Bia.Az

Yevlaxda İki məktəbin taleyi bir müdirin ümidinəmi qalıb?

Bölgə
 18-03-2026, 02:23     1 980

Yevlax rayonunun mədəni həyatında dərin suallar doğuran bir məsələ uzun müddətdir ki, ictimai müzakirədən kənarda saxlanılır. Söhbət Aşağı və Yuxarı Qarxun musiqi məktəblərinin idarəçiliyindən gedir. Bildirilir ki, Elanə Nəcəfova artıq 5 ildən çoxdur ki, bu iki təhsil ocağına eyni vaxtda rəhbərlik edir.

Burada əsas sual təkcə bir şəxsin iki məktəbi idarə etməsi deyil. Əsas məsələ – bu təyinatın hansı peşəkar meyarlara əsaslandığıdır.

İmtahandan keçə bilməyən rəhbərlik?

İddialara görə, E. Nəcəfova müvafiq imtahandan keçə bilməyib. Əgər bu doğrudursa, belə bir şəxsin uzun illərdir rəhbər vəzifədə qalması ciddi suallar doğurur. Dövlət mədəniyyət müəssisələrində rəhbər təyinatı bilik, ixtisas və idarəçilik qabiliyyətinə əsaslanmalıdır. Əks halda, bu, sistemin özünə inamı sarsıdır.

İki məktəb – bir rəhbər: zərurət, yoxsa maraq?

Yevlax kimi bir rayonda ixtisaslı musiqi kadrlarının olmaması inandırıcı görünmür. Əgər doğrudan da belə mütəxəssislər varsa, niyə onlar deyil, məhz bir nəfər iki məktəbi idarə edir? Bu vəziyyət ya kadr siyasətində boşluğun, ya da başqa maraqların göstəricisi kimi qiymətləndirilə bilər. Onu da qeyd edək ki, Elanə Nəcəfova hər gün işə Mingəcevirdən gəlib- gedir. 

Maliyyə iddiaları: araşdırmaya ehtiyac var

Müəlliflər və bəzi yerli müşahidəçilər tərəfindən səsləndirilən digər ciddi iddia isə əmək saatları ilə bağlıdır. Guya işçilərə sənəddə 36 saat yazıldığı halda, faktiki olaraq 12 saat iş verilir və qalan 24 saatın taleyi sual altındadır.

Bu iddialar sübut olunarsa, artıq söhbət təkcə etik məsuliyyətdən deyil, hüquqi məsuliyyətdən gedir. Əks halda isə bu cür söz-söhbətlərə rəsmi və aydın cavab verilməlidir ki, ictimai inam qorunsun.

Dəbdəbəli həyat tərzi – sualların kökü

Eyni zamanda, rəhbər şəxsin dəbdəbəli geyimləri, zinət əşyaları və bahalı avtomobilə sahib olması da ictimaiyyət arasında suallar doğurur. Bu kimi məqamlar şəffaflıq tələb edir. Çünki dövlət sektorunda çalışan rəhbərlərin həyat tərzi hər zaman diqqət mərkəzində olur və bu, təbii qarşılanmalıdır.

Məsuliyyət kimdədir?

Bütün bu iddiaların fonunda əsas diqqət Namiq Tarverdiyev – Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin rəisinin üzərinə yönəlir. Çünki belə təyinatlar və onların davamlılığı birbaşa regional idarəetmənin məsuliyyət sahəsinə daxildir.

İctimaiyyətin gözləntisi sadədir:


1.Bu məsələlərə rəsmi münasibət bildirilsin.

2.İddialar yoxlanılsın.

3.Əgər pozuntu varsa, tədbir görülsün.

4.Əks halda, şəffaflıq təmin edilərək şübhələr aradan qaldırılsın


Bəli, mədəniyyət sahəsi təkcə sənət deyil, həm də etibar məsələsidir. Musiqi məktəbləri gələcəyin sənətkarlarını yetişdirən ocaqlardır. Bu ocaqların taleyi isə şübhəli idarəçilik kölgəsində qalmamalıdır.

Əgər suallar çoxalıbsa, deməli cavab verməyin vaxtıdır.


Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Ardı var.

BİA.az
скачать dle 12.1