərindən fəaliyyətdədirlər. Biz bunu bilirik”.
Ekspertə görə, DTX, bundan əvvəl isə MTN 90-cı illərdən bəri İran casuslarının ifşası ilə məşğul olub: “İran rejimi Azərbaycanda xaos yarada bilsəydi, 30 ildə bunu edərdi. Bacarmadılar. Azərbaycan cəmiyyətinin az bir hissəsi İranın təbliğatı nəticəsində mövhumata uyub, cahilləşib. Bütövlükdə isə cəmiyyətin daxilində dünyəvi quruluş kök salıb. Biz belə mövhumatı qəbul etmirik. Hətta namaz qılanlar, məscidə gedənlər belə şəriət dövlətinin tərəfdarı deyil..."
Onun sözlərinə görə, Azərbaycanda İran mollalarının xaos yarada bilməməsi üçün din nəzarətdə saxlanılır: "Azərbaycanda bu məsələlər çox ciddi nəzarətdədir. Bütün dünyada, hətta ən demokratik dövlətlərdə belə din nəzarətdədir. Hətta İranın özündə belə din nəzarətdədir. İnanclı insanların hissləri ilə oynayıb onlardan siyasi hakimiyyəti əldə etməyə cəhdlər olur. Ona görə də bütün dünya dövlətləri dini nəzarətdə saxlayır. Bizdə də belədir. Əksi olsaydı, Azərbaycandakı İranın bu boyda casus şəbəkəsini üzə çıxara bilməzdik".
Ekspert Britaniyadakı səfirliyimizə hücumdan sonra bizim dindarların əllərində Azərbaycan bayrağı məscidə tərəf getdiyinə diqqət çəkdi: “İranın Azərbaycanda xaos yaratmaq istəkləri ola bilər, amma bunu gerçəkləşdirə bilməzlər. Çünki Azərbaycanda dövlət nəzarəti və yaxşı ictimai şüur formalaşıb”.
İlham İsmayıl deyir ki, sosial şəbəkələrdə də Azərbaycan vətəndaşları mövhümatçılığa qarşı kəskin reaksiya sərgiləyirlər: “İranın Azərbaycanda atmaq istədiyi addımlar xaos səviyyəsinə qalxa bilməz. Nəzarət olmasaydı, belə halların baş verməsi mümkün idi. Kimlərsə belə xülyalara düşə bilər. Amma baş tutmayacaq. Sabah ən ağır terror hadisəsi törətsələr belə, bununla da istədiklərinə nail ola bilməzlər”.